Cümə axşamı , Noyabr 21 2024
azfa

Fəzlullah Rəşidəddin və onun Elxanilər zamanı təhsilin inkişafında rolu

GADTB: Elxanilər dövründə elmin yüksək səviyyədə inkişaf etməsi onu sübut edir ki, bu dövrdə təhsilə çox böyük önəm verilmiş, təhsil müəssisələri yüksək səviyyədə inkişaf etmişdir. Heç şübhəsiz ki, istər elmin, istərsə də təhsilin inkişafında həm elm xadimlərinin rolu olmuşdur, həm də Elxani rəhbərləri təhsil və elmin inkişafına yönəlik bir sıra fərman və sərəncamlar vermişlər. Böyük elm xadimi, təbib, müxtəlif məzmunlu elmi əsərlərin müəllifi olan Fəzlullah Rəşidəddin Həmədanı eyni zamanda Elxanilər dövründə yüksək vəzifəli dövlət xadimi idi. Bu iki xüsusiyyəti ona imkan verirdi ki, o, həm təhsilin inkişafı yönündə əhəmiyyətli tədbirlər həyata keçirsin, həmçinin, elmi inkişaf etdirsin.

Rəşidəddin Fəzlullah Həmədan şəhərində həkim ailəsində anadan olmuşdur. Ona görə də ona Rəşidəddin Həmədani də deyə müraciət edirlər və o peşə baxımdan tibb elmini seçmişdir. Onun doğum tarixi haqqında müxtəlif fikirlər mövcuddur, lakin, dünyaca məşhur “Camüt-təvarix” əsərini bitirdiyi zaman alimin 60 yaşının olduğunu təxmin edərək onun 1247/48-ci ildə anadan olduğu qənaətinə gəlmək olar. F. Rəşidəddin əczaçı kimi fəaliyyət göstərən yəhudi əsilli İmadədövlə Əbülxeyr Həmədaninin oğlu idi. Onun yəhudi əsilli olduğunu vurğulayan B. Levis onu da qeyd edir ki, “Camü üt-təvarix” əsərində əks olunan miniatürlərdə yəhudi dininin elementləri mövcuddur. Unutmaq olmaz ki, istər İslam dini olsun, istərsə də Yəhudilik və ya Xristianlıq, onlarda dini motiv eynidir, çünki, hər üç dinin kökü və düşüncəsi eynidir. Fikrimizcə F. Rəşidəddinin ailəsi əslən Yəhudi olsa da, əsrlər öncə İslamı qəbul etmişdilər. Yəhudi və ya müsəlman olmasından asılı olmayaraq F. Rəşidəddin tarixi Azərbaycan şəhəri olan Həmədanda anadan olmuş və daha bir Azərbaycan şəhərində – Təbriz kimi böyük mədəniyyət mərkəzində fəaliyyət göstərmişdi. C. Boyl da bu böyük alimin Təbriz başda olmaqla Azərbaycanın bir çox yerlərində mülklərinin olduğunu yazır.

Əvvəllər İsmayillilərin himayəsində olan F. Rəşidəddinin ailəsi Elxanilərin Bağdad şəhərini tutub Abbasilər xilafətinə son qoyması ilə onların himayəsinə keçdilər. B. Hofman İbn əl-Fuvatiyə istinadən bildirir ki, İmadədövlə Əbülxeyr Həmədaninin ailəsinin Marağa şəhərinə köçməsi və onun Elxani idarəsində yüksək vəzifə tutmasında böyük alim Nəsirəddin Tusinin əhəmiyyətli rolu olmuşdur. [Keyxatu xanın zamanında (h. 690-694 (m. 1291-1295)) da saray həkimi kimi işləyən F. Rəşidəddin Qazan xanın (h. 694-703 (m. 1295-1304)) hakimiyyəti illərində Sədrəddin Zəncaninin öldürülməsi ilə h. 697-ci ildə (m. 1298) baş vəzir vəzifəsinə təyin olundu. Daha sonra öz fəaliyyətini Sultan Olcaytu xanın zamanında da (h. 703-716 (m. 1304-1316)) davam etdirdi. F. Rəşidəddinin digər bir vəzir olan Tacəddin Əlişah ilə arasında kəskin rəqabət var idi. Tacəddin Əlişah ölkənin vəzirlik səviyyəsində idarəsinin iki yerə bölünməsini, şimal – qərb və Anadolunun özü tərəfindən, cənub – şərqin və Azərbaycanın isə F. Rəşidəddin tərəfindən idarə olunmasını istəyirdi, lakin, F. Rəşidəddin bu istəklə razılaşmırdı. Sultan Olcaytu da F. Rəşidəddinin fikirlərinə daim önəm verirdi. C. Boyl bildirir ki, onlar arasında ziddiyyət o dərəcəyə çatmışdı ki, Tacəddin Əlişah F. Rəşidəddinin guya yəhudi himayəsində olan bir moğol əmirinə ibrani dilində yazdığı məktub yalanını ortaya atmış, Sultan Olcaytu isə bu yalana inanmamışdı. Daha sonra hakimiyyətə gələn Əbu Səidə Tacəddin Əlişah tərəfindən təsir etmək daha asan oldu və Sultan Olcaytunun zəhərlənməsində təqsirli bilinən Fəzlullah Rəşidəddin oğlu İbrahim ilə birlikdə h.718-ci ildə (m. 1318) edam etdirildi.

Fəzlullah Rəşidəddinin təhsilin inkişafındakı xidmətlərini iki istiqamətə ayırmaq mümkündür.

  1. Alimin təsis etdiyi mədrəsələrin təhsilin inkişafında rolu.
  2. Onun əsərlərindən dərslik kimi istifadə olunması və o dövr üçün bunun əhəmiyyəti.
  3. Rəşidəddin həm Təbrizdə, həm də Sultaniyyədə komplekslər inşa etdirmişdir. Heç şübhəsiz ki, bu komplekslərin içərisində xeyli sayda mədrəsələr də inşa olunmuşdur ki, bu da təhsilin inkişafına müsbət təsir göstərmişdi. Bu cür komplekslərdən ən məşhuru və ən böyüyü Təbrizdə yerləşən “Rəb-e Rəşidi” kompleksi idi. Unutmaq olmaz ki, təhsil müəssisəsi kimi də fəaliyyət göstərən Azərbaycanın ən böyük təhsil mərkəzi “Rəb-e Rəşidi” kompleksində müxtəlif mədrəsələr, tibb mərkəzləri, kitabxanalar yerləşirdi. Təbrizin kənarında Mehran çayının şimal sahilində salınan “Rəb-e Rəşidi” kompleksi Elxanilər dövlətinin müxtəlif ərazilərindən toplanan və vəqf torpaqları hesabına əldə olunana gəlirlər əsasında inşa edilmişdi. Hafiz-e Əbru özünün “Zeyl-e Camüt-təvarix” adlı əsərində bu kompleksin əvvəllər fəaliyyət göstərmiş bir necə köhnə mədrəsə ətrafında salındığını yazır. O bildirirdi ki, burada mindən artıq ev vardır. O həmçinin qeyd edir ki, bu kompleksdə iki minarəli böyük bir bina, onunla birlikdə darüş-şəfa, mədrəsə, xanəgah və s. mövcud idi. Bu kompleks həm Fəzlullah Rəşidəddinin öz gəlirlərinin əsasında formalaşan vəqf əmlakı, eləcə də, Sultan Olcaytu xanın gəlirləri əsasında formalaşan vəqf əmlaki əsasında inşa edilmişdi. ”Vəqfname-ye Rəb-e Rəşidi” əsəri məlumat verir ki, bu kompleksin illik məsrəfi 23705 dinar olmuşdur. Bu da kompleksin nəhəngliyini göz önünə qoymaqdadır.

Fəzlullah Rəşidəddinin məktublarından məlum olur ki, Başda Təbriz olmaqla, Elxanilər dövlətinin müxtəlif yerlərində o dövrdə əsas təhsil müəssisələri olan mədrəsələr, darüş-şəfalar, xanəgahlar təsis olunmuşdur [13]. Burada yerləşən 13 hücrədən və ona bağlı yardımçı hücrələrdən ibarət olan mədrəsələr kompleksi Azərbaycanın ilk universiteti hesab olunur və “Rəb-e Rəşidi” mədrəsəsi adı ilə tanınmışdır. Mədrəsədən daha çox təhsil mərkəzi olan və kompleksin özəyini təşkil edən “Rəb-e Rəşidi”də bütün formalı təhsil formaları mövcud idi. Burada müxtəlif məzmunlu təhsil müxtəlif binalarda gerçəkləşdirilirdi və bunlar ya bir birinə çox yaxın idi, ya da bir birinə müəyyən bir vasitə ilə birləşdirilirdi. Bu binalar arasında bəzən keçidi təmin edən dəhlizlər olurdu. Bu imkan verirdi ki, sabah erkəndən başlayan təhsil prosesi gecənin gec saatlarına qədər davam edə bilsin. Kompleksdə 7000-dən artıq tələbə təhsil alırdı ki, bunların sadəcə 1000 nəfəri yerli tələbələr idi, digər 6000-i isə Əndəlüsdən Hindistana qədər İslam dünyasının müxtəlif yerlərindən təhsil almaq üçün bura üz tutan tələbələr idi.

XIII – XV əsrlərdə əsas təhsil mərkəzi mədrəsələr olsa da darüş-şəfalar, xanəgahlar, rəsədxanalar və s. təhsil ocaqları kimi fəaliyyət göstərirdilər. “Rəb-e Rəşidi” məhəlləsinə daxil olan darüş-şəfalar ölkənin ən böyük xəstəxanaları idi və burada Yunanıstan və Krit, eləcə də Misir və Hindistan olmaqla müxtəlif ölkələrdən gəlmiş 70-dən artıq həkim fəaliyyət göstərirdi. Hər bir xəstəxananın özünün zəngin kitabxanası da var idi. Məşhur tarixçi T. Alisenin “Avrasiyada Moğol istilası və mədəniyyəti” adlı kitabında verdiyi məlumata əsasən belə qənaətə gəlmək olar ki, Elxani vəziri Fəzlullah Rəşidəddin sadəcə mərkəzi şəhərlərdə deyil, vilayətlərdə də xəstəxanaların – darüş-şəfaların açılması üçün xüsusi fərmanlar imzalamışdı. O, həmçinin qeyd edir ki, Avrasiyanın ən böyük xəstəxana və tibb məktəblərindən biri olan darüş-şəfada tibb fakültəsi də fəaliyyət göstərirdi. Burada ənənəvi İslam təbabəti ilə yanaşı, Çin və Tibet təbabətinin sirləri də tələbələrə öyrədilirdi. Xəstəxanalarda fəaliyyət göstərən həkimlər ən yüksək maaş (330 dinar) alırdılar. Ş. Bleyerin fikrinə görə, həkimlərin digər işçilərə nəzərən yüksək maaş alması F. Rəşidəddinin həkim olması ilə əlaqədar idi. O, “Elxani memarlığı və cəmiyyəti: Rəb-e Rəşidi ianə aktlarının təhlili” adlı məqaləsində məlumat verir ki, kəhhal (كهال) adlanan cərrah – oftalmoloqlar 100 dinar, mütəəllim (متعلم) adlanan və praktika keçən həkimlər isə beş illik tədris müddətində 30 dinar təqaüd alırdılar .

Böyük alimin təhsil sahəsində həyata keçirdiyi ikinci istiqamət onun yazmış olduğu əsərlərlə bağlıdır. Onun əsərləri əsrlər keçsə də mədrəsələrdə dərs vəsaiti kimi istifadə olunmaqda davam etmişdir. Belə əsrlərdən sadəcə üçü haqqında məlumat vermək mümkündür.

Fəzlullah Rəşidəddinin “Tansuxname–ye Elxani” adlı əsəri təbabətə dair ilk nəzəri və praktiki əsər idi ki, əksər hallarda tələbələr tibb elmini daha da dərindən və əyani şəkildə öyrənmək üçün bu kitabdan istifadə edirdilər. Bu əsərin digər təbabət kitablardan üstün olmasının daha bir səbəbi var idi. İslam dinin qaydalarına görə insan vücudunun çəkilməsi günah sayılırdı. Lakin, bu kitabda insan anatomiyası təfərrüatı ilə təsvir olunurdu. Xatırlatmaq lazımdır ki, Nəsirəddin Tusinin də eyni adlı əsəri mövcuddur ki, bunları qarışdırmaq olmaz. Əsərlərdən birincisi tibbə aid olduğu halda ikincisi mineralogiyaya aiddir. F. Rəşidəddinin “Tənsuxname–ye Elxani” əsərinin 1313-cü ildə Məhəmməd ibn Mahmud əl Kirmani tərəfindən üzü köçürülən nüsxəsi Türkiyənin Aya Sofiya muzeyində saxlanılır.

Müəllifin dərs vəsaiti sayıla biləcək digər bir əsəri isə “Camüt-təvarix” əsəridir. V. Bartoldun “geniş tarix ensiklopediyasi” adlandırdığı və ilk dünya tarixi hesab olunan “Camü üt-təvarix” əsəri üç kitabdan ibarət olmuşdur. “Tarix-e Mübarək-e Qazan” adlanan əsərinin ilk cildi Türk və Moğol tayfaları və onların tarixi, təsnifatı, Çingiz xanın tarixi və nəhayət Qazan xanın ölümünə qədərki Elxanilər tarixi əks olunmuşdur. Əsərin bu hissəsinin bənzərsizliyini və bir çox məsələlərin mükəmməl təsvirini görən Qazan xan “Camüt-təvarix” əsərinin birinci cildinin öz adı ilə bağlı olmasını istəmişdir. Bunun digər bir səbəbi isə o dövrə qədər moğolların və elxanilərin tarixini bütövlükdə əhatə edən konkret bir tarixi əsərin olmaması idi. Moğollar üçün önəm kəsb edən və daim gizli saxlanılan “Altun dəftər”dən Əta Məlik Cuveynidən sonra ikinci istifadə edən şəxs Fəzlullah Rəşidəddin idi. O, bu əsəri yazmaq üçün əlinin altında olan zəngin əmr və sərəncamlardan ibarət olan dövlət arxivindən, bəzi Çin sənədlərindən və öncəki tarixçilərin salnamələrindən istifadə etmişdi. Fəzlullah Rəşidəddinin ümumi redaktorluğu ilə yazılmış “Camüt-təvarix” əsərinin ilk cildi fars dilində təshih olunmuş formada və iki cüz halında Behman Kəriminin redaktorluğu ilə nəşr edilmişdir. İlk cildin birinci cüzü moğol və türk tayfalarının tarixi, Çingiz xanın və onun sələflərinin zamanında moğol işğallarına həsr olunmuşdur. Əsərin birinci cildinin ikinci cüzünü bütövlükdə Elxanilər tarixi hesab etmək olar. Bu hissə Hülakü xanın hakimiyyətindən başlamış Qazan xanın hakimiyyətinin sonuna qədər mövcud olan tarixi hadisələr haqındadır. Seyidağa Onullahi əsərin ilk cildinin müəllifinin F. Rəşidəddin olduğu ehtimalını irəli sürməkdədir. Əsərin ikinci cildi bütövlükdə dünya tarixinə həsr olunmuşdur. İkinci cild iki Babdan ibarətdir. İlk bab Sultan Olcaytu haqqında qıssa məlumatları özündə əks etdirir. İkinci bab isə özü də iki hissəyə ayrılır. İkinci babın birinci hissəsi İslam Xəlifələrinin tarixinə və dünya xalqlarının xüsusiyyətlərinin təsvirinə həsr olunmuşdur. İkinci babın ikinci hissəsi Hindistan, Kəşmir, İsmayillilər, Xarəzmşahlar Avropa (Firəng), Çin tarixlərinin əksinə həsr olunmuşdur. “Camüt-təvarix” əsərinin üçüncü cildi coğrafiyaya həsr olunmuşdur. Lakin, bu cildin ya heç bir nüsxəsi dövrümüzə qədər gəlib çatmamışdır. Ya da F. Rəşidəddinin bu cildi yazmağa ömrü yetməmişdir. İkinci variant daha real görsənməkdədir. Əsərin ilk dünya tarixi olması və İslam dünyasında ilk dəfə olaraq Avropa tarixini də əks etdirməsi onu dərslik səviyyəsinə qaldırır. Hafiz-e Əbru öz əsərinin qaynaqlarından danışarkən iki təməl əsərin adını çəkir. Bunlardan biri “Tarix-e Təbəri”, digəri isə “Camüt-təvarix” əsəridir. “Camüt-təvarix”in Avropa tarixindən bəhs edən hissəsi “Tarix-e Firəng” adlanır. Əsərin ilk hissəsi Hz Adəmdən Hz İsanın zamanına qədər tarixi əks elətdirir. İkinci hissə isə Hz İsanın zamanından hicri 705-ci ilə qədərki hadisələr haqqında məlumat verir.

Fəzlullah Rəşidəddinin dərslik kimi istifadə olunacaq üçüncü əsəri isə “Bəyanül-həqayiq” əsəridir. Əsərin farsca və ərəbcə iki nüsxəsi mövcuddur. Əsər 20 risalədən ibarətdir. Bu əsəri də ona görə dərslik səviyyəsində təqdim edirik ki, burada dini mövzulardan fəlsəfəyə, tibb elmindən optikaya bir çox sahəyə dair risalələr toplanmışdır. Bir ensiklopedik xüsusiyyətlərə malik olan bu ərsələrdə mövzular fərqli başlıqlar altına toplanılıb ki bu başlıqlar ayrılıqda təzkirə adlanır. Bu risalələrin 18, 18, və 20-cisi Rəb-e Rəşidi vəqfi haqqındadır və bir o qədər də elmi əhəmiyyət daşımır.

Heç şübhəsiz ki, bu böyük alim haqqında və onun əsərləri. Eləcə də təhsil sahəsindəki saysız-hesabsız uğurları haqqında cildlərcə kitablar yazmaq mümkündür. Lakin, qısaca onu demək mümkündür ki, Fəzlullah Rəşidəddin Həmədanının sadəcə Azərbaycan təhsilində və elmində deyil bütün İslam dünyasının təhsil və elmində rolu və təsiri böyük olmuşdur.

Ədəbiyyat:

  1. Абру Х. Зайл-и джами ат-таварих-и Рашиди Критический текст, перевод с персидского, введение, комментарий и указатели: Э.Р. Талышханова. Баку: «Нафта Пресс», 2007, 322 с
  2. Alisen T. Thomas. Conquest and culture in Mongol Eurasia. Cambridge: Cambridge University Press, 2001, 246 p.
  3. Blair S. S. Ilkhanid architecture and society: an analysis of the endowment deed of the Rabʿ-i Rashīdī // The journal of Persian Studies, 1984, v.22, p. 67-90
  4. Blair S. S. Writing and illustrating history: Rashīd al-Dīn’s Jāmiʿ al-tavārīkh // Theoretical approaches to the transmission and edition of Oriental manuscripts. Proceedings of a symposium held in Istanbul, March 28-30, 2001, p. 57-65
  5. Boyle J. A. Rashīd al-Dīn: The first world historian // British Institute of Persian Studies, 1979, v.9, p. 19-26
  6. Browne E. G. A literary history of Persia, 4-vols. vol. 3. The Tartar domination. Cambridge: Cambridge University Press, 1928, 586 p.
  7. Hoffmann B. Waqf im mongolischen Iran: Rasiduddins Sorge um Nachruhm und Seelenheil (Freibrger Islamstudien). Stuttgart: Franz Steiner Verlag, 2000, 416 p.
  8. Lewis B. The Jews of Islam. Princeton: Princeton University Press, 1984, 245 p.
  9. Onullahi S. M., Həsənov A. Q. Rəb-e Rəşidi və onun tarixi əhəmiyyəti // Azərbaycan Dövlət Universiteti. Elmi əsərlər. Şərqşünaslıq seriyası, 1971, c.1, s. 55-61
  10. Rashiduddin Fazlullah`s Jami ut-Tawarikh. Compendium of Chronicles. The history of Mongols / English translation and annotation by W. M. Thackston. Harvard: Harvard University Department of New Eastern Languages and Civilizations, Part One – 1998, p.1-240, Part Two – 1999, p.241-514, Part Three – 1999, p.515-819
  11. Rəşidəddin Fəzlullah Həmədani. Camüt-təvarix. Tarix-e Moğul. Təshih: Behman Kərimi. Tehran: Enteşarat-e Eğbal, 1367. Coz-e əvvəl. səh. 1-679. Coz-e devvom. Səh. 680-1113
  12. Reşiduddin Fezlullah el-Hemedani. Beyanul-Hekaik. Hazırlayan: Prof. Dr. Judith Pfeiffer. İstanbul: Mega basın Metbaacılık, 2016, 760 s.
  13. Рашид ад-Дин Ф. Переписка / Перевод с персидского, введение, комментарий и указатели: А. И. Фалиной. Москва: Наука, 1971, 498 c.
  14. Spuler B. İran Moğolları / Türkçeye çeviren: Cemal Köprülü. Ankara: Türk Tarih kurumu Basımevi, 2011, 572 s.
  15. Tarix-e Fərəng. Əz Camüt-təvarix. Talef: Xacə Fəzlullah Rəşidəddin Həmədani. Be quşeş-e Məhəmməd Dəbirsiyani. Tehran, 1339, 97 s.
  16. Tarix-e Ğəznəviyyan o Samaniyan o Al Buya. Əz Camüt-təvarix. Talef: Xacə Fəzlullah Rəşidəddin Həmədani. Be quşeş-e Məhəmməd Dəbirsiyani. Tehran, 1337, 205 s.
  17. Vəqfname-ye Rəbb-e Rəşidi. Əsər-e Fəzlullah Rəşidəddin Həmədani. Be quşeş-e İbrahim Əfşar. Tehran: Çapxane-ye Zər, 2536, 352 s.

Bayram Quliyev

BDU-nun müəllimi ,tarixçi

 

Həmçinin yoxlayın

Urmiyada voleybol komandasının yarışında milli şüarlar; Qərbi Azərbaycanayerli vali tələb etdilər- video

GADTB: Urmiya şəhərindəki “Durnalar Yuvası” idman arenasında bələdiyyə volleybol klubunun Tehranın Peykan klubu ilə oyununun …

Qaşqay türkləri milli geyimlərin başqa etnosun adına qeydiyyata alınmasına etiraz etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri milli geyimlərin irqçi fars-molla rejimi tərəfindən …

Bir cavab yazın