
GADTB: İttihama görə, İran vətəndaşları 2020-ci ildə təhsil almaq adı ilə Naxçıvana gəliblər. Onlar 2019-cu ildə İranın xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb ediliblər.
Onlar Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi vəziyyət, dövlət və digər qurumların İran İslam Respublikası vətəndaşlarına olan münasibəti, dövlət sirri hesab edilən Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikasında xidmət edən əməkdaşları haqqında, həmçinin onların ailə üzvləri, Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələr barədə mümkün kəşfiyyat məlumatlarının toplanması tapşırıqları alıblar.
Plana əsasən onlar Naxçıvanda yerləşən müxtəlif hüquq-mühafizə və strateji əhəmiyyətli dövlət orqanlarının inzibati binalarının və hərbi texnikanın fotoşəkillərini çəkməli, Naxçıvanda təhsil alan iranlı tələbələr barədə məlumatlar toplamalı, həmçinin universitetdə təhsil alan vəzifəli şəxslərin övladları barədə bilgilər əldə etməli imişlər. Bundan başqa, Naxçıvanda tələbələrin Təbrizdə təhsil almağa meyilləndirmək kimi öhdəlikləri də olub.
Dövlət Təhlükəsizliyi Xidməti onların planını ifşa edib. Həmin şəxslər tələbə yataqxanasında qalırlarmış. Onların otağına baxış keçirilən zaman maddi sübutlar aşkar edilib.
Müəyyən edilib ki, iranlı tələbələr əsasən Culfa sərhədindən İrana keçərək orada xüsusi xidmət orqanlarının əməkdaşlarına məlumatlar verirmişlər.
Həmçinin müəyyən edilib ki, onlar başqa bir plana uyğun olaraq Naxçıvan Dövlət Universitetinin ümumi işlər üzrə prorektoru Xəyal Camalovu “Şərq süfrəsi” restoranında yemək yeyərkən zəhərləməli imişlər. / Azad İran