Şənbə , Aprel 27 2024
azfa

İlhami Cəfərsoy: Etrusk dili

GADTB: Etrusk dilinə və yazılarına gəlincə, bu yazılar latın qrafikasına uyğun yazıl­dığından dünyanın müxtəlif dil ailələrinə məxsus olan bir çox dillərində, ən çox da Hind-Avropa dillərində, eyni müvəffəqiyyətlə oxunur.

Mənbələrdə bu xalqın 10 minə qədər kitabəsi olduğu, əlifbalarının oxun­ma­sın­da heç bir çətinliyə təsadüf edilmədiyi və bu əlifbanın qədim yunan yazısına çox oxşar olduğu qeyd olunmuşdur.

Etrusk dilinin hansı dil ailəsinə daxil olduğu haqqında da vahid bir fikir yoxdur. Bu problemlə dünyanın çoxlu görkəmli alimləri məşğul olmuşdur.

Bu dilin qədim Xett-luviy, bəziləri Hind-Avropa dillərinə yaxın olduğunu söyləyirlər. Bir çoxları isə etrusk dilinin Hind-Avropa dillərinə heç bir yaxınlığının olmadığını əsaslandırmış və bu dilin məlum olan heç bir dilə bənzəmədiyini qeyd etmişlər. İndiyə kimi 500-ə qədər sözün mənasını aydınlaşdırmaq mümkün olmuşdur.

Avropa tədqiqatçıları Toskanadan tapılan etrusk kitabələrinin dilini latın dilinin leksikası əsasında oxumağa çalışırdılar. Onlara cavab olaraq F.Sössür bildirdi ki, etruskların dilinin latın dili olmadığını anlamaq üçün həmin yazılardan dördcə sətir oxumaq lazımdır. (Соссюр – 1977, 260).

Semitoloqlar etrusk kitabələrini sami dillərinin köməyi ilə oxumağa çalışmışlar. Bu proses həm XIX, həm də XX əsrlər boyu davam etmişdir. Nəticə olaraq, G.L.Alont etrusk mətnlərində 20-30 sami mənşəli söz tapmışdır (Alont 2003, 18-49). Ancaq elm aləmində etruskların və samilərin dilinin qohum olması haqqında rəy yaranmamışdır. Etruskların əcdadları Kiçik Asiyada yaşayarkən semitlərlə təmasda olmuş, onların dillərindən müəyyən sözlər almışlar.

Macar alimlərinin fikrincə, tipoloji baxımdan etruskların dili qatışıq bir dil olmuşdur. Etrusk kitabələrində həm türk, həm də sami və ari mənşəli sözlər vardır (Alineyi 2003. 14-62).

N.Y.Marr yazır: Yafəs dillərinin çoxunda və türk dillərinin hamısında yerə yir, göyə gök, suya su, dəmirə tebir deyilirdi. Akademik Marr türk dillərinə dərindən bələd olsa da, iddia edir ki, həmin sözlər Yafəs dillərinə naməlum 3-cü bir dil qrupundan keçmişdir (Mapp 1920. 32-46).

Əslən karaim türklərindən olan R.İ. Şor 1931-ci ildə SSRİ Elmlər Aka­de­mi­ya­sının “Məruzələr”ində çap etdirdiyi “Yafəs-türk dil qarışmaları haqqında” əsə­rində göstərmişdir ki, semitoloqların Ön Asiyanın ölü dillərində 3-cü etnolinqvistik fak­tor adlandırdıqları naməlum faktor türk faktorudur (Шор 1920. с. 223-244).

Macarıstan, Türkiyə, Tatarıstan və Azərbaycan dilçiləri (M. Alineyi, A. Ayda, P. Kaya, M. Zəkiyev, F. Latıpov, Ç. Qaraşarlı, F. Cəlilov) etrusk kitabələrinin türk leksikasını kifayət qədər öyrənmiş, ancaq Ön Asiyada və Misirdə baş verən etnoloji proseslərə, türk etnoslarının həmin proseslərdə iştirakına lazımınca diqqət yetirməmişlər. Mir Zəkiyev Etrusk federasiyasını müxtəlif dilli xalqların — romanların, keltlərin, yunanların, slavyanların, germanların, baltların, uqro-finlərin və türklərin federasiyası hesab edir. Onun fikrincə, etrusk mətnlərinin oxunuşu zamanı yaranan çətinliklər də bununla bağlıdır. Çünki mətnlər müxtəlif dillərdə yazılmışdır. İllər uzunu müxtəlif alimlər bu mətnləri deşifrə edərkən, onları ayrı-ayrı dillərdə oxumuşlar. Etruskların mifologiyasına və dininə eyniadlı əsər həsr etmiş rus tədqiqatçısı A.E.Naqovitsin də etruskları sirli xalq adlandırır, “Onların dili məlum deyil, yazıları açılmamışdır”. Ona görə də, etruskların dili və etnogenezi belə dar yox, geniş aspektdə öyrənilməlidir. Bunun üçün, ilk növbədə, Urartu mixiyazılı abidələri yenidən tədqiq olunmalıdır. Çünki etrusklar Urartu dövlətinin dağıl­ma­sın­dan sonra bir toplum olaraq meydana çıxmışlar (Марр Н.Я. Из Пиринейской Гурии. Тифлис. 1927, 3-62). Troya müharibəsindən sonra – eradan öncə XII-XI əsrlərdə İtaliyaya köçənlər isə etruskların özü deyil, əcdadları olmuşdur.

Belə hesab edirəm ki, yaxın 5-6 ildə diqqəti son 200 ildə əldə olunan nailiyyətlərin öyrənilməsinə yönəltmək daha məqsədəuyğun olardı. Bizim universitetlərin yetişdirdiyi magistrlərlə belə mürəkkəb problemlərə girişmək mümkün deyil.

Başlanğıc üçün Peterburq və Kiyevin dilçiləri ilə qırılmış əlaqələr bərpa olunmalı, Ön Asiyanın ölü dillərinə aid son tədqiqat əsərləri Bakıya gətirilməlidir. Çünki son 20 ildə AMEA Mərkəzi Elmi Kitabxanasına xarici ölkələrdən jurnallar demək olar ki, daxil olmamışdır.

İlk növbədə Peterburqda akademik B.B.Piotrovskinin və İ.M.Diyakonovun fondunun surətini əldə etmək lazımdır. Həmin fondlarda Rusiya və Avropa alimlərinin qiymətli əsərləri toplanmışdır. Onların elektron variantlarının əldə edilməsi işimizə kömək edərdi.

İ.M.Diyakonovun fondunda Elam, Şumer, Likiya, Urartu, Palay və s. ölü dillərə aid alman, italyan, fransız alimlərinin qiymətli tədqiqat əsərləri vardır. “Elm Fondu”nun maliyyə dəstəyi ilə onları tərcümə etmək, geniş kommentariya ilə nəşr etdirmək lazımdır.

Son 20 ildə Ukrayna EA Əlyazmaları İnstitutunun əməkdaşları ölü dillərin öyrənilməsində xeyli irəliləyişə nail olmuşlar. Onları əldə etmək. «Схидный свет», «Языки древней Передней Азии», «Древние языки Анатолии» və başqa jurnallara abunə yazılmaq işimizdə dönüş yaradardı.

Avropa tədqiqatçılarının oxumağa çalış­dıq­ları etrusk yazılarının mənşəyi zamanəmizədək qaranlıq olaraq qalmışdır. Bunun səbəbi etrusk mətnlərinin dilinə açar ola biləcək qohum türk dillərinin sis­temli şəkildə müqayisəyə cəlb edilməməsi idi. Qərb dilçiləri yalnız bu dilin leksikasında və morfologiyasında cüzi yer tutan Qafqaz dillərinə və Kiçik Asiyanın hat, hurri və digər dillərinə xas olan elementlərə müəyyən aydınlıq gətirə bilmişlər. Müasir dövrdə etrusk dilinin tədqiqatçılarından biri də tanınmış alim V.V.İva­nov olmuşdur. Onun əsərlərində etrusk dili ilə qədim şərq dillərində, qədim Qaf­qaz dil­lə­rində olan qrammatik oxşarlıqlar araşdırılmışdır.

Etruskların dili haqqında ən yaxşı tədqiqat əsərlərini Türkiyə alimi Adilə Ayda yazmışdır. O ömrünün 50 ilini bu işə sərf etmiş və belə nəticəyə gəlmişdir ki, etruskların dili türk dilidir. Ancaq sonradan latın dilinin güclü asmilyasiyasına məruz qalmışdır.

Fikrimizcə, etruskların dili haqqında türk, macar və tatar alimlərinin fikirləri daha gerçəkliyə uyğundur. Ancaq İtaliyada yurd salmış bütün türk etnoslarını etrusk hesab etmək doğru deyil. Etrusklardan başqa Siciliya və Apenin yarmadalarında Egey, Er, İmir, Durna, Diri, Alban, Donay və b.onlarla türk etnos­ları yaşamış sonradan hind-ari mənşəli xalqlar arasında assimilyasiya olunmuşlar.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …