
GADTB: İranın İsrailə raket hücumlarına cavab olaraq İsrail ordusunun Cənubi Azərbaycan və İranın müxtəlif bölgələrində bir sıra hədəflərə zərbələr endirdiyi bildirilir.
Yayılan məlumatlara görə, Tehranın Mehrabad hava limanı, hava hücumundan müdafiə sistemləri və raket bazaları da daxil olmaqla, ümumilikdə 20-yə yaxın hərbi obyekt İsrailin hədəfinə çevrilib. Bildirilir ki, bütün raketlər İranın hava məkanından kənardan buraxılıb.
ABŞ rəsmilərindən biri İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatların miqyasının nisbətən məhdud olduğunu bildirib. Məlumatlara əsasən, həm İranın əvvəlki gecə İsrailə etdiyi hücumda, həm də İsrailin səhər saatlarında İrana endirdiyi zərbələrdə tərəflər qarşı tərəfin genişmiqyaslı cavab verməsinin qarşısını almaq üçün əməliyyatların əhatə dairəsini məhdud saxlamağa çalışıblar.
Məlumatlarda qeyd olunur ki, son hücumlarda Xuzistan, Kərəc, Tehran, İsfahan və Kirmanşah bölgələrində müxtəlif hədəflər vurulub. İsrail tərəfi 20 hərbi obyekti hədəfə aldığını açıqlayıb və ordunun yaydığı bəyanatda əməliyyatın başa çatdığı bildirilib.
İran dövlət televiziyasına danışan məlumatlı hərbi mənbə isə İran qüvvələrinin Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasına heç bir raket atmadığını bildirib.
Gecə saatlarında həyata keçirilən hücumlarda indiyədək təsdiqləndiyi bildirilən hədəflər arasında Tehran Mehrabad hava limanı, Nəcəfabadda pilotsuz uçuş aparatlarının yığım anbarı, İslamabad-Qərbdə SEPAH-a aid olduğu iddia edilən obyektlər, Təbrizdə ballistik raket bazası və Xarq adasındakı raket mövqeləri göstərilir.
Məlumatlara görə, bazar ertəsi səhər saat 04:45 radələrində Tehranın qərbində şəhər hüdudlarından kənarda iki partlayış səsi eşidilib. Saat 04:47-də Nəcəfabad ətrafında, 04:54-də isə Təbriz raket bazası, Abdanan hava hücumundan müdafiə mövqeləri, Tehran ətrafı, Şəhriyar, Fərdis, Kərəc və İslamşəhr istiqamətlərində bir neçə partlayışın baş verdiyi bildirilib.
İsrail ordusunun rəsmi bəyanatında deyilir: “İsrail Hərbi Hava Qüvvələri az əvvəl İran rejiminə məxsus qərb və mərkəzi bölgələrdə yerləşən hərbi hədəflərə zərbələr endirib.”
Digər məlumatlara əsasən, bazar ertəsi səhər saat 07:30 radələrində İran İnqilab Keşikçiləri Korpusu Fars, Kirmanşah, İsfahan və Urmiya bölgələrində yerləşən raket bazalarından raket buraxılışlarını davam etdirib.
Həmçinin Xuzistanın Mahşəhr şəhərində yerləşən Marun neft-kimya kompleksində güclü partlayış baş verdiyi barədə xəbərlər yayılıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi