
GADTB: Tanınmış azərbaycanlı milli fəalar Abbas Ləsəni, Əli Xeyircu, Yusif Kari və Bəhzad Dəşti uydurma ittihamlarla ümumilikdə 40 il müddətinə azadlıqdan məhrum ediliblər.
14046890006189299 nömrəli məhkəmə işinə Tehran İslam İnqilab Məhkəməsinin 28-ci şöbəsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxslərə qarşı ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qrup yaratmaq və ona rəhbərlik etmək, belə bir qrupa üzv olmaq, ölkənin təhlükəsizliyi əleyhinə cinayət törətmək üçün əlbir olmaq və ictimai asayişi pozmaq kimi ittihamlar irəli sürüb.
Məhkəmə qərarında iddia olunur ki, Abbas Ləsəni xaricdə yaşayan bəzi fəallarla, o cümlədən Əhməd Obalı ilə birlikdə üzvlərin cəlb edilməsi, fəaliyyətlərin təşkili, çağırışların yayılması, aksiyaların koordinasiyası, sosial media fəaliyyəti və xarici media ilə əlaqələrin qurulması məqsədilə qrup yaradıb və ona rəhbərlik edib. Hökmə əsasən, məhkəmə bu fəaliyyətləri ölkənin təhlükəsizliyinə qarşı təşkilatlanmış fəaliyyət kimi qiymətləndirərək təhlükəsizlik qurumlarının hesabatlarına, iş materiallarına, əvvəlki məhkumluqlara, istintaq ifadələrinə və digər sübutlara istinad edib.
Qərarda həmçinin bəzi təqsirləndirilən şəxslərin əvvəlki məhkəmə işlərinə də istinad edilir. Abbas Ləsəni barədə əvvəlki illərdəki vətəndaş fəaliyyəti, etiraz aksiyaları, bəyanatların yayılması, ayrı-seçkiliyə etiraz, türk dilində təhsilə dəstək, küçə etirazları və xarici media ilə əlaqələr qeyd olunur. Yusif Kari barəsində isə 2019-cu ildən etibarən etirazlar, təbliğat fəaliyyəti, separatçı qruplara üzvlük, toplantılarda iştirak və digər fəaliyyətlərlə bağlı əvvəlki məhkumluqlar göstərilib. Əli Xeyircu və Bəhzad Dəşti haqqında da təhlükəsizlik qurumlarının hesabatlarına və iş materiallarına əsaslanaraq ittihamlar irəli sürülüb.
Hökmə əsasən:
Abbas Ləsəni – ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qrup yaratmaq və rəhbərlik etmək ittihamı ilə 10 il, ölkənin təhlükəsizliyi əleyhinə əlbir olmaq ittihamı ilə 5 il həbs cəzasına məhkum edilib. Cəzaların toplanması qaydasına əsasən, 10 il həbs icra olunacaq.
Əli Xeyircu, Yusif Kari və Bəhzad Dəşti – hər biri ölkənin təhlükəsizliyi əleyhinə əlbir olmaq ittihamı ilə 5 il, təhlükəsizliyi pozmaq məqsədilə yaradılmış qrupa üzv olmaq ittihamı ilə 5 il həbs cəzası alıb. Cəzaların toplanması qaydasına əsasən, hər biri üçün 5 il həbs icra ediləcək.
Beləliklə, bu iş üzrə çıxarılan hökmlərin ümumi həcmi 40 il azadlıqdan məhrumetmə cəzasıdır.
Məhkəmə sənədinə görə, Abbas Ləsəni və Yusif Kari məhkəmə iclasında iştirak etməyiblər. Məhkəmə onların qanuni qaydada məlumatlandırıldığını, Abbas Ləsəninin isə elektron məhkəmə sistemi vasitəsilə yazılı müdafiə təqdim etdiyini bildirib. Əli Xeyircu və Bəhzad Dəşti də qanuni bildiriş almalarına baxmayaraq iclasa qatılmayıblar.
Qərara əsasən, Abbas Ləsəni və Yusif Kari barədə hökm qiyabi, Əli Xeyircu və Bəhzad Dəşti barədə isə üzbəüz (iştirakla) çıxarılıb. Məhkumların hökmün onlara təqdim edildiyi tarixdən etibarən 20 gün müddətində Tehran vilayətinin Apellyasiya Məhkəməsinə şikayət vermək hüququ var.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi