
GADTB: İrqçi fars-molla rejimin Tehranın Evin zindanında 16 aydan bəri qanunsuz həbsdə saxladığı azərbaycanlı milli fəal Murtəza Pərvinin sağlıq durumu pisləşib.
Murtəza Pərvinin fəqərə yırtığı xəstəliyinin kəskinləşməsi onda oynaq və əzələ ağrıları da daxil olmaqla digər narahatlıqlara da səbəb olub.
Milli fəal ixtisaslı həkimin müalicəsinə ehtiyacı olduğu halda buna heç bir şərait yaradılmır.
Evin zindanında məhbus olan bu sənətçinin yaxınlarının verdiyi məlumata görə, Murteza Pərvinin bel ağrısını aradan qaldırmaq üçün həbsxana rəhbərliyi və səhiyyə işçiləri tərəfindən hətta “Naproksen” kimi ağrıkəsicilər də az paylanır. Bu, onurğa sütununda ağrıları artırıb, oynaq və əzələ ağrılarını gücləndirib.
Hətta təcridxana rəhbərliyi Kəşfiyyat Nazirliyinin göstərişi ilə Murtəza Pərvinin ailəsi adından mütəxəssis həkimdən reseptlə yazılan dərmanların göndərilməsinin qarşısını alır.
Mürtəza Pərvin isə 2022-cü ilin sentyabr ayında Tehran İslam İnqilabı Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 6 il həbs və sosial sanksiyalara məhkum edilib. O, “daxili/xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il, Tehran İslam İnqilabının 15-ci Bölməsinin hakimi Əbülqasım Salavati tərəfindən verilən “İran İslam Respublikası əleyhinə təbliğat aparmaq” ittihamı ilə isə 1 il azadlıqdan məhrum edilib. O, həmçinin 2 il sosial hüquqlardan, partiya və qruplara üzvlük haqqından məhrum edilib.