Nə üçün Türkiyə hələ də İsrail üçün “yeni İran” deyil?

QADTİB: Maykl Milşteyn, Təl-Əviv Universitetinin Dayan Mərkəzinin baş tədqiqatçısı, Ynet saytında dərc olunan təhlilində yazır ki, Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə Türkiyə İsrail üçün ciddi strateji problemə çevrilsə də, bəzi israilli rəsmilərin iddia etdiyi kimi, onu hələ də “yeni İran” adlandırmaq olmaz. Çünki Ankara nə İsrailin məhv edilməsinə yönəlmiş strategiya yürüdür, nə də birbaşa hərbi qarşıdurma arzulayır.

Milşteyn yazır ki, son aylarda, xüsusilə İranla müharibənin başa çatmasından sonra İsrail rəhbərliyinin bir hissəsi, o cümlədən Benyamin Netanyahu və Naftali Bennet arasında “Türkiyə yeni İrandır” fikri daha da güclənib. Bununla belə, o hesab edir ki, bu qiymətləndirmə həddindən artıq şişirdilmişdir və sərt siyasi ritorika ilə Ankaranın real məqsədləri arasında ciddi fərq mövcuddur.

Təhlildə qeyd olunur ki, Türkiyə hazırda HƏMAS-a dəstək verir, Suriyada nüfuzunu genişləndirib, F-35 döyüş təyyarələrinin alınmasına və yerli KAAN qırıcı təyyarəsinin inkişaf etdirilməsinə çalışır, bölgədə hərbi mövcudluğunu artırıb və Misirlə münasibətlərini yaxşılaşdırıb. Həmçinin Ankara HƏMAS-ın İstanbuldakı ofisinin fəaliyyətini dəstəkləyir və müəllifin fikrincə, həmin ofis İordan çayının qərb sahilində həyata keçirilən əməliyyatların idarə olunmasında rol oynayır. Bundan əlavə, Türkiyə “Mavi Vətən” layihəsi və İsrail–Yunanıstan–Kipr elektrik kabeli layihəsinə qarşı çıxmaqla dənizdəki təsir imkanlarını genişləndirir.

Bununla belə, müəllif vurğulayır ki, Türkiyə hələ də İsraillə diplomatik münasibətlərini qoruyur və İran hakimiyyəti, Hizbullah və HƏMAS-dan fərqli olaraq, İsrailin məhv edilməsinə yönəlmiş strategiya yürütmür. Hesabatda fikirlərinə yer verilən ekspertlərin sözlərinə görə, Ankara Suriyada da İsraillə birbaşa qarşıdurmadan yayınmağa çalışıb və iki tərəf arasında təhlükəsizlik əlaqələri hələ də davam edir.

Təhlildə belə nəticəyə gəlinir ki, İsrail eyni vaxtda İran, Livan, Qəzza, ABŞ ilə münasibətlərdə gərginlik və beynəlxalq təzyiqlər kimi bir sıra problemlərlə üzləşdiyi şəraitdə Türkiyə kimi regional güclə yeni qarşıdurmaya girməməli, fikir ayrılıqlarını diplomatik yollarla idarə etməyə üstünlük verməlidir.

Həmçinin yoxlayın

Tramp: Xameneinin dəfn mərasimində iştirak edən bütün İran rəsmilərini öldürə bilərik, amma bunu etmirik

QADTİB: ABŞ Prezidenti Donald Tramp şənbə günü Axios saytına müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar Əli …

Qondarma “erməni soyqırımı”nın tanınması İsrailinin Azərbaycanla münasibətlərinə zərər vura bilər

QADTİB: Qüds Strategiya və Təhlükəsizlik İnstitutunun sədri, professor Efrayim İnbar bildirib ki, İsrail tərəfindən qondarma …