Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Netanyahu İrana qarşı genişmiqyaslı hücumların bərpası üçün təzyiq göstərir

GADTB: İsrail İranın mülki infrastrukturuna, nüvə obyektlərinə və hökumətə aid hədəflərə bir neçə gün davam edəcək hücuma hazırlaşmışdı. Lakin Donald Trampın etirazı səbəbindən hücum oktyabrın 10-da həyata keçirilməyib. “Faynənşl Tayms” qəzetinin məlumatına görə, Benyamin Netanyahu hücumların bərpası üçün səylərini davam etdirir.

“Faynənşl Tayms” oktyabrın 21-də üç məlumatlı mənbəyə istinadən yazıb ki, İsrail ordusu 2026-cı ilin martında ABŞ və İsrailin İslam Respublikasına qarşı birgə həyata keçirdiyi hücumlardan daha güclü olması nəzərdə tutulan əməliyyata hazırlaşırmış.

Əməliyyatın oktyabrın 10-u, şənbə günü keçirilməsi planlaşdırılıbmış. Lakin mənbələrin sözlərinə görə, ABŞ prezidentinin noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən əvvəl müharibənin yenidən başlanmasına qarşı çıxması hücumun qarşısını alıb.

Yeni hesabat Netanyahu ilə Tramp arasında hərbi əməliyyatların bərpası ehtimalı ilə bağlı əvvəlki məsləhətləşmələrin davamı olaraq dərc edilib.

“Faynənşl Tayms”ın yazdığına görə, ehtimal olunan hədəflər arasında elektrik stansiyaları, nüvə obyektləri və hökumət mövqeləri olub.

ABŞ-ın da əməliyyatda birbaşa iştirak etməsinin nəzərdə tutulub-tutulmadığı hələ aydın deyil.

Mənbələrdən biri yaxın həftələrdə birgə hücumların bərpası ehtimalını istisna etməyib. Digər mənbə isə hücum planının danışıqlarda Tehrana təzyiqi artırmaq məqsədilə gündəmə gətirilmiş ola biləcəyini bildirib.

Bu arada, məlumatlı bir mənbə i24NEWS telekanalına bildirib ki, Netanyahu və İsrailin siyasi rəhbərliyi İslam Respublikasına qarşı təcili addım atılmasını zəruri hesab edir. Lakin yüksək vəzifəli təhlükəsizlik rəsmiləri əməliyyata başlamaq üçün gözləməyi üstün tuturlar.

Mənbənin sözlərinə görə, təhlükəsizlik rəsmiləri müvafiq əmr aldıqları təqdirdə əməliyyata hazır olduqlarını bildiriblər.

Ağ Ev “Faynənşl Tayms”a açıqlamasında ABŞ-ın aralıq seçkilərindən əvvəl İrana hücum etməyəcəyini bildirib. Netanyahu ofisi və İsrail ordusu qəzetin şərh almaq müraciətinə cavab verməyib.

Bu hesabat ABŞ-ın müharibə naziri Pit Heqsetin oktyabrın 19-da Netanyahu ilə gözlənilməz görüş keçirdiyi bir vaxtda dərc olunub. Görüş hərbi əməliyyatların yenidən başlanması ehtimalı ilə bağlı müzakirələrin fonunda baş tutub.

Son günlər Tramp və Netanyahu təhdid xarakterli bəyanatlarının tonunu sərtləşdiriblər.

Tramp oktyabrın 18-də Netanyahunun seçki kampaniyasına dəstək verərək ABŞ-ın “işi sona çatdırmalı” olduğunu bildirib. O, İslam Respublikası davranışını tezliklə dəyişməsə, ABŞ və İsrailin bunu yaxın zamanda edəcəyi barədə xəbərdarlıq edib.

Netanyahu da İsrailin hava qüvvələri bazasından yayımladığı videoda Trampa müraciətlə deyib: “Sən dedin ki, sona çatdırmalı olduğumuz bir iş var və biz onu birlikdə başa çatdıracağıq”.

O, daha əvvəl də “İran rejimini məhv etmək işinin” başa çatdırılmalı olduğunu bildirmişdi.

Eyni zamanda, “Foks Nyus” telekanalı İsrail qırıcılarının gecə təlimi zamanı Suriya və İraq üzərindən İrana doğru uçduğunu xəbər verib.

Telekanal məlumatın mənbəyini, uçuşun dəqiq vaxtını və qırıcıların sayını açıqlamayıb.

Respublikaçı senator Rik Skott da CBS telekanalına bildirib ki, ABŞ-ın hava hücumları İranda hakimiyyət dəyişikliyini sürətləndirərsə, o, bu hücumları dəstəkləyəcək.

“Faynənşl Tayms” yazıb ki, İsrail ordusu bir neçə həftədir daha yüksək hazırlıq vəziyyətindədir və hərbçilərin məzuniyyətləri cümə axşamından oktyabrın 27-də keçiriləcək parlament seçkilərinədək ləğv edilib.

İsrail ordusunun Baş Qərargah rəisi bu addımın seçkilərin təhlükəsiz keçirilməsini təmin etmək məqsədilə atıldığını bildirib.

Əsas rəy sorğuları müxalifət koalisiyasının Netanyahu koalisiyasından cüzi fərqlə öndə olduğunu göstərir. Bununla belə, heç bir tərəfin açıq üstünlüyə malik olmadığı bildirilir.

İsrailin hazırkı və keçmiş təhlükəsizlik rəsmiləri seçkilər ərəfəsində müharibənin başlanmasının demokratik prosesə təsir göstərə biləcəyindən narahatdırlar.

Yeni hökumətin formalaşdırılması həftələrlə davam edə bilər. Bu müddətdə Netanyahu seçkidə məğlub olsa belə, müvəqqəti baş nazir olaraq qalacaq və müharibəyə başlamaq üçün qanuni səlahiyyətlərini qoruyub saxlayacaq.

Bu hadisələr aprelin 7-də elan edilən və ertəsi gündən qüvvəyə minən kövrək atəşkəsdən sonra baş verir. Atəşkəs genişmiqyaslı bombardmanlara son qoysa da, Vaşinqtonla Tehran arasında Hörmüz boğazı ilə bağlı qarşıdurma və qarşılıqlı hücumlar davam edib.

Müharibənin yenidən başlaması ABŞ qüvvələrinin və Fars körfəzi ərəb ölkələrinin də münaqişəyə cəlb olunmasına, eləcə də enerji qiymətlərinin artmasına səbəb ola bilər.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …