Cümə axşamı , Mart 28 2024
azfa

Şəki, Alban (türk) qarakeşişlilər soyu və ərənlər ölkəsi

GADTB: Qara keşiş nəsli XIX əsrdə tərtib olunmuş Şəki xanlarının nəsil şəcərələrində Şəki xanlarının soy kökü ənənəvi olaraq xristian alban türkü olan Qara keşişə aparılıb çıxarılmış və Qara Keşişin oğlu Candarın 1444-cü ildə islam dinini qəbul edərək Şəki xanı olması göstərilmişdir. Lakin bu şəcərələrdə adları çəkilən ilk 4 nəfərin (Qara keşiş, Əlican xan, Qutul xan və Zəki xanın) adlarına digər tarixi ədəbiyyatda təsadüf edilmir. Əvəzində Həsən bəy Rumlu Əli inaq və Əbdülqafar adlı Şəki hakimlərinin, bir ermənicə mənbə isə Şah Hüseyn adlı Şəki hakiminin adını çəkir.

Şəkiyə aid bir əfsanədə isə belə deyilir:

Noxuda bir keşiş varmış, amma nə tarixdə olduğu məlum deyildir, adına Qara keşiş deyərlərmiş. Noxuda böyük imiş. Və bir keşiş də Kiş kəndində böyük imiş. Qara keşiş Kişdəki keşişin qızını oğluna istər ki ala. Kişdəki keşiş deyər ki, mənim qızım ağ su ilə pərvəriş tapıbdır, qara su olan yerə qızımı vermərəm. Sonra Qara keşiş deyər ki, Kiş çayından bir arx mən də evimin yanına gətirərəm. Kişdəki keşiş deyər ki, suyu gətir, sonra qızımı oğluna verim. Qara keşiş bu sudan bir arx gətirər. Sonra (Kişdəki keşiş) qızını bunun oğluna verər. Və Qara keşişin oğlunun adı Candardır. Candar bir neçə vaxtdan sonra müsəlman olub, adına Əlican deyibdirlər və Əlicanın oğlu Qutul xandır. Qutul xanı İran padşahının biri Şəkidə

xan edibdir. Qutul xanın oğlunun adı Şəki xandır. Və Şəki xanın oğlunun adı Həsən Sultandır.

Şəki xanı Hacı Çələbi xanın şəcərəsi haqqında dövrümüzə gəlib çatmış məlumatlar həm xalq, həm də elm adamları arasında birmənalı olaraq qəbul edilməyib, mübahisələr doğurub.

Tarixi ensiklopedik mənbələrdə göstərilir ki, Şəki xanı Hacı Çələbinin 7-ci babası, Şəki hakimi Əlican Xan Candarın atasının adı Qara Keşiş olub. Mənşəcə qədim türk tayfalarındandır, amma xaçpərəst olub, sonradan islam dinini qəbul edib.

Tarixə müraciət etsək, görərik ki, Əlican Xan Candarın hakimiyyət dövrü 1444-1457-ci illəri əhatə  edib. Atası “Qara Keşiş”in   yaşadığı dövr də az bir fərqlə eyni vaxta düşür. Ərəb Xilafəti İslam dininin təşəkkülündən az sonra Azərbaycana yürüş edib, İslam dinini yerli əhaliyə qəbul etdirib. Təxminən 7 əsrə yaxın Şəki kimi strateji regionunun hörmətli, mənsəbli hakimi necə xristian dinli olaraq qalıb? (Oğlunun da adı Əlican olduğu halda). İslami qanunlarla idarə olunan, Azərbaycanın iqtisadi cəhətdən güclü xanlığında xristian icmasının olması erməni mənbələrindən savayı nə ərəb, nə də Osmanlı  mənbələrində qeydə alınmayıb.

Bəs “Qara keşiş” məfhumu necə yaranıb? Bu məfhum həmişə mübahisələr yaratdığına görə mütləq onun tədqiqinə ehtiyac duyulur.

Şəki şəhəri hazırda yerləşdiyi ərazidə yox, Kiş çayının vadisində yerləşən indiki Qaradağlı kəndinin ərazisində yerləşib. Çay tez-tez daşıb yerli əhaliyə ziyan vurduğuna görə 1772-ci ildən xanlığın mərkəzi indiki Şəki şəhərinə köçürülüb.

Şəkinin əvvəl yerləşdiyi ərazidə Qədim Kiş Alban məbədi mövcuddur. Roma İmperiyasının izləri Azərbaycanın əksər yerlərində bu günə qədər qalmaqdadır. Alban kilsələri, alban nəzarət qalaları olan abidələr günümüzə qədər gəlib çatıb, tolerantlıq nümunəsi kimi  dövlətimiz tərəfindən mühafizə edilir.

Roma İmperiyası IV əsrin sonlarında süqutundan sonra romalı əsgərlər Azərbaycanı tərk ediblər. Fürsətdən istifadə edən Sasanilər yenidən Azərbaycan ərazilərinə soxulub, Ərəb Xilafətinin hücumuna qədər burada hökmranlıq ediblər. Məlumdur ki, Sasanilər farsdillidirlər. Zəbt etdikləri ərazilərin əhalisi arasında hakim dil kimi fars dilinin işlənməsini zorən tətbiq ediblər.

Fars dilində “kiş” sözü dilimizə “məzhəb yeri” kimi tərcümə olunur və xristian məbədlərinin yerləşdiyi yerlər kimi qəbul olunur. “Keşiş” sözü də həmin dini məfhumdandır. “Kiş” çayının adı da buradan qaynaqlanır. Şəkidə yerləşən qədim Alban kilsəsinin “Kiş Alban kilsəsi” adlandırılması fars dilindən keçmə “kiş” – “məzhəb yeri”  sözündəndir.

Qədim türk sözü olan “qara”, dilimizdə  “rəng”lə yanaşı, “böyük” mənasını da verir. Hətta dini inanc yerlərinin adlarında da bu söz işlədilib. Məsələn, Ağdamda “Qarapirim”, Cəbrayılda “Hacı Qaraman” piri və s. Həqiqətən Kiş Alban kilsəsi dövrünə görə həmin ərazidə ən böyük daş tikili idi. Bu səbəbdən də məbəd “Qara Kiş” adlandırılıb. Azərbaycanın digər ərazilərini də öyrənsək, buna bənzər yer adlarına rast gələcəyik.

Bu gün erməni işğalında olan Azərbaycanın qədim torpağı Laçın rayonunun ərazisində yerləşən 2 kəndin adı da eyni qəbildəndir. Yaxın zamanlara qədər həmin kəndlərin adları “Qara Keşiş” və “Zor Keşiş” kimi tanınıb. Həmin ərazilərdə tam, yaxud yarıuçuq halda Alban tarixi abidələri mövcuddur.

1930-cu ildə Laçın rayonu təşkil edilən vaxt ənənəvi olaraq “Qara Keşiş” kəndinin adı dəyişdirilərək “Sovetlərin böyük rəhbəri”nin xatirəsini əbədiləşdirmək məqsədilə “Leninkənd”lə əvəz olunub. 1991-ci ildə Sovetlər İttifaqının süqutundan sonra həmin kəndin adı əvvəlki adı ilə yox, “Qarakeçdi” kimi adlandırılıb.

“Zor Keşiş” kəndi də Laçın rayonunda 1991-ci ilə qədər mövcud olub, sonralar adı “Hacıxanlı” kimi dəyişdirilib. “Zor keşiş” yer adı da Sasanilərdən miras qalıb. “Zor” farscadakı “bozorq” sözündəndir. Dilimizdə “böyük” mənasını bildirir. “Zor” sözü də qədim oğuz türklərinin “qara” sözüylə eyni dini mifoloji mahiyyət daşıyır. “Avesta”da mifoloji leksika olan “Zərdüştlük” dini məfhumundan yaranıb (zər-zor) və dilimizdə “böyük”, “ulu” mənasını verir.

Laçındakı “Qara Keşiş” və “Zor Keşiş” yer adları da “Kiş Alban məbədinin” qədim adı “Qara Kiş” yer adı ilə eyni tarixi yolu keçib.

Araşdırmalardan belə nəticəyə gəlmək olur ki, məşhur Şəki xanı Hacı Çələbi xanın yeddinci babası Şəki hakimi Əlican Xan Candarın atasının adı “Qara Keşiş” olmayıb. O zamanlar bir çox tarixi şəxsiyyətlərin adlarına yurdlarının adları da qoşulurdu: Nizami Gəncəvi, Sultan Mahmud Qəznəvi.

Həqiqətən də Şəki hakimi Əlican Xan Candarın atasının adı “Qara Keşiş” yox, “Qara Kişli” Xan olub. Bu gün Azərbaycanda “Qarakişi” və “Qarakişiyev” soyadları var. Məlum dil hadisələri və zaman məsafəsinə görə, belə hallara bütün xalqların dillərində rast gəlinir. Doğrudan da bu üç yer adının mənşəyi eyni məfhumdan olub, günümüzə gəlib çatmış Alban dini abidələrinin yer adları ilə bağlıdır.

Dilçiliyin qaranlıq səhifələri olan tarixi-mifoloji terminlər, bəzi yer və şəxsiyyət adları Azərbaycan dilinin tarixi əsasında öyrənilməlidir. Görkəmli dilçi alim, filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovun İstanbulda çap edilmiş “Azərbaycan dilinin tarixi” kitabı bu baxımdan da əvəzsiz elmi vəsaitdir. Alim bu nəhəng dilçilik tarixi əsərində türklərin ən qədim yaranış dövrlərindən bəri günümüzə daşıdıqları dil mirasını çox dəqiqliklə incələyib, Azərbaycan dilçiliyinə əvəzsiz töhfələr verib.

Azərbaycan ərazilərində bir çox tarixi yer adlarının dilçilik baxımından öyrənilməməsi səbəbindən mənfur ermənilər bu gün də cürbəcür iddialar irəli sürür, Azərbaycan ərazilərində mövcud olan qədim Alban abidələrindən və yer adlarından saxtakarlıqla yararlanmaq istəyirlər. Burada qədim atalar sözümüz çox yerinə düşür: “Yalan ayaq tutar, yeriməz”.

Mənbə:

“Şəkixanların Müxtəsər

Tarixi”-i əsərindən,                  

Kərim Ağa Fateh.

Paşa Əsədov,

Həsən Əliyev.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …