
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Azərbaycanda 20 Yanvar faicəsinin ildönümü ilə bağlı bildiriş yayıb
Sayın Mikayil bəyin yaydığı bildirişi təqdim edirik:
1990-cı il yanvarın 20-də rus ordusu Bakıya 26 min əsgər göndərdi və Şimali Azərbaycanın istiqlal hərəkatını susdurmaq üçün çox ciddi əməliyyat keçirdi. Sovet ordusunun rus və erməni əsgərləri tanklardan silahsız xalqımıza atəş açaraq dinc azərbaycanlıları qətlə yetirdi, yüzlərlə insan yaralandı, repressiyaya məruz qaldı.
Hadisələr ermənilərin Sovet hökumətinin dəstəyi ilə yüz minlərlə azərbaycanlını dədə-baba torpaqları olan Qərbi Azərbaycandan didərgin salması ilə başlamışdı. Sovet imperiyası Ermənistanın zorakı deportasiya və etnik təmizləmələrinə göz yumduğu halda, Dağlıq Qarabağ ərazisini ələ keçirmək cəhdlərinə və ekoloji terrora etiraz edən Quzey Azərbaycanın milli-azadlıq hərəkatını yatırmağa çalışırdı. Rusiya hökuməti bu hərəkatı yatırmaq üçün gizli şəkildə fövqəladə vəziyyət elan edərək, Bakıdakı televiziya yayımının qarşısını almaq üçün Azərbaycan televiziyasının enerji blokunu partlatmışdı. Daha sonra hər hansı bir etiraz cəhdini yatırmaq üçün bölgəyə əlavə sovet qoşunlarını yerləşdirdilər. Yeridilən qoşuna isə dinc əhaliyə atəş açmaq əmri verildi. 1990-cı ildəki bu vəhşiliklər günümüzün İŞİD və ya Əl Qaida kimi hər hansı terror təşkilatları tərəfindən deyil, Terrorçu rus ordusu tərəfindən törədilirdi.
Həmin gecə Bakı küçələrində dinc etirazçılara qarşı görünməmiş qətliam baş verdi.
Bu qətllər əslində Güneyli Quzeyli Azərbaycanın 55 milyonluq bütöv xalqına qarşı törədilən qətl idi. Dünyanın hər yerində yaşayan azərbaycanlılar bu qətliamın ağrısını iliklərinə qədər hiss edirdilər.
Bu hadisə millətimizə dostu və düşməni ayırd etməyi öyrətdi. Əlbəttə ki, bu hadisələrin arxa planı Dağlıq Qarabağ idi. Lakin məsələlərin kökü yüz illər əvvələ də gedib çıxırdı. XIX əsrə kimi bütöv olan Azərbaycanın şimalı, bu gün İran adlanan ərazidə hömranlıq edən türk mənşəli “Memaliki mehruseyi Qacar”ın çar Rusiyası ilə apardığı və məğlub olduğu müharibələrin sonucunda imzaladığı Türkmənçay müqaviləsi ilə rusların əlinə keçdi və məmləkətimizə zəli kimi yapışan rus müstəmləkəsi dövrü başladı. 20 Yanvar həmin müstəmləkəçilərin törətdiyi növbəti qətliamlardan biri idi.
Bu həmin müstəmləkə zülmü idi ki, hələ də Azərbaycan millətinin əleyhinə olan düşmənçilik siyasətindən əl çəkmirdi. Son iki yüz ildə xalqımızın başına gətirilən bəlalar bunların nəticəsi idi. Azərbaycanımızın ikiyə bölünməsi, Azərbaycan demokratik respublikasının dağıdılması, Azərbaycan ərazisində Ermənistanın yaradılması, Cənubi Azərbaycanda qurulan Pişəvərinin milli hökumətinə arxadan vurulan zərbələr, 1937-1960-cı illər arasında repressiyalar, Sibirə sürgünlər, ölkənin 20 faizinin işğal altında qalmasına şərait yaradacaq erməni havadarlığı və nəhayət Şimali Azərbaycanın müstəqillik hayqırtılarını qəbul etməyərək xalqımızı tankların altında əzmələri Moskva qatillərinin insanlarımızın səbr kasasını daşıran son əməlləri idi. Yüzlərlə qurban verən xalqımız azadlığını qanla əldə etdi.
Lakin haqq nazilər amma üzülməz! Bunun bariz nümunəsi illər sonra müstəqil Azərbaycanın apardığı 44 günlük milli Vətən müharibəsi oldu. Bu şərəfli müharibə xalqımızın bütün düşmənlərinə, həmçinin Tehrandakı fars rejiminə layiqli bir göndərmə idi.
Biz Avstraliya Azərbaycan Assosiasiyası olaraq bütöv Azərbaycanımızın milli maraqları nöqteyi-nəzərindən çıxış edirik. 55 milyonluq Azərbaycan xalqı ilə həmrəy olaraq bildiririk ki, əvvəlki dövrlərdən fərqli olaraq bu il Qara Yanvarın ildönümündə şəhidlərimizin ruhunu yad etməklə yanaşı, bu günü millətimizin düşmənlərinə qarşı etiraz gününə çevirməliyik. Hörmətli Ali Baş Komandan, İlham Əliyevin dediyi kimi, hamımız bir yumruq kimi olmalıyıq. Güney Azərbaycanda səslənən “Rus, Fars, Erməni Azərbaycan düşməni” şüarı bütün Azərbaycan üçün keçərlidir. Tarixini bilməyən və unudan millət həmişə məhbəsdə olar. Tarixmizi unutmamalıyıq.
Millətimizin azadlığı və torpağımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda edən bütün şəhidlərimizin ruhu şad olsun!
Yaşasın Azərbaycan, yaşasın müzəffər Ordumuz!
Eşq olsun 55 milyonluq quzeyli və güneyli Azərbaycanlılara!
Mikayıl Oyta
Avstraliya Azərbaycan Assosiasiyası prezidenti


GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi