
GADTB: Təqribən 200 gündür müvəqqəti həbsdə saxlanılan universitet müəllimi və vəkil Dr. Əbülfəz Rəncbrinin işi üzrə ikinci məhkəmə iclası 27 Aban 1404-cü il, çərşənbə günü Təbriz İnqilab Məhkəməsində baş tutub.
Azərbaycanlı vəkil Sina Yusifinin verdiyi məlumata görə, 14 Ordubəhəşt tarixində evinin qarşısında saxlanılan Dr. Rəncbri əvvəlcə “sistemin əleyhinə təbliğat” ittihamı ilə qarşılaşıb. Lakin hüquqi əsasları olmayan ittiham aktına əsasən, ona indi daha ağır ittiham — “casusluq” irəli sürülüb.
Hüquqi mənbələr bildirirlər ki, Dr. Rəncbrinin elmi fəaliyyəti, məqalə yazıları, Azərbaycan əhalisinin qanuni hüquqları ilə bağlı peşəkar rəyləri, eləcə də elmi seminar və konfranslardakı iştirakı bu ağır ittihamın əsaslandırılması üçün göstərilib.
Dr. Rəncbrinin işi əvvəlcə 10-cu istintaq şöbəsində araşdırılıb və iş üzrə müstəntiq ittihamı dəstəkləyəcək əsasların olmadığını qeyd edərək ittihamların rəddinə dair rəy verib. Buna baxmayaraq, məlumatlara görə, təhlükəsizlik qurumlarının təzyiqi ilə iş qanuni prosedura zidd olaraq 15-ci istintaq şöbəsinə keçirilərək ağırlaşdırılıb.
İran–İraq müharibəsinin qazisi olan vəkil və universitet müəllimi hazırda Təbriz həbsxanasının karantin bölümündə saxlanılır. Ailəsi və yaxınları onun səhhətinin ağırlaşmasından, xüsusən də müharibə əlilliyinin yaratdığı fəsadlar və həbsxana şəraitinin yarıtmaz olması səbəbilə ciddi narahatlıq ifadə ediblər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi