
GADTB: Azərbaycan milli hərəkatı fəalları Abbas Lisanı, Əli Xeyircu, Yusif Karı və Behzad Dəşti 27 Aban 1404 tarixində Evin həbsxanasında saxlandıqları bölmədən çıxarılaraq İran Kəşfiyyat Nazirliyinə məxsus 209-cu təcridxanaya aparılıblar.
Məlumata görə, bu fəallar 22 Aban tarixində Tehranın prokuroru Əli Salehi və Evin həbsxanasının rəisinə göndərdikləri ayrıca məktublarda özlərinə vurulan xəsarətlərin qeydə alınması üçün dərhal məhkəmə-tibbi ekspertizaya köçürülmə tələb etmişdilər.
Fəallar yaxınlarına bildiriblər ki, saxlanma zamanı elektrik şok cihazı və dəyənəklərdən həddindən artıq istifadə edilməsi nəticəsində bədənlərinin müxtəlif nahiyələri göyərib. Abbas Lisanının qabırğaları və boynu zədələnib, Behzad Dəştinin burnu qırılıb, Əli Xeyircunun bir dişi sınıb və boyun nahiyəsi təpik və zabitlərin diz təzyiqi nəticəsində zədə alıb. Yusif Karının da bədənində ciddi göyərmələr və xəsarətlər qeydə alınıb.
Məlumatda həmçinin qeyd olunur ki, saxlanma zamanı teli qandalın həddən artıq sıxılması nəticəsində Abbas Lisanının bir əlində keylik yaranıb. Bundan əlavə, Evin həbsxanasının qarşısında yerləşdirilmiş təhlükəsizlik qüvvələrinin komandanı Lisanıdan “burnunu sındırdığı” iddiası ilə şikayət verib.
Abbas Lisanı, Əli Xeyircu, Yusif Karı və Behzad Dəşti 20 Aban 1404-cü ildə Evin həbsxanasının qarşısında saxlanılıblar. Onlar ailələri ilə etdikləri qısa telefon danışığında təhlükəsizlik və polis qüvvələri tərəfindən ağır şəkildə döyülmələrini bildiriblər. Saxlanıldıqdan bir neçə saat sonra onlar Evin prokurorluğunun 6-cı istintaq şöbəsinə, müstəntiq Vahid Nasirinin yanına aparılıb və aşağıdakı ittihamlarla tanış ediliblər:
Abbas Lisanıya qarşı: “qanunsuz qrup yaratmaq və idarəetmə”, “ölkə təhlükizliyinə qarşı toplaşma və əlbir olmaq”, “ictimai asayişin pozulması”.
Əli Xeyircu, Yusif Karı və Behzad Dəştiyə qarşı: “qanunsuz qrup üzvlüyü”, “ölkə təhlükəsizliyinə qarşı toplaşma və əlbir olmaq”, “ictimai asayişin pozulması”.
Məlumata görə, “ictimai asayişin pozulması” ittihamı üzrə bir milyard tümən girov, digər ittihamlar üzrə isə həbs-qətimkan tədbiri çıxarılıb.
Fəallar istintaq zamanı onlara qarşı zorakılığa etiraz edib və tibbi ekspertizaya göndərilmələrini tələb etsələr də, müstəntiq onların şikayətlərini rədd edərək, “siz müqavimət göstərmisiniz, məmurlar da belə davranıblar” cavabını verib.
İstintaqdan sonra fəallar Evin həbsxanasının tibb məntəqəsinə aparılıb, ilkin müayinə və ağrıkəsici verildikdən sonra isə 7-ci korpusun karantin bölməsinə yerləşdiriliblər.
Xatırladaq ki, Abbas Lisanı 18 Aban tarixində yaydığı mesajda xəbərdarlıq edərək demişdi: “Əgər sabah gecəyədək məhbusların və ailələrinin tələbləri yerinə yetirilməsə, birigün Evin həbsxanası qarşısında onlara qoşulacağam.”
Hazırda azərbaycanlı siyasi məhbuslar Tahir Nəqəvi və Vədud Əsədi aclıq aksiyasını davam etdirirlər. Onlar son aylarda siyasi və sosial fəaliyyətlərinə görə Evin həbsxanasında saxlanılır və ailələri onların tibbi xidmətlərə çıxışı, hüquqi vəziyyətinin aydınlaşdırılması və qanuni hüquqlarının təmin edilməsini tələb edirlər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi