
GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, Şərqi Azərbaycanda toplanan maliyyə resursları digər bölgələrin maliyyələşdirilməsi üçün əyalətdən çıxarılmamalı, məhz həmin əyalətin istehsalçılarına ayrılmalıdır.
Yunis Jailə İran Prezidentinin icra məsələləri üzrə müavini Məhəmməd Cəfər Qaimpənahla əyalətin investorları və iqtisadi fəalları arasında keçirilən görüşdə bildirib ki, Şərqi Azərbaycanda adambaşına düşən bank kreditlərinin orta məbləği təxminən 90 milyon tümən olduğu halda, Tehranda bu göstərici 800 milyon tümənə yaxındır.
Əyalətin iqtisadi potensialına uyğun olmayan kredit bölgüsünü vurğulayan Jailə deyib: “Biz Tehrandan yardım istəmirik. Gözləntimiz budur ki, əyalətin öz maliyyə resursları elə burada cəlb olunsun və istehsalçıların ixtiyarına verilsin”.
Təbriz Ticarət Palatasının rəhbəri, həmçinin əyalətdəki şirkətlərin 85 faizinin valyuta öhdəlikləri ilə üzləşdiyini bildirib. O, valyuta ayrılmasına qoyulan məhdudiyyətləri, idxalçıların tələbləri ilə bağlı qeyri-müəyyənliyi və xammal təminatındakı problemləri istehsal müəssisələrinin fəaliyyətini davam etdirməsinə mane olan əsas amillər kimi sadalayıb.
Mənbənin qeyd etdiyi kimi, Azərbaycanda mövcud olan bu qeyri-bərabərlik və ayrı-seçkilik məsələsi onilliklərdir Azərbaycan Milli Hərəkatının fəalları və siyasi təşkilatları tərəfindən gündəmə gətirilir. Bəzi müşahidəçilər İranın mərkəzi bölgələri ilə Azərbaycan arasında mövcud bərabərsizliyi izah etmək üçün “daxili müstəmləkəçilik” nəzəriyyəsinin tətbiq oluna biləcəyini düşünürlər.
Milli fəalların fikrincə, Cənubi Azərbaycanın iqtisadi inkişafı üçün neft gəlirlərinə ehtiyacı yoxdur. Onlar bildirirlər ki, Azərbaycan neft və qaz ehtiyatlarına malik olmayan bir çox ölkə kimi öz iqtisadiyyatını inkişaf etdirə bilər. Bununla yanaşı, Azərbaycan qızıl və mis də daxil olmaqla zəngin təbii sərvətlərə və faydalı qazıntı yataqlarına malikdir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi