GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yeni təhsil ilinin başlanması ilə bağlı Təbriz bir qrup azərbaycanlı fəal Təbrizin məktəblərində uşaqlara yüzlərlə Azərbaycan türkcəsində kitab paylayıblar.
Azərbaycanlı fəallar bu vasitə ilə ölkənin təhsil sistemində fars dilin hakim olmasına etiraz ediblər.
Eyni zamanda azərbaycanlı fəallar yazılar dərc edərək hər tədris ilinin əvvəlində Ana dilinin mənəvi terrorun hədəfi olduğunu açıqlayıblar.
Azərbaycanlı fəallar yazıblar: “İran hökuməti bu bölgədə yaşayan xalqların, türk, ərəb, bəluç, türkmən kimi etnik qrupların bütün maddi və mənəvi haqlarını görməzdən gəlir. Pəhləvi sülaləsi dövründən etnik qruplar bu günə qədər İran hökumətinin şovinist siyasəti ilə mübarizə aparırlar. İranda yaşayan türklər bir çox əsas hüquqlarından, Ana dilində təhsil almaq, qəzet və televiziyaya sahib olmaq hüququndan məhrumdurlar, habelə güneylilərin övladlarına türk adları seçmək hüququ yoxdur və Qeydiyyat İdarəsinin təklif etdiyi adları qəbul etməyə məcbur olurlar”.
Qeyd edək ki, hər il həm yeni təhsil ilinin başlanması, həm də 26 Azərdə Azərbaycan türkcəsində kitablar fars şovinistləri tərəfindən yandırılması münasibətilə Güney Azərbaycanda azərbaycanlı fəallar türkcə kitablar paylayırlar.