Cümə axşamı , May 9 2024
azfa

Tatar rusu slavyan Rusiyasına necə çevrildi?

GADTB: XVI əsrin sonları. Avropa və xristian dünyası əsrlərdir ki, türk qorxusu ilə yaşayır. Bu qorxu və nifrət artıq qanlarına, canlarına hopmuşdu. Xristianlığın ikinci beşiyi olan Bizans çoxdan yer üzündən silinmiş, Vyana təhlükədə, boğazlar ələ keçirilmiş, Avropanın iqtisadi və dini mövcudluğu sual altına düşmüşdü. Osmanlının bu hücumu hunlar, peçeneqlər, barsillər, xəzərlər, bulqarlar, səlcuqların əsrlər sürən yürüşlərinin davamı idi. Avropa türk yürüşlərindən cana doymuşdu və bu ekspansiyanın qarşısını birdəfəlik almaq üçün çıxış yolları axtarırdı. Avropanın şərq sərhədlərində şimaldan cənuba qədər elə bir bufer zona, elə bir qalxan yaradılmalı idi ki, türklərin axınının qarşısı alınsın, elə bir dövlətlər olmalı idi ki, türklər əbədi olaraq onlarla məşğul olsun, onlar da içlərində əbədi türk nifrəti gəzdirsinlər. Yalnız bu yolla Avropanın canı qurtaracaqdı. Şimalda tatarların hakim olduğu Rus vardı. Bəli, sonradan saxtalaşdırılacaq tarixdə bu Rus dövləti bizə indiki Rusiyanın əcdadı kimi göstərilsə də, o Rus, bu Rusiyadan tamamilə fərqli, Skif-tatar, Qızıl Ordanın varisi olan Rus idi. Moskvada tatar türkcəsi hakim idi, adət-ənənələr tatarların idi. Kazimir Valişevski “İvan Qroznı” adlı kitabında yazırdı: “XVI əsrin moskvalısına nəzər salın: o, deyəsən, başdan ayağa səmərqəndli kimi geyinib. Başmaq, əzəm, ərmək, zipun, çebış, kaftan, oçkur, başlıq, kolpak, klobuk, tafya, temlək – onun əynindəki bütün nə varsa hamısı tatar dilindədir. Əgər o yoldaşı ilə mübahisə etsə, onun repertuarında mütləq durak sözü olacaq, əgər dalaşmaq lazım gəlsə kulak işə düşəcək. Hakim kimi o, müttəhimə qandal geyindirəcək və katı çağıracaq ki, müttəhimə qunut vursun. Hökmdar kimi o, vergini qarovulun qoruduğu kaznaya yığacaq, yollarda yama adlanacaq dayanacaqlar quracaq. Nəhayət, poçt kirşəsindən çıxıb kabaka girəcək. Bütün bu sözlər Asiya mənşəlidir”. Valişevskinin xatırlatdığı bu insanlar köklü moskvalılar idi. Çar İvan Qroznının göndərdiyi nümayəndə heyətinin təsvir olunduğu 1567-ci ilin “Böyük Moskva knyazının Reqensburqdakı Müqəddəs Roma İmperiyasının imperatoru II Maksimiliana göndərdiyi elçilər” adlı məşhur qravürasına fikir verin: Rus elçilər xalatları və papaqları ilə tatar, qırğız, qazax, başqırd və s. türkləri xatırladırlar. Əsl həqiqət belə idi. Rus o dövrdə türk-tatar dövləti idi. Rusun hökmdarları tatarlar idi. Məhz tatar xanlarını “bütün Rusun böyük knyazları” adlandırırdılar. Məsələn, Sahin-Bulat xan xaçpərəstliyə keçdikdən sonra Simeon Bekbulatoviç oldu. Moskvada İvan Qroznı oturanda məhz Bek Bulat bütün Rusun knyazı adlanırdı.

Avropanın içərilərində olan Osmanlının sərhədləri şərqdə Səfəvilərə dayanır, Səfəvilərin sərhədi isə Hindistan və Əfqanıstana ağuşuna alan Moğol türk imperiyasına çatırdı. Beləcə Avropadan Hindistana uzanan yolun üzərində üç böyük türk imperiyası dayanırdı. Şimalda isə tatar xanları hakim idi. Avropa açıq müharibədə Osmanlıya uduzurdu. Buna görə də gizli müharibə aparmalı idi. Gizli müharibənin məqsədi belə idi: Türklərin min ildən artıqdır ki, davam edən Qərbə ekspansiyasının qarşısını almaq üçün Avropanın şərq sərhədlərində bufer zona yaratmaq lazım idi. Bunun üçün orada xristian icmaları birləşdirib, onlara yeni tarix yaratmaq, türklərə düşmən etmək və onlarla türklər arasında əbədi ixtilaf toxumu səpmək lazım idi. Bunun üçün Vatikan bütün vasitələrə əl atmaqda idi. Qadınları ərə verərək Ağqoyunlu sarayına xristian xanımları hakim elədi, sonra sünni Ağqoyunluların güclənməsinin qarşısını alaraq Səfəvi ordeninin dirçəlməsinə dəstək oldular. Sünni-şiə davası ilə Osmanlının şərq cəbhəsində qardaş qırğınlarına rəvac verdilər. Burada türklər-müsəlmanlar ədəbi məzhəb düşmənçiliyinə yuvarlandılar. Növbəti hədəf şimalda idi. Burada tatar Rusunu xristianlaşdırıb onlara yeni dövlət, yeni tarix, yeni dil, yeni düşüncə yaratmalı idilər. Şimalda Rusda bu proses artıq başlamışdı. Bir qadının əli ilə. 1469-cu ildə Papa II Pavelin ağlına bir ideya gəlir: Bizans imperatorunun nəslindən olan gənc Zoya Paleoloqu Moskva knyazı III İvana ərə vermək. Belə bir nəcib və böyük bir sülalənin davamçısının romalıların “vəhşi şimallılar” adlandırdılqarı bir tayfaya ərə verilməsi ideyasına Vatikan sarayında çoxları etiraz etdilər. Axı o zaman Avropa saraylarında çoxları Bizansın yenidən dirçələcəyinə, Xristianlığın mərkəzi olan “İkinci Roma”nın yenidən dünyaya hakim olacağına inanır, buna görə də varis olmaq üçün Sofya ilə evlənmək üçün sıraya düzülürdülər. Lakin Papa qətiyyətli idi və Kilsə rahiblərini əmin etdi ki, Zoyanın Moskva sarayında olması türklərə qarşı müqəddəs müharibədə onlara yardımçı olacaq. Papa II Pavel ideyasını belə əsaslandırır: “Ola bilsin, Sofya katolik kilsəsinə sadiq olmayacaq. Amma o, qəlbində və ruhunda türklərə nifrət alovu gəzdirir. Nifrət insana verilən ən dəhşətli silahdır. O, bəlkə katolik kilsəsindən uzaqlaşacaq, amma içindəki nifrətdən qaça bilməyəcək. Onun bu nifrəti Moskvada olan türklərə aid nə varsa yandırıb külə çevirəcək, Moskvada türkə nifrət toxumu əkəcək. Zoyanın bütün uşaqlığı türklərə qarşı qorxu içində keçib, türklərə görə o, hər şeyini itirib, ailəsini, məzhəbini, vətənini, məqamını. Sizcə, Vatikanın çörəyinə möhtac qalması onun xoşuna gəlir? O, burda qaldığı hər günə görə türklərə nifrət edir”. Zoya 1453-cü ildə türklərin Konstantinopolu ələ keçirdiyi zaman öldürülən sonuncu Bizans imperatoru Konstantinin qardaşı qızı idi. Zoyanın atası Foma Paleoloq Moreya despotu (hökmdarı) idi, amma 1460-cı ildə türklər Moreya despotluğunu da ələ keçirir və onun ailəsi güclə qaçaraq canını qurtarır və Vatikana pənah gətirir. Foma və ailəsi Vatikanın himayəsinə sığınır və katolikliyi qəbul edir. Tezliklə Foma vəfat edir, Zoyanın bir qardaşı əxlaqsız həyat tərzi keçirir, o biri isə İstanbula qayıdaraq İslamı qəbul edib Osmanlı ordusuna xidmətə götürülür. Sonuncu hadisə Paleoloqları mənəvi cəhətdən məhv edir. Zoyanın Serb despotu Lazar Brankoviçdə ərdə olan böyük bacısı da türklərin Serbiyanın tutmasından sonra ərini və ailəsini itirir, dərdə dözməyərək rahibə olmaq qərarına gəlir. Sonradan Sofya adını götürən Zoya belə bir mühitdə böyüyür. Üstəlik kardinal Vissarion ona hiyləgərliyi, siyasəti, elmi öyrədir. Moskva sarayı ilə danışıqlar üç il çəkir. Danışıqlarda əsas arqument ondan ibarət olur ki, Zoya ilə evlənməklə Bizans taxt-tacına sahib çıxır. Beləliklə, Vatikan həm Moskvada türkə nifrət toxumu səpməyi, həm də Rusu Osmanlı ilə müharibəyə cəlb etməyi planlaşdırırdı. Zoyanın qarşısında üç məqsəd vardı: Moskvadan türkləri uzaqlaşdırmaq, Rusa yunan mədəniyyəti gətirmək və Rusun birləşərək iddialı dövlətə çevrilməsinə rəvac vermək. 1472-ci ildə Sofya nəhayət Moskvaya gəlir, özünün moskvalıları təəccübləndirən cehizləri və köməkçiləri ilə…

Sofya 1472-ci ilin noyabrında Moskvaya çatır. Moskvalılar haqqında əfsanələr dolaşan Bizans taxt-tacının varisini görmək üçün şaxtalı havada yollara tökülüşmüşdü. Onlar belə bir şahzadənin saysız-hesabsız qulluqçular və göz qamaşdıran cehizləri ilə Moskvaya təşrif buyuracağını gözləyirdilər. Amma gördükləri tamam başqa mənzərə oldu: Zoyanın ətrafında qulluqçular deyil Traxaniotlar ailəsindən olan diplomatlar, Papa leqatı Bonumbre, Bizans siyasi müşavirləri və yepiskopları vardı. Sofya sanki ərə deyil, böyük siyasi prosesləri idarə etməyə gəlirdi. Onunla gələn bu hiyləgər diplomatlar tezliklə Kreml dəhlizlərində kabuslara çevriləcək, intriqalar, siyasi oyunların köməyi ilə Rusun taleyini tamamilə fərqli istiqamətə yönəldəcəkdilər. Sadəlövh tatarlar anlamırdılar ki, onlar tarixi hadisənin şahidi olurlar, elə bir epoxal hadisə ki, Rusun, hətta dünyanın tarixi, tarixin axarı tamamilə dəyişəcək, onlar – tatarlar özləri isə öz torpaqlarında yada çevriləcək, təqib olunacaq, düşmən elan olunacaqlar. Rus öz keçmişindən, kökündən imtina edəcək, başqa bir səmtə baxan yeni sima əldə edəcək. Təəssüf ki, Azərbaycan və Türkiyə tarixçiləri bu hadisəyə ciddi əhəmiyyət vermir. Halbuki, məhz bu tarixdən sonra Rus özünə yeni yol seçir, elə bir yol ki, orada türklərə yer olmayacaq.

Bizans şahzadəsi Sofyanın cehizi Moskva tatarlarını heyrətə gətirirdi. Dəbdəbə və ləl-cavahirata görə yox, əksinə onların olmamasına görə. Sofya özü ilə yalnız böyük bir kitabxana gətirmişdi. Sadə moskvalılar gəlinin bu boyda kitabxananı nə üçün belə uzun yolda özü ilə belə ağır yük olan kitabxananı gətirdiyini anlaya bilmirdi. Onun kitabxanasında o zamana qədər Rusa məlum olmayan yunan filosofları Platon, Aristotelin kitabları, Homerin poemaları, qədim əlyazmalar, latın xronoqrafiyası və yunan perqamentləri vardı. Məhz bu qadın və onun gətirdiyi kitabxana ilə tatar Rusuna yunan və latın mədəniyyəti gəlirdi, Rus xristianlığı yunan pravoslav məzhəbinə çevrilirdi, düşüncələrdən keçmiş silinir, yeni həyat tərzi yüklənirdi. Sofya tezliklə ərinin etimadını qazanaraq  Bizans keşişlərinin Rusa axınını təşkil etdi. Bizans dağılandan sonra sərgərdan qalan keşişlər Rusda yeni Bizans qurmağı planlaşdırırdılar. Onlara qədər Rus xristianlığı Alban-Tenqri dininin azacıq fərqli forması idi. Amma indi yunan pravoslavlığı qurulurdu. Rahiblərlə yanaşı ideoloqlar, diplomatlar durmadan Moskvaya axışırdı. Tezliklə knyaz sarayı tamamilə Bizans sarayına çevrildi. Sofya öz dumasını və onunla yanaşı yeni zadəgan dəstəsini formalaşdırmağa başladı, qəbullar təşkil etdi, knyazın qərarlarına təsir etməyə başladı. İlk olaraq Sofya bayar dumasına qarşı hiylə qurdu (bay-ər türkcə “zadəgan kişi” deməkdir). Bu da təsadüfi deyildi. Bayarlar yeni gələn yunan mədəniyyətinə müqavimət göstərirdilər. Hiyləgər qadın Kremldə intriqa toxumu əkmişdi və hiylə yolu ilə knyazı inandıraraq Dumada olan bayarların əksəriyyətini edam etdirdi. Daha sonra Sofya ərini inandıra bildi ki, özünü çar elan etsin və Ordanın bütün ərazisinə iddia etsin. Yəni, tatarların ağalığına boyun əyməsin. Bu, Moskvadan şərqə doğru ərazilərin ələ keçirilməsi ideologiyasının təməli idi. Təsadüfi deyil ki, 1492-ci ildə yeni ideologiya faktiki olaraq rəsmiləşdi. Mitropolit Zosima “Pasxa nümayişi” («Изложение пасхалии») demarşı ilə çıxış edir və III İvanı Bütün Rusun və Bizansın çarı elan edir. Bununla da “Moskva – Üçüncü Roma” ideyası ortaya çıxır. Kremldəki Bizans kabuslarının məqsədi bəlli idi. Birinci və İkinci Romanı – Vatikanı və Konstantinopolu “Üçüncü Roma” xilas etməli idi. Bestujev-Ryumin yazırdı ki, “Bizans irsi ilk növbədə Moskvanın “Rusu bir yerə toplamasında”, həmçinin Üçüncü Roma milli ideologiyasının yaranmasında rolu böyükdür”. “Üçüncü Roma” şərqdəki bütün torpaqları ələ keçirməli və Avropa üçün türklərə qarşı qalxan rolunu oynayacaq bufer zona yaratmalı və Osmanlıya qarşı müharibəyə qoşulmalı idi. Bunun üçün Sofya durmadan çalışırdı. Kremldə artıq tatarlara kəm baxırdılar, köhnə adətləri ələ salırdılar, tatarları qəsdən geridəqalmış düşüncə daşıyıcıları kimi göstərir, saraydan uzaqlaşdırırdılar, düşmən elan edirdilər. Çarı inandırırdılar ki, onun Bizansa sahib olmasına maneə tatarlardır. Kreml dəhlizlərində yeni mədəniyyətin daşıyıcıları və agentləri dolaşırdı. Sofya yaranmaqda olan Rus dövlətinin ruhuna türk düşmənçiliyi üfürürdü. Yalnız Rusun türklərlə əbədi müharibələri Avropamı xilas edə və dirçəliş yolu almağa kömək edə bilərdi. Günlərin birində Sofya ərinin yanına gəlir və Novqorod arxivinin açarını istəyir, knyaz düşünmədən açarı ona verir. Məqsəd məlum idi: Sofya köhnə kitabları yandırır, bununla da yaddaşlardan türk-tatar mədəniyyətini silməyə çalışırdı. Yaddaşlar silinməsə yeni mədəniyyətin aşılanması mümkün deyildi. Məhz Sofyanın təkidi ilə knyaz Krım xanı Axmata vergi ödəməkdən boyun qaçırır və Ordanın zəifləməsindən istifadə edərək torpaqları ələ keçirməyə başlayır. Bu arada knyazın varisi, əvvəlki arvadından olan Gənc İvan gözlənilmədən xəstələnir. Onun müalicəsi ilə Sofyanın Venesiyadan dəvət etdiyi həkim məşğul olur. Təəccüblü deyil ki, İvanın halı daha da pisləşir və vəfat edir. O zaman Moskvada şayiələr gəzir ki, gənc varis zəhərlənib. Müasir analizlər o dövrdə Ryuriklər nəslinin bir çox nümayəndələrinin zəhərləndiyini təsdiq edir. Bütün rəqiblərini zərərsizləşdirdikdən sonra Sofya nəhayət öz oğlunun varis elan olunmasına nail olur. 1501-ci ildə Vasiliy knyaz elan olunur. Təsadüfə baxın: 1501-ci ildə cənubda Osmanlıya qarşı müharibə edəcək Səfəvi dövləti yaranır, şimalda isə ilk dəfə yunan qarışığı olan və türklərə qarşı müharibə elan edən Bizans şahzadəsinin övladı taxt-taca əyləşir. Ən maraqlı təsadüf isə ondan ibarət idi ki, hım Vasilinin, həm də Şah İsmayılın anası yunan şahzadələri nəslindən idi…,

Yezuitlərin planı və Romanovların hakimiyyətə gəlişi. 1503-cü ildə Sofya vəfat edir. Lakin yunan ruhlu oğlunu Rusun taxt-tacına tək varis edərək gedir, özündən sonra şərq torpaqlarının istilası ideologiyasını buraxır, ən əsası Kreml dəhlizlərində yüzlərlə kabus qoyub gedir – rahiblər, agentlər, siyasətçilər…onlar gizli müharibəni davam etdirməli idi. Daha iki il sonra Vasiliy knyaz olur, kabuslar onu çar adlandırır, knyaz ifadəsi tədricən unudulur, o, yeni torpaqlar tutmağa təhrik edilir. Rus torpaqları sürətlə böyüyür. Sofyanın təsiri altında şərqə doğru böyüyən torpaqların ölçüsü və sürət heyrətə gətirir. 1472 – Perm, 1474 – Rostov, 1478 – Velikiy Novqorod, 1485 – Tver, 1489 – Vyatka, 1500 – Yuqor, 1510 – Pskov, 1514 – Smolensk, 1521 – Ryazan. Rus böyüyür və Osmanlıya rəqib olmağa hazırlaşırdı. Lakin Sofyanın Moskvaya gətirdiyi agentlər yaşlaşır, mövqelərini itirirdilər. Moskvada köhnə adətlər yenidən dirçəlirdi. Qərb, xüsusən də Osmanlıya qarşı ittifaq yaratmağa çalışan Vatikan dərin narahatlıq içində idi, anlayırdı ki, bir qadının təsiri və beş-on agentin varlığı ilə missiyanı başa çatdırmaq mümkün olmayacaq. Moskvanı gizli müharibə ilə ələ keçirmək, orada hakimiyyətə öz adamlarını gətirmək lazım idi. 1540-cı ildə Papa III Pavel İqnati Loyolanın təsis etdiyi Roma Katolik kilsəsinin ruhani ordenini təsdiqləyir. Bu orden sonradan yezuitlər kimi tanınacaqdı. Rəsmi olaraq yezuitlər elm, təhsil və missioner fəaliyyəti ilə məşğul olmalı idilər. Amma onların əsas məqsədi katolik kilsəsinin düşmənlərinə qarşı gizli müharibə idi. Dəqiq olsaq, o dövrdə katolik kilsəsinin əsas düşməni türklər idi. Məhz yezuitlər müxtəlif ölkələrin, o cümlədən Moskva knyazlığının elitasına sızdılar, Rusda qarışıqlıq (tarixşünaslıqda “Смута”) yaratdılar, Ryuriklər nəslini hakimiyyətdən uzaqlaşdırdılar və hakimiyyətə Romanovları gətirdilər, yeni rus-slavyan dili yaratdılar, tatarları saraydan qovdular. Antonio Possevininin «Missio Moscovitica: The Role of the Jesuits in the Westernization of Russia, 1582-1689» (“Missiya Moskovitika: Yezuitlərin Rusiyanı qərbləşdirməsində rolu”, 1582-1689) adlı kitabını oxumaq maraqlı olardı. Müəllif bu kitabda yezuitlərin “Missio Moscovitica” (Moskva Missiyası) adlı sənədindən söz açır və qeyd edir ki, bu sənədin qarşıya qoyduğu missiya qarışıqlıq, saray çəkişməsi, münaqişələr və gizli əməliyyatlar vasitəsi ilə Rusiyanı qərbləşdirmək idi. Rus tarixçiləri Qarışıqlıq dövrünü 1598-1613-cü illərə aid edir. Lakin Moskvada sular bundan əvvəl bulanmışdı. 1591-ci ildə Uqliçdə çarın kiçik oğlu Dmitri sirli şəraitdə həlak olur. Onun ölümü ilə Romanovların hakimiyyətə gedən yolu açılır. Romanovların soyadından hara bağlı olduqları məlum idi. Yalnız boyar nəsli olan Qodunovları aradan götürmək lazım idi. Tatar Murza Çetanın nəslindən olan Qodunlar ailəsi Saburovların qohumu idi. 1605-ci ilin aprelində Boris Qodunov şux və yaxşı əhvalda naharını bitirir və öz otağına gedir, orada qəfil halı pisləşir, burnundan qan açılır və ölür. İngilis səfirliyindən olan bir diplomat yazırdı ki, “Qodunovun ölümü çox müəmmalı şəraitdə baş verib”. Məsələ aydın idi. Onu öldürmüşdülər. Bundan sonra yezuitlər hakimiyyəti ələ almaq üçün “Yalançı Dmitri” layihəsinə start verdilər. 

Davamı olacaq

(Daha ətraflı “İblisin rəqsi” kitabında oxuya bilərsiniz (rus dilində))

Atash Sultanov,

Tarixçi Alim.

Həmçinin yoxlayın

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …

Azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyasını Dəyişən azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib. …