Çərşənbə , May 8 2024
azfa

Ermənistan işğala görə Azərbaycandan rəsmən üzr istəməyib, təzminat ödəməlidir

GADTB: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi daha geniş sülh prosesinin mühüm tərkib hissəsidir. Əgər sülh müqaviləsi iki dövlət arasında gələcək qarşılıqlı fəaliyyət üçün çərçivəni rəsmiləşdirməlidirsə, o zaman kommunikasiyaların açılması, humanitar məsələlər, təzminat və digər mövzular öz dinamikası olan paralel proseslərdir.

Bu barədə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) şərhində deyilir.

“Sadalanan hər bir mövzu Azərbaycan-Ermənistan münasibətlərindəki konkret dövrdə formalaşan şərtlərə uyğun inkişaf edir. Bəzi mövzular (məsələn, kommunikasiyaların açılması, Zəngəzur dəhlizi) sonraya saxlanıla və ya əksinə, irəli çəkilərək (məsələn, Ermənistan qanunvericiliyinin dəyişdirilməsi) sülh müqaviləsinin şərtlərinə daxil edilə bilər.

Ermənistandan təzminat alınması mövzusu müharibənin sonundan bəri aktualdır. Azərbaycan dəymiş ziyanın monitorinqini və qiymətləndirilməsini həyata keçirib. Bakının əlində Ermənistan baş nazirinin üçtərəfli bəyanat üzərindəki imzası var. Bu sənəddə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində olması faktı tanınır.

Son onilliklərdə təzminatların ödənilməsinə dair nümunə azdır, lakin bu fakt məsələni anaxronizmə çevirmir. Ən son misal kimi Rusiyanın dondurulmuş və Ukraynaya verilməsi gözlənilən aktivlərini göstərmək olar. Biz Qərbin Rusiyanın maliyyə ehtiyatlarının Ukraynaya transferinə hansı hüquqi don geyindirəcəyinə diqqət yetirməliyik. Aydındır ki, təzminat üçün əsas Ukraynaya qarşı təcavüz və ərazilərin sonradan Rusiyaya ilhaq edilməsilə işğalıdır.

Bu əsas Azərbaycana qarşı təcavüz etmiş, əraziləri işğal və ilhaq etmiş Ermənistan üçün də keçərlidir. Ermənistan qanunvericiliyi Azərbaycan üçün sübutlar bazasını təşkil edir. Azərbaycanın Ermənistan qanunvericiliyinin dəyişdirilməsi tələbi Bakının təzminatlarla bağlı mövqeyini hansısa formada yumşaltması baxımından İrəvan üçün müəyyən dərəcədə xilas yoludur. Ancaq Paşinyan hökuməti konstruktivlik nümayiş etdirməsə, o zaman bütün bu sənədlər Ermənistanı uçurumun dibinə sürükləyən ağır bir yükə çevriləcək.

Makronun təkliflərindən sonra Paşinyanın verdiyi “Azərbaycanla sülhün mümkünsüzlüyü haqqında” bəyanatı Bakını sülh müqaviləsi üçün yeni şərtlər irəli sürməyə vadar edə bilər. Qanunvericiliyin dəyişdirilməsi şərti ilə yanaşı, təzminat mövzusu paralellikdən çıxa və ilkin şərtə çevrilə bilər.

Qərb, xüsusilə ABŞ, təzminat iddiaları mövzusuna böyük diqqət yetirir. Məhz Vaşinqtondakı danışıqlar zamanı nümayəndə heyətlərinin tərkibinə Xarici İşlər Nazirliklərində beynəlxalq məhkəmələrə ünvanlanan iddialar üzrə məsul şəxslər daxil idi ki, bu da Birləşmiş Ştatların qarşılıqlı iddialardan çəkinməyi təklif etdiyini güman etməyə əsas verir.

Bununla belə, danışıqlar prosesinin öz dinamikası var. Və burada təzminat mövzusu yeni məna kəsb edə bilər.

Ermənistanın təzminat ödəməyə qadir olmadığı arqumenti isə tənqidə tab gətirmir. Belə ki, bu ölkə üç il ərzində Azərbaycan ərazisində ordu saxlamaq üçün ildə 400 milyon dollar ödəyən, iqtisadi artım nümayiş etdirən və maliyyə ehtiyatlarını artıran, Hindistan və Fransadan silah alışına milyardlar xərcləyən bir ölkədir.

Odur ki, hazırda Ermənistanın sanballı maliyyə yastığı formalaşıb və nəzərə alsaq ki, Ermənistan sivil ölkələrdən fərqli olaraq, işğal illərinə görə Azərbaycandan rəsmən üzr istəməyib, o zaman çoxmilyardlı təzminatlar Ermənistanın təbiətindəki təcavüzkarlığın qarşısını almaq üçün zəruri şərtə çevrilir.

Qərb himayədarları Azərbaycana təzminat ödəməyi öhdələrinə götürməklə, bu məsələdə də Ermənistana kömək edə bilərlər. Buna nail olmaq üçün Bakının təzminat prosesini məhkəmələrdə real təhlükə səviyyəsinə çatdırması və ya təzminat mövzusunu sülh müqaviləsinin şərti kimi irəli sürməsi məqsədəuyğun olardı. Təəssüf ki, belə olmazsa Ermənistanın qərbli himayədarları yerindən tərpənməyəcəklər. Çünki onlar üçün Azərbaycanın dağıdılmış şəhər və kəndləri, azərbaycanlılara qarşı mina terroru, öz doğma torpaqlarına qayıtmaq istəyən yüz minlərlə azərbaycanlı heç bir əhəmiyyətə malik deyil”, deyə qurum yazıb.

Həmçinin yoxlayın

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …

Azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyasını Dəyişən azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib. …