
GADTB: ABŞ prezidenti Donald Tramp Arizona ştatının Feniks şəhərində çıxışı zamanı bir daha vurğulayıb ki, “İran heç vaxt nüvə silahına sahib olmayacaq” və bildirib ki, müharibənin başa çatdırılması üçün əldə olunacaq sülh razılaşması İrana pul köçürülməsini nəzərdə tutmayacaq. O, “heç bir ödəniş edilməyəcək” deyə qeyd edib.
Bundan əvvəl yayılmış məlumatlarda ABŞ-ın İranın zənginləşdirilmiş uranının çıxarılması müqabilində bu ölkənin dondurulmuş aktivlərindən təxminən 20 milyard dolları azad edə biləcəyi iddia olunurdu.
Tramp çıxışında həmçinin İranla razılaşmaya nail olmaq üçün aparılan danışıqların “yaxşı irəlilədiyini” vurğulayıb.
ABŞ prezidenti Pakistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Fars körfəzi regionunun digər ölkələrinə təşəkkür edərək bildirib ki, bu ölkələr yaxın vaxtadək “Yaxın Şərqin zorbası” ilə qonşuluqda yaşayırdılar, lakin artıq həmin güc əvvəlki kimi təsir göstərə bilmir.
Donald Tramp son bir ildə əldə etdiyi uğurları sadalayaraq qeyd edib ki, indiyədək “səkkiz müharibəni dayandırmaqla milyonlarla insanın həyatını xilas edib”. O əlavə edib ki, İranla razılaşmadan sonra — burada Livanı da nəzərə almaq lazımdır — dayandırdığı müharibələrin sayı 10-a çatacaq.
ABŞ prezidenti çıxışının əvvəlində İran məsələsinə toxunaraq bildirib ki, əldə olunacaq istənilən sülh razılaşmasına əsasən, “İranın uranı ABŞ-a köçürüləcək”. Tramp əlavə edib ki, Vaşinqton ötən il baş vermiş 12 günlük müharibə zamanı bombardman edilmiş İran obyektlərində torpaq altında qalan zənginləşdirilmiş uranın çıxarılması üçün Tehrana yardım edəcək.
“Biz çoxlu qazma avadanlığı ilə İrana gedəcəyik və həmin uranı əldə edəcəyik. Bu ehtiyatları tezliklə evimizə – yəni ABŞ-a qaytaracağıq”, – deyə Tramp bildirib.
ABŞ prezidentinin bu açıqlamalarına baxmayaraq, İran İslam Respublikasının rəsmiləri zənginləşdirilmiş uranın ölkədən çıxarılmasının nəzərdə tutulmadığını bildirirlər.
Donald Tramp sonda qeyd edib ki, Vaşinqton və Tehran arasında ciddi fikir ayrılıqlarının çox qalmadığını düşünür.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi