
GADTB: ABŞ Prezidenti Donald Trampın “Newsmax” telekanalının yaydığı xəbəri paylaşması İran İslam Respublikası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın reaksiyasına səbəb olub. Tramp bundan bir neçə saat sonra İranın “tamamilə dağılması” ilə bağlı xəbərdarlıq edib.
Tramp özünün “Truth Social” sosial şəbəkəsində paylaşdığı məlumatda “Newsmax”ın İran parlamentinin sədrinə istinadən “Acıq; davam gətirə bilmirik” sözlərini yazdığı bildirilib.
ABŞ-ın sağyönümlü xəbər kanalı daha sonra İranın baş müzakirəçisinə istinadən bildirib ki, “əgər insanlar acdırsa, hər nə qədər hərbi baxımdan güclü olsaq da, məğlub olacağıq”.
“Newsmax” Qalibafın bu sözlərini İranın ağır iqtisadi vəziyyəti ilə bağlı “qeyri-adi dərəcədə açıq xəbərdarlıq” kimi qiymətləndirib.
Donald Trampın bu xəbəri paylaşmasına cavab olaraq Qalibaf ABŞ prezidentinin seçki şüarını istehzalı şəkildə dəyişdirərək öz paylaşımında yazıb: “Aclığı Amerikaya qaytaraq!”
İran parlamentinin sədri paylaşımında müxtəlif qurumların statistik məlumatlarına istinad edərək iddia edib ki, “ABŞ-da 47 milyon insan aclıqla mübarizə aparır. Hər səkkiz amerikalıdan biri aclıq və ərzaq təhlükəsizliyi problemi ilə üzləşir. ABŞ-da 16 milyon uşaq hər gün ac qalır”.
Qalibaf qrafik təsvirin digər hissəsində ABŞ prezidentinə müraciətlə yazıb: “Bu statistika sənin bleflərindən və saxta xəbərlərindən fərqli olaraq, realdır və sən saxta iddialar irəli sürməklə uğursuzluqlarını ört-basdır edə bilməzsən.”
Bununla yanaşı, Donald Tramp “Truth Social” platformasında yeni paylaşımında yazıb: “İran tamamilə dağılır.”
ABŞ prezidenti bu paylaşımında yalnız bu bir cümlə ilə kifayətlənib. O, cümləni xüsusi vurğu ifadə edən şəkildə tamamilə böyük hərflərlə yazıb və əlavə açıqlama verməyib.
Bundan əvvəl ABŞ-ın maliyyə naziri Skott Basent və vitse-prezident Cey Di Vens bu gündən etibarən İrana qarşı iqtisadi təzyiqlərin xüsusi mərhələsinin başlayacağını açıqlamışdılar. Basent hətta bu təzyiqlərin İran İslam Respublikasının devrilməsinə gətirib çıxaracağını bildirmişdi.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi