
GADTB: 1404-cü ilin azər ayının 27-də, Azərbaycan tarixində 1325-ci ilin 26 azər hadisələrinin — Pəhləvi rejimi dövründə baş vermiş “kitab yandırma günü”nün ildönümü ilə eyni vaxtda, Azərbaycanın Traxtur komandasının azarkeşləri Təbrizin Səhənd stadionunda keçirilən ölkə kuboku çərçivəsində Azərbaycanın Traxtur – Tehranın Piruzi komandaları arasındakı oyunu zamanı milli şüarlar səsləndiriblər. Azərbaycanlı tərəfdarlar “Azərbaycan şərəflidir, Pəhləvi bişərəflidir” şüarı ilə bu günün Azərbaycan xalqının tarixi yaddaşındakı acı yerini bir daha xatırladıblar.
Bundan əlavə, “Azərbaycan Ulduzları” adlı azarkeş qrupu Səhənd stadionunda simvolik aksiya keçirərək Urmiyə gölünün bərpası tələbinə diqqət çəkib. Azarkeşlər üzərində “Save Urmia Lake” (Urmiyə gölünü xilas edin) şüarı yazılmış köynəklər geyinərək gölün böhranlı vəziyyəti ilə bağlı ciddi addımların atılmasını tələb ediblər. Bu təşəbbüs Urmiyə gölünün bərpası məsələsini Azərbaycanın əsas sosial və ekoloji tələblərindən biri kimi yenidən gündəmə gətirib.
Traxtur azarkeşləri oyun boyu digər milli məzmunlu şüarlar da səsləndiriblər.
Qeyd edək ki, bir gün öncə — Azər ayının 26-da — Qərbi Azərbaycanın Urmiyə şəhərində yerləşən Durnalar Yuvası stadionunda Urmiyə voleybol komandasının “Təbiət İslamşəhr”lə qarşılaşması zamanı da azarkeşlər eyni şüarı səsləndirərək bu tarixi günün xatirəsini yad ediblər.
Xatırladaq ki, 26 Azər tarixi 1325-ci ildə Azərbaycan Milli Hökumətinin süqutundan sonra Pəhləvi rejiminin ikinci dövründə Azərbaycan şəhərlərinə daxil olan ordunun həyata keçirdiyi genişmiqyaslı repressiyaların ildönümüdür. Həmin gün Pəhləvi ordusu Azərbaycan xalqına qarşı zorakılıq, kütləvi həbslər, talan və qətllərlə yanaşı, mədəni və milli kimliyin məhv edilməsinə yönəlmiş addımlar atıb. Bu hadisələr Azərbaycan xalqının tarixi yaddaşında “kitab yandırma günü” kimi qalıb.
Tarixi sənədlər və çoxsaylı şahid ifadələrinə əsasən, Pəhləvi ordusunun bölmələri Təbriz başda olmaqla Azərbaycanın əsas şəhərlərinin meydanlarında türkcə (Azərbaycan türkcəsi) nəşr olunmuş kitabları, eləcə də Azərbaycan xalqının tarixi, mədəniyyəti və kimliyi ilə bağlı əsərləri toplayaraq yığınlar halında yandırıblar. Bu simvolik və zorakı addım eyni vaxtda həyata keçirilən mədəni, siyasi və fiziki repressiyaların tərkib hissəsi olub.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi