GADTB: Türkiyə ilə Şimali Kipr Türk Respublikası (ŞKTC) arasında ətraf mühit və şəhərsalma sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə dair üç protokol imzalanıb.
Lefkoşada iki ölkənin nümayəndə heyətləri arasında baş tutan görüşdən sonra keçirilən imzalama mərasimində ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, Türkiyənin Lefkoşadakı səfiri Yasin Ekrem Serim, Şimali Kipr Türk Respublikası Baş nazirinin müavini turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu, ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı ilə daxili işlər naziri Dursun Oğuz iştirak ediblər.
Mərasimdən sonra açıqlama verən Murat Kurum deyib: ”Kiprdəki türk xalqının rifahı və inkişafı üçün bütün vasitələr səfərbər edilir. Ortaq gələcək üçün işləməyə davam edirik”.
Şimali Kipr Türk Respublikası Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu isə öz növbəsində Türkiyə ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib və imzalanan protokolların ölkənin əsas ehtiyacları arasında olduğunu qeyd edib.