
GADTB: Türkiyənin “TUSAŞ” şirkətinin baş direktoru Məhəmməd Dəmiroğlu bildirib ki, milli “KAAN” qırıcısının yeni prototipi sistem sınaqlarını başa çatdırdıqdan sonra yerüstü sınaqlar və yüksək sürətli taksi mərhələsinə keçməyə hazırlaşır.
Dəmiroğlunun sözlərinə görə, KAAN qırıcısının ilk uçuşları P0 prototipi ilə həyata keçirilib. Qırıcının ilk əsas prototipi hesab olunan P1 nümunəsi isə sistem sınaqlarını tamamlayıb. Hər hansı problem və ya gecikmə yaranmasa, P1-in ilk uçuşunun oktyabr və ya noyabr ayında, ən geci isə cari ilin sonuna qədər həyata keçirilməsi gözlənilir.
Dəmiroğlu həmçinin ilk “Hürkuş-II” təlim təyyarələrinin Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verildiyini açıqlayıb.
“Hürjet” layihəsi çərçivəsində isə iki prototip indiyədək 600 saatdan çox uçuş həyata keçirib. Üçüncü prototip ötən ay ilk uçuşunu reallaşdırıb, dördüncü prototipin isə ilin sonuna qədər uçuşa başlaması planlaşdırılır.
Yeni prototiplərlə ixtisas və sertifikatlaşdırma uçuşları davam etdiriləcək. Bu prosesin ardından təyyarələrin əvvəlcə Türkiyə Hərbi Hava Qüvvələrinə, daha sonra isə İspaniyaya təhvil verilməsi nəzərdə tutulur.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi