GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 25-də Aşqabadda ABŞ-la Türkmənistan arasında iki günlük məsləhətləşmələr başlayıb. Danışıqlarda ABŞ nümayəndə heyətini dövlət katibinin köməkçisinin Mərkəzi Asiya üzrə müavini Emil Puma təmsil edir.
Müzakirələrin gündəliyinə Türkmənistanda insan haqlarının vəziyyəti, ikitərəfli münasibətlərin digər tərəfləri, o cümlədən iqtisadi problemlərin həllinə dair məsələlər daxildir. Türkmənistan nümayəndə heyətinə isə prezident Qurbanqulu Berdımuhəmmədovun oğlu, parlamentin Qanunvericilik Komitəsinin sədri Sərdar Berdımuhəmmədov rəhbərlik edəcək. Bu barədə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov açıqlama verib.
Türkmənistanın hasil etdiyi təbii qazın Avropa bazarlarına ixracı məsələsinin müzakirə predmeti olacağı gözlənilir. Sentyabr ayında yayılan məlumatda Türkmənistan hökumətinin Avropa Birliyi və ABŞ-la danışıqlar apardığı bildirilirdi. Oktyabrın 10-da isə “Qazprom” şirkətinin rəhbəri Aleksey Müller Aşqabada səfər edərək Rusiyanın 2019-cu ildən türkmən qazını almaq istədiyini deyib.
Lakin Türkmənistan öz qazını Avropa Birliyinə satmaq ideyasından imtina etməyib. Bu günlərdə Aşqabadın Rusiya ilə paralel Brüsseldə Avropa Birliyi rəsmiləri ilə də danışıqlar apardığı məlum olub. Türkmənistan hökumətinin son iclasında baş nazirin müavini Mıratgeldi Meredov bildirib ki, Aİ “Transxəzər” qaz kəmərinin inşasına və “mavi yanacağ”ın Avropa bazarına çatdırılmasına maraq göstərir. Onun sözlərinə görə, Avropa rəsmiləri mühüm enerji layihəsi olan “Transxəzər” qaz boru kəmərinin həyata keçirilməsi üçün investisiyaların cəlb edilməsinə kömək etməyə hazırdır.
Məsələni şərh edən Rusiyanın Mərkəzi Asiya və Əfqanıstan Araşdırmalar İnstitutunun Elmi Şurasının üzvü İqor Pankratenko “İndi söz ABŞ-ındır”-deyib.
ABŞ-da Aşqabad danışıqlarda mürəkkəb tərəf kimi tanınır. 2018-ci ilin avqust ayında Dövlət Departamenti yaxın illər üçün Türkmənistana dair hərətəfli strategiyasını açıqlayb. Sənəddə Türkmənistan ABŞ-ın xidməti personalının öz missiyasının yerinə yetirməsi üçün çətin bir yer kimi göstərilir”-ekspert Boris Şıxmuradov belə deyib.
Lakin ABŞ prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri zamanı enerji təhlükəsizliyi məsələsini müzakirə etməsi və ARDNŞ prezidenti Rövnəq Abdullayevlə apardığı müzakirələr Vaşinqtonun “Transxəzər” qaz kəmərinin reallaşması istiqamətində səylərin artacağını deməyə əsas verir.