Cümə , Aprel 19 2024
azfa

Yüzdən çox güneyli ziyalı və hərəkət fəalı Əhməd Obalıya tənqidlərini bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın bəzi ziyalıları Günaz TV rəhbəri Əhməd Obalıya müraciət edib.

GADTB Axar.az-a istinadən güneyli fəalların müraciətinin mətnini təqdim edir:

“Hörmətli Əhməd bəy!

Rəhbəri olduğunuz “Günaz” televiziyasının fəaliyyəti, habelə sizin Azərbaycan milli hərəkatına verdiyiniz töhfə danılmazdır. Şübhəsiz ki, Gunaz TV Güney Azərbaycanda ortaya çıxan milli oyanışda önəmli rol oynayıb və milli hərəkatın önəmli medialarından olub.

Ancaq sayın Əhməd bəy, milli hərəkata könül vermiş olan milli-mədəni fəallar olaraq bır sıra mövzularda sizə tənqidlərimizi bu vasitə ilə çatdırmaq istəyirik, çünki Günaz TV-nin siyasətində bəzi məsələlər həqiqətən milli fəalları üzür və qayğılandırır. Biz istərdik ki, Azərbaycan-türk milləti adına qurulan və yönətimi sizə əmanət olan Günaz TV tam bir milli media quruluşu kımı idarə olunsun. Amma təəssüf ki, çox vaxt Günaz TV bir milli media vəzifəsinə uymayan davranışlar sərgiləyib, milli yanaşmadan daha çox, özəl bır quruluş xarakteri göstərir.

Milli hərəkatda onlarla milli-mədəni fəal və quruluşumuzun Günaz TV-də cənabınız tərəfindən yersiz ittiham olunması, bu ittihamlara keçərli dəlillər ortaya qoyulmaması, bır sıra milli məsələlərdə peşəkarlığa, bitərəfliyə və media prinsiplərinə uymayan davranışlar göstərilməsi təəssüf ki, TV və şəxsən sizinlə bağlı suallara səbəb olub. Son zamanlarda deyirdiniz ki, hamının yanlışı ola bilər, biz də yanlış bilgilərdən dolayı səhvlərə yol vermişik, amma önəmli olan səhvi başa duşub təkrar etməməkdir. Bu, çox dəyərli və ümidverici bir təşəbbüsdür və biz milli-mədəni fəallar ümid edirdik ki, artıq Günaz TV öz milli vəzifəsinə geri dönəcək. Amma təəssüf ki, 28 dekabr 2018-ci il tarixindəki danışıqlarınız milli fəalları bir daha məyus etdi. Bu proqramda yenə bir sıra fəallarımıza qarşı dəlil göstərilmədən, gerçəkliyə uymayan iddialar və ittihamlar irəli sürüldü və yenə də bir milli medianın peşəkarlıq və bitərəfliyinə uymayan çıxışlarız oldu.

Açıqcası, bu durum yenə də milli fəalları çox kədərləndirib qırdı!

Sayın Əhməd bəy!

Bu müraciəti imzalayan milli hərəkat mənsubları olaraq ümid edirik ki, Azərbaycan-turk milləti adına idarəçiliyi sizə əmanət olan Günaz TV öz adına yaraşan tam bir gerçək milli media kimi çalışacaq. Düşünürük ki, milli fəallara qarşı qaynaqsız və təxribatlı iddialar irəli sürmək, milli hərəkatın dar çevrələrində danışılan dedi-qodu tipli mövzuları xalqımızın evlərinə daşıyaraq vətəndaşlarımızı, özəlliklə gəncləri ümidsizliyə sürükləmək və tərəfli davranmaq bır milli mediada kəsinliklə olmaması gərəkən şeylərdir.

Son olaraq ümid edirik ki, bu müraciəti dostca edilən tənqid kimi qəbul edəcəksiniz. Çünki atalarımız demişkən, dost acı söylər”.

Qeyd edək ki, müraciəti Güney Azərbaycanın 100-dək milli-mədəni fəalı imzalayıb.

 

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın