Çərşənbə axşamı , İyul 7 2020
azfa

Aydın Qasımlı: Türküstan Piri – Təsəvvüf fəlsəfəsinin ölümsüz şairi Əhməd Yəsəvi

GADTB: Uzaq Şərqdən Avropanın ortalarına qədər 1200 illik İslama qədərki Türk hakimiyyətini əsası X əsrdən başlayıb XX əsrdə sona erən 1000 (min) illik İslami Türk hakimiyyəti davam etdirmişdir. Bu İslami Türk hakimiyyəti İslam dünyasının müqəddəratında mühüm rol oynamaqla yanaşı Asiya qitəsinin, Şərqi Avropanın, Balkanların və Şimali Afrikanın son min illik tarixinə də yön vermişdir. Adı çəkilən bu ərazilərdə Türk hakimiyyəti ilə yanaşı Türk mədəniyyəti, Türk ədəbiyyatı və Türk dili də önəmli rol oynamışdı. Türklər hakim olduqları bu bölgələrdə ictimai-siyasi məsələlərlə yanaşı mədəni və dini məsələləri də tənzimləməkdə mahir idarəçilər olmuşlar. Bu İslami Türklər hakimiyyətləri dönəmlərində Buddizm, İslam və Xristian dinlərinin hakim olduğu ölkələrdə mövcud mədəni dəyərlərlə Türk dini və mədəni dəyərlərini ahəngli bir şəkildə qaynaşdırmışlar ki, bu işdə Türk övliya və mütəsəvviflərinin də xüsusi xidmətləri olmuşdur. İslami ərəb və fars övliya və mütəsəvviflərindən fərqli olaraq Türk övliyaları və mütəsəvvifləri mövcud dünya dinləri arasında bir uyum saxlamış, yeni bir “Təsəvvüf ədəbiyyatı” vücuda gətirmişlər. Türklərə qədərki Şərq təsəvvüf ədəbiyyatının fikir qaynağı və təməl ideologiyası İslam dini və İslam təsəvvüfü olmuşdur. Türklər hakim olduqları ərazilərdə mövcud olan bütün dini dünyagörüşləri çulğalaşdırmış, İslam imanı kimi İslam təsəvvüfünü də Türkün inam üslubu ilə birləşdirmişlər. Türk təsəvvüf ədəbiyyatı zəngin Türk xalq ədəbiyyatı ilə klassik divan ədəbiyyatını da bir-birinə yaxınlaşdırmış, hər iki ədəbiyyat arasında bir “ədəbiyyat körpüsü” vəzifəsini də yerinə yetirmişdir.

İslam dinini qəbul edən Türklərin köçəri və oturaq hissələri Təsəvvüfü fərqli şəkildə qəbul etmişlər. Ona görə də Türk Təsəvvüf cərəyanı “Fikri və Zöhdi Təsəvvüf” olmaqla ikiyə ayrılmışdır. İlk öncə Xorasan, Herat, Mərv, Nişabur, Buxara, Fərqanə və digər şəhərlərdə yaranan təsəvvüf sonradan Türk mütəsəvvifləri və dərvişləri vasitəsilə köçəri Türklərin yaşadıqları bölgələrə də ulaşmışdı ki, bu işdə “1166-cı ildə vəfat edən Türküstan Türk ədəbiyyatının və təsəvvüfünün ölümsüz böyük şairi, Türk dərvişliyinin qurucusu Əhməd Yəsəvinin xüsusi xidmətləri olmuşdur”(Prof.Dr. Laszlo Rasonyi, Tarihte Türklük, Ankara 1971, səh. 189). Tədqiqatçıların da qeyd etdiyi kimi: “Türklərin İslamı qəbul etdikləri ilk əsrlərdə zəngin Türk təfəkkürü ilə İslam dünyagörüşünün təmasından yaranan təsəvvüf fəlsəfəsi özünün ilk mükəmməl təzahürünü Türküstan müdrükü Əhməd Yəsəvidə tapmışdı. Böyük mütəfəkkir və ilk böyük müqəddəs Türk müsəlmanı haqqındakı rəvayət –mənbələr (mənqabələr-A.M.) tezliklə bütün Türk ellərini dolaşaraq ona heç kimin iddia edə bilməyəcəyi qədər geniş şöhrət gətirmişdi. Yüzlərlə mürid-dərvişlər el-el, oba-oba gəzib Əhməd Yəsəvi ilahilərini, yaxud hikmətlərini Türklər arasında yaymışdılar. Öz mürşidlərinin nə qədər böyük fəzilət sahibi olduğunu göstərmək üçün onun demədiyi sözləri belə onun adından söyləməkdən çəkinməmişlər. Dərvişlər Göy həqiqətinin Yerdəki carçısı, Yer Mələkləri, haqq-ədalətin, müqəddəsliyin rəmzi olduqlarından xalq onları dinləmiş, söylədikləri hər fikri qəbul etmişlər. Beləliklə, həm mürşid Əhməd Yəsəviyə, həm də onun müxtəlif yüzilliklərdə yaşamış müridlərinə-Yəsəvi dərvişlərinə aid sufiyanə şeirlər sonrakı dövrlərdə tamamilə təbii olaraq “Türküstan müdrükü” Əhməd Yəsəvinin əsərləri kimi təqdim olunmağa başlamışdı” (Seçmələr bizimdir-A.M. Bax: Nizami Cəfərov, Türk xalqları ədəbiyyatı, I cild, Bakı 2006, səh. ).

Əhməd Yəsəvi XI əsrin ikinci yarısında Türküstanın Yəsə şəhərində Şeyx İbrahim adlı müqəddəs bir şəxsin ailəsində dünyaya gəlmiş, yeddi yaşında ikən ata-anasını itirmişdi. Əhməd Yəsəvi dövrün məşhur sufi alimi Şeyx Yusif Həmədanidən (1048-1140) dərs almış, 30 il ona müridlik etmiş, nəhayət 1160-cı ildə onun üçüncü xəlifəsi olsa da, o, öz yerini Əbdülxaliq Qucduvaniyə verərək Yəsəyə dönmüşdü. Türk, ərəb və fars dillərini mükəmməl bilən, İslam əsaslarını dərindən öyrənən Əhməd Yəsəvi xalqın anlayacağı bir dildə söylədiyi hikmətləri ilə tezliklə bütün Türküstanda böyük şöhrət qazanaraq “Türküstan müdrükü” titulunu qazanmışdı. Rəvayətə görə Əhməd Yəsəvinin doxsan doqquz min müridü olmuşdur ki, bunlardan ən məşhuru Mansur Ata, Səid Ata və Süleyman Hakim Ata olmuşlar.

Xalqın içində yetişən Əhməd Yəsəvi ruh oxşayan çəkici hikmətləri sayəsində qısa bir zamanda çadırlarda köçəri həyat keçirən Türklər arasında tanınmış, əfsanəvi bir şəxsiyyət səviyyəsinə yüksəlmişdir. Hikmətləri kimi kəramətləri də geniş Türk xalqını sarmış, ağızdan-ağıza dolaşaraq onu əfsanələşdirmişdi. Bir əfsanədə hətta göstərilir ki: “Yəsəvi və şagirdləri quş şəklinə girərək uça bilirlər” (Bax: Rasonyi, göstərilən əsəri, səh. 33).

Böyük təriqət sahibi və filosof olan Əhməd Yəsəvini orta əsr tarixçi və xüsusilə təsəvvüf şairləri “Şəriətin nizamı, Təriqətin imamı və Həqiqətin tamamı” kimi vəsfləndirmiş, onu ədəbiyyat tarixinə bu cür tanıtmışlar. Mənəvi qüdrəti, yüksək şeriyyəti və ünü ilə coğrafi hüdudları aşan Əhməd Yəsəvi şeirlərində Qul Xacə Əhməd, Sultan Xacə Əhməd, Əhməd Miskin, Əhməd Şikəstə, Qul Əhməd, Xacə Əhməd, Xacə Əhməd Yəsəvi, Yəsəvi, Sultan Əhməd, Miskin Xacə Əhməd Yəsəvi və s. kimi ləqəbləri işlətmişdir. Bunu nəzərə alan tədqiqatçılar göstərirlər ki: “Yəsəvi kimi ün salmış, şöhrət qazanmış bir mütəfəkkirin durub-dururkən bu qədər çox ləqəb işlətməsinə ehtiyac olmadığı nəzər-diqqətə alınacaq olarsa, bir qism şeirlərin sonradan Yəsəviyə yamandığına şübhə yoxdur… Fəqət nə yazıq ki, bu böyük şöhrət şairin lehindən çox əleyhinə olmuşdur. Bu xalq filosofunun qələmindən çıxan şeirləri və hikmətləri sayğı üzündən geniş dəyişikliklərə yol açmış və illər keçdikcə bizə tanınmayacaq dərəcədə, qəribə bir şəkildə gəlib çatmışdır. Bu gün əlimizdə Yəsəviyə aid edilən şeir mirasının gerçəyini təqlidindən ayırd etməmizə imkan qalmamışdır… Ona görə də Əhməd Yəsəvinin ədəbi şəxsiyyəti və dili haqqında kəsin bir fikir yürütmək imkansızdır. Hələ katib xətalarının bolluğu və diqqətsizliyi məsələni bir qat daha zorlaşdırmaqdadır. Çap nüsxələrindəki şeirlərin də düzənsizliyi və mənşələrinin şübhə yaratması büsbütün işi qarışdırmaqdadır” (Ahmet Caferoğlu, Karahanlı devri Türk edebiyatı, Bax: Türk dünyası el kitabı, III cilt, ikinci baskı, Ankara 1992, səh. 63, 64).

Əhməd Yəsəvi Qaraxanlı dövlət dili olan Xaqaniyə Türkcəsini gəlişdirməkdə və onu xalqa ədəbiyyat yolu ilə çatdırmaqda çox mühüm rol oynamış, əvəzsiz xidmətlər göstərmişdir. Onun yaratdığı təriqət ədəbiyyatı bir məktəb şəklini almış, yarandığı ilk vaxtdan etibarən geniş bir müridlər silsiləsi yaratmışdır. Yəsəvidən sonra 20 il Yəsəvilik təriqətini davam etdirən ən böyük sufi şair Həkim Ata Süleyman olmuşdur. Bakırqan bölgəsindən çıxan bu sufi şair daha çox Xarəzm bölgəsində məşhur olmuş 1186-cı ildə vəfat etmişdir.

Əhməd Yəsəvinin yaratdığı əsər “Hikmətlər Divanı” adı ilə məşhurdur. Xalq ruhunu oxşayan bu hikmətlər yalnız şeir olaraq qalmamış, digər sənət əsərlərində də öz əksini tapmışdır. Müəllifin şeirlərindəki ayrı-ayrı hikmətli beytlər müxtəlif əşyalara həkk edilərək həm cəmiyyət zövqünü oxşamış, həm də Türk təsəvvüf ədəbiyyatının yayılmasına xidmət etmişdir. Mütəfəkkirin “Hikmətlər Divanı”nın ən mükəmməl nəşrini professor Kamal Əraslan hazırlamışdır.

İslam dininin təsəvvüf yolu ilə Türklər arasında yayılmasında müstəsna rol oynayan Əhməd Yəsəvi Türk yazılı ədəbi dilinə yeni-yeni məfhumlar gətirmiş, Türk dili İslami deyimlərlə zənginləşmişdir. Əhməd Yəsəvi yabançı kəlimə və sözlərin mənaca Türkcə qarşılıqlarını paralel işlətməklə yanaşı, həm də yabançı kəlimə və sözləri milli Türk dili qəlibinə salaraq xalq dilinə uyğun şəkildə işlətmiş, bununla da xalq zövqünü oxşamışdır. Əhməd Yəsəvi Türk milli məfkurəsini və İslam dininin mahiyyətini ana Türkcə ilə söylədiyindən onun söyləyişləri xalq tərəfindən göydən enmiş kimi mənimsənilmişdir. Əhməd Yəsəvinin duyğu və düşüncə aləmini hazırlayan mənəvi mədəniyyətin qaynağını Türk mənəviyyatı və İslam imanı təşkil edir. İslam imanını Türk fəlsəfi düşüncəsi ilə birləşdirən Əhməd Yəsəvi Türk təsəvvüf ədəbiyyatının yaradıcısı olmuşdur. Əhməd Yəsəvi həm də təsəvvüf yolu ilə qədim Türk dini dünyagörüşünün bir çox ünsürünü yaşatmağa nail olmuş, bununla da Türküstanda təsəvvüf fəlsəfəsini sistemləşdirərək bir məslək halına gətirmiş, bu fəlsəfənin köçəri Türk çadırlarından Xaqan saraylarına qədər yayılmasına nail olmuşdu.

Qeyd edildiyi kimi, Əhməd Yəsəvinin mürşidi Şeyx Yusif Həmədani olmuşdur. Öz mürşidi kimi Hənəfi məzhəbində olan Əhməd Yəsəvi öz “Hikmətlər”ində lirizmdən daha çox təbliğata ağırlıq vermiş, öz təsəvvüfi dünyagörüşünü xalqın zövqünə uyğun bir şəkildə yorumlamağa çalışmış, bunun üçün milli dil, milli əda, milli şəkil və milli vəzndən istifadə edərək İslam dinini Türk zövqü ilə birləşdirərək ərəb və fars təsəvvüfündən tamamilə ayrı bir mahiyyətli, xalqın zövqünə uyğun bir Türk təsəvvüf ədəbiyyatının əsasını qoymuşdur. “Hikmət bilgisi” müəyyən mənada “təsəvvüf elmi” deməkdir. Ümumiyyətlə, şərq ədəbiyyatında “Hikmət” yalnız Əhməd Yəsəvinin əsərinə verilən addır. “Divani-Hikmət” adlanan bu əsər bir mürşid və İslam mücahidi olan Əhməd Yəsəvinin İslamiyyətin əsaslarını, şəriətin ehkamlarını, təsəvvüf haqqındakı inanc və fikirlərini, əməli əxlaq və mühitin ictimai çatışmazlıqlarını, İlahi eşqi, Tanrının mütləq iradə və qüdrətini, Peyğəmbər sevgisini, ibadəti, axirət həyatını, qiyamət əhvalını, Cənnət və Cəhənnəmi, dünyadan sufiyanə şikayəti, dərvişliyin fəzilətlərini, İslam mütəsəvviflərinə aid qissələri, Yəsəvi təriqətinin ədəb və ərkanını bütün təfərrüatları ilə İslamiyyətə yenicə girmiş və ya hələ İslamiyyəti qəbul etməmiş Türklərə anlatmaq baxımından dövrü üçün əvəzsiz sənət nümunəsidir. Çeşidli bölgələrdə başqa-başqa Yəsəvi dərvişləri tərəfindən toplanıb “Divani-Hikmət” adı altında bir araya gətirilən Əhməd Yəsəvinin “Hikmətləri” Türklər arasında kutsallıq qazanmış, beləliklə “Hikmətlər” bir şəxsin əsəri olmaqdan çıxaraq ortaq inanc və düşüncənin məhsulları halına gəlmişdir.

İslam dininə ürəkdən bağlı olan Əhməd Yəsəvi təriqət başçısı və mütəsəvvif olmasına baxmayaraq “Hikmətlər”ində şəriətə zidd heç bir ifadə işlətməmişdir. O, “Hikmətlər”ində Qurani-Kərimin ehkam və əmrlərini, Həzrəti Peyğəmbərin (s) hədislərində ifadə edilən həqiqətləri dilə gətirdiyini açıqca bildirmişdir. Bir mütəsəvvif olan Əhməd Yəsəviyə görə: “Eşqsiz insan insan deyil, Şeytan qövmündəndir. İlahi eşq də iman kimi Allahın insanlara bir lütfüdür. Bu lütfə nail olan insan, hər cür pislikdən arınır, içi aydınlanır. İnsan ancaq İlahi eşq ilə öz “Mən”indən sıyrılıb Haqqa qovuşa bilər. Bu eşq maddi insanı yox edib ikiliyi ortadan qaldırır”. Təsəvvüfün ölümsüz şairi Əhməd Yəsəviyə görə: “İnsanı Allah yolundan sapındıran nəfsdir. Ona görə də nəfs dağından aşmaq, yəni nəfs bağlarından qurtulmaq gərəkdir. Əks təqdirdə “Fəna fillah” məqamına ulaşmaq nümkün olmaz. İnsan qəflətə düşməməli, ölmədən öncə nəfsini öldürməlidir ki, “Fəna-Allah” məqamına erişə bilsin”.

Əhməd Yəsəviyə görə: “İnsanın özünü tanıması Haqqı tanıması deməkdir. Qəflətdən oyanmaq, könül gözünü parlatmaq lazımdır, ancaq o zaman Allah qatında bir insan Həzrəti Məhəmmədə(s) layiq bir ümmət ola bilər. İnsanın qürurlanması, özünü böyük göstərməsi caiz deyil. Ululuq yalnız Allaha məxsusdur. Əsli torpaq olan cismimizin heç bir dəyəri yoxdur. İnsanoğlu bir pirə bağlanmalı, təriqətə girməlidir. Əsil pir Həzrəti Məhəmməddir (s)”. Əhməd Yəsəvi göstərir ki: “Şəriət ilə təriqət bir-birindən ayrı şeylərdir. Şəriətə dayanmayan təriqət batildir. İnsanın vəzifəsi şəriət, qəlbi və özü isə təriqətdir”.

Əhməd Yəsəvi köçəri Türklər arasında onların anladıqları ana Türkcədə onlara xitab edərək İslam dini qaydalarını onların arasında yayan yüzlərlə dərviş yetişdirmişdi ki, bunun da sayəsində İslam dini Türküstanda geniş yayılmış və mənimsənilmişdi. İnsanlara səadət yolunu göstərən bu dərvişlərə Türklər böyük sevgiylə yanaşmış, onları keçmiş şaman və ozanlarına bənzətmiş, onları “Ata, Baba” adları ilə anmışlar. Türk-İslam dövründə yayılmış dörd böyük təriqətdən (Qədirilik, Kubravilik, Əkbərilik, Yəsəvilik) biri də Əhməd Yəsəvi tərəfindən Türküstanda qurulan “Yəsəvilik” təriqəti idi. Bu təriqət üzvləri Türküstan, Azərbaycan, Anadolu və Volqaboyu Türkləri arasında İslamiyyəti yaymaqla yanaşı Əhməd Yəsəvini də əbədiləşdirmişlər. “Yəsəvilik” Türküstanla yanaşı Qızıl Orda, Əfqanıstan, Xorasan, Anadolu və digər bölgələrdə yayılmış, özündən sonra Mavərünnəhrdə yaranan “Nəqşibəndilik”, Anadoluda yaranan “Bektaşilik” təriqətlərinin ideya qaynağı olmuşdur. Əhməd Yəsəvi elə bir başlanğıc qoymuşdu ki, ondan sonra yaranan əksər Türk təriqətləri ərəb və fars təriqətlərinin təbliğ etdiyi zahidlikdən fərqli olaraq Türk sufiliyində insanı doğru əxlaq və ruh təmizliyi ilə yanaşı vətən və ülkü fikirlərini də Türk düşüncəsinə uyğun olaraq bir-biri ilə qaynaşdırmışlar. “Baba”, “Abdal” kimi təbirlərlə anılan Türk şeyxlərinin rəhbərliyi ilə “Alpərənlər” “Qazi” olaraq vətəni vəzifələrini də yerinə yetirərək Türklər arasında sevilib sayılmışlar. Ümumiyyətlə, Əhməd Yəsəvi bütün Türk sufilərinin “Babası” sayılır. Onun bütün müridləri Türk olmuşdur.

İslam dini mövzularını anlaşıqlı bir şəkildə xalqa çatdıran Əhməd Yəsəvi müsəlman ərəb və hətta müsəlmanlığı qəbul edən ilk Türk ordularının savaş yolu ilə yapmağa çalışdıqları işi təsəvvüf yolu ilə daha asanlıqla yapmış, İslam dinini qılınc gücü ilə deyil, sözün sehri ilə mənimsətməyə müvəffəq olmuşdu. Bütün Türklərin “Vəlisi” kimi tanınan, Türkcə yazan ilk Türk sufisi və Türk təsəvvüf ədəbiyyatının banisi olan Əhməd Yəsəvi Ulu Oğuz Xaqanın İmperiya mərkəzi olan Sır-dərya vadisində yerləşən Yəsə şəhərində 1166-cı ildə vəfat etmiş, orada da dəfn olunmuşdur. Məzarı Əmir Teymur tərəfindən müəzzəm bir türbəyə və böyük bir ziyarətgaha çevrilmişdi. Böyük Əmir Teymurun tikdirdiyi memarlıq abidələri içərisində Xoca Əhməd Yəsəvinin türbəsi tam bir milli məna qazanmışdır. Əmir Teymur bu müqəddəs işi ilə iki böyük və nüfuzlu Türk dühasını-özü ilə Əhməd Yəsəvini bir-biri ilə qovuşdurmuşdur. Özbəklər dövründə Yəsə şəhərinin “Türküstan” adlanması da Əhməd Yəsəvinin Türklər arasında necə dini və milli bir müqəddəs şəxs kimi əsrlərcə yaşadığını göstərir.

Ruhu şad olsun! Amin.

Aydın Mədətoğlu Qasımlı

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Həmçinin yoxlayın

İsrail İranı ilzləmə məqsədilə peykini orbitə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail İranın dağıdıcı nüvə fəaliyyətini izləmək məqsədilə yeni …

Azərbaycanlı milli-mədəni fəal Ruzbeh Piri həbs müddətini bitirib azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Ruzbeh Piri həbs müddətini bitirdikdən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir