Cümə , Avqust 14 2020
azfa

Türkologiyanın böyük fədaisi professor Bəkir Çobanzadə

GADTB: Türkologiya elminin böyük nümayəndəsi, Bakı Dövlət Universitetinin professoru, Azərbaycan elminə mühüm töhfələr vermiş krım-tatar əsilli Bəkir Çobanzadə qanlı 1937-ci il repressiyasının qurbanı olub. Onun həbsi və öldürülməsi ümumilikdə dünya türkologiyasına, xüsusən Azərbaycan filoloji elminə ciddi zərbə hesab edilir.

B.Çobanzadənin repressiya olunmasına dair (müəyyən qədər ixtisarla verilən) bu material F.D.Aşnin, D.M.Nasilov və V.M.Alpatovun “Məhv edilmiş Türkologiya” əsərindən parçalardır. Həm aktuallığını nəzərə alaraq, həm də professor B.Çobanzadəni bir daha anmaq üçün təqdim etdiyimiz materialı dilimizə Bakı Dövlət Universitetinin dissertantı İmanyar Quliyev çevirib.

***

Repressiyaya qurban gedən ən dəyərli elm adamlarından biri də (12493 nömrəli məhkəmə qovluğu əsasında) məşhur türkoloq Bəkir Vahaboviç Çobanzadədir. Onun elmi tədqiqatları bu kitabın müəlliflərindən biri (Aşnin) tərəfindən ətraflı araşdırılıb. Ona görə də burada onun elmi fəaliyyətinə dair təfərrüatlara toxunmayacağıq. Burada B. Çobanzadənin Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (indiki DTX – tərc.) 26926 nömrəli məhkəmə qovluğunda əksini tapan tərcümeyi-halından əsas məqamları qeyd edəcəyik.

1883-cü ildə çoban ailəsində (elə soyadını da atasının peşəsindən götürmüşdü) dünyaya gələn B.V.Çobanzadə məşəqqətli ömür sürüb. Krım tatarlarından (türklərindən) olan Çobanzadə orta məktəbi İstanbulda oxumuş, 1914-19-cu illərdə Budapeşt Universitetində türkologiya üzrə mükəmməl təhsil almışdı. Sonralar özünün də məhkəmə işində qeyd etdiyi kimi, universiteti qurtardığı il Macar Qırmızı Ordusunun tərkibində təşkil edilən əcnəbilər alayının koordinatoru olmuşdu.

1920-ci ildə o, başqa bir adamın pasportu ilə Krıma qayıdıb. Ancaq yarımadada hakimiyyət Krım türklərinin bütün siyasi fəaliyyətlərinə qadağa qoyan Vrangel idarəsinin əlində idi. B. Çobanzadə – istintaqda verdiyi ifadəyə görə – siyasi qadağasına cavab olaraq “Ağ qvardiyaçılar”a qarşı gizli fəaliyyətə başlayıb. O, bütün hallarda Krım türklərinə milli muxtariyyət vəd edən Sovet hakimiyyətini qəbul edib. 1924-cü ilə qədər ictimai həyatda aktivlik göstərib. O, əvvəlcə qanuni fəaliyyət göstərən “Millə Firqə” partiyasının rəhbərlərindən və Krım İnqilabi Komitəsinin üzvlərindən olmuşdu. Ancaq bir müddət sonra “Milli Firqə”çilər təzyiqlərə məruz qalmışdılar. B. Çobanzadə bəzi məsələlərə görə bu partiyadan uzaqlaşmışdı. Krım türklərinin əlifbası məsələsində o, “Milli Firqə”çilərlə eyni fikirdə deyildi. “Firqə”çilər ərəb əlifbasının dəyişdirilməsini istəmirdilər, B. Çobanzadə isə latın əlifbasından istifadənin tərəfdarı idi.

Bütün bunlar onun siyasətdən uzaqlaşıb elmi-pedaqoji fəaliyyətə yönəlməsindən xəbər verirdi. 1925-ci ildə Krımı birdəfəlik tərk edib, həbs olunanadək Bakıda yaşayıb. O, Bakı Universitetinin professoru olub, 1930-cu illərdə isə SSRİ EA-nın Azərbaycan bölməsində işləyib.

***

B.Çobanzadə Krım və Bakıda dəyərli elmi araşdırmalara imza atıb. Həbsxanada, ölümündən əvvəl elmi fəaliyyətini bu sözlərlə qiymətləndirmişdi (Bu sənəd Məhkəmə işinin I cildinə daxil edilib, ancaq nömrələnməyib):

“Mən öz sahəmdə Sovet Şərqinin ilk professoruyam. Üstəlik, məni bu mövqeyə Sovet İttifaqı gətirib. Bu ölkələrin öz dillərində açıq dərslər keçmişəm. Universitetdə bir çox kurslar ilk dəfə öz dillərində təşkil edilmişdir.

Elmi fəaliyyətim dövründə 150-dən çox araşdırma aparmışam. Onların ən az 100-ü Azərbaycan dili və ədəbiyyatının elmi bünövrəsini təşkil edən ilk tədqiqatlardır. Bunların çoxu bu gün də öz elmi dəyərini itirməmişdir.

Dil və ədəbiyyat üzrə yüzlərlə mütəxəssis yetişdirmişəm. Bu tələbələrim arasından elmi araşdırmaları ilə özünü təsdiq edən və başqa ölkələrdə belə elmi fəaliyyəti məqsədəuyğun sayılan onlarla yüksək ixtisaslı elm adamı, dosent, dosent köməkçisi çıxmışdır”.

B. Çobanzadənin istedadını sübuta yetirən fakta – uydurma olmadığına inanırıq – məhkəmə işində də rast gəlirik. Həbsdə olan tarixçi Vəli Xuluflunun bildirdiyinə görə, əcnəbi elm adamlarından ibarət bir heyətin Bakıya səfəri zamanı o dövrün məşhur botaniki A. A. Qrossqeym (sonralar professor olacaqdı) tərcüməçi kimi dəvət edilibmiş. Ancaq o, tərcüməçilik işinin öhdəsindən gələ bilmir. Orada olanlar arasında fransız dilini təkcə B.Çobanzadə bilirmiş. Vəziyyətdən çıxmaq üçün heyətin işinə kömək edir. Bu hadisədən sonra azərbaycanlı alimlər “Biz Qrossqeym kimilərinə layiq olmadıqları dəyəri veririk. Öz kadrlarımızı layiqincə qiymətləndirmirik” demişdilər (III c., s. 773).

B. Çobanzadə Bakıya köçəndən sonra xüsusən elmi dairələrdə nüfuz qazanmışdı. İlk dövrlərdə Bakıda yerləşən Yeni Əlifba Komitəsinin fəaliyyətində aktiv iştirak etmiş, 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayın təşkilatçılarından olmuşdu. Ancaq 20-ci illərin sonu 30-cu illərin əvvəlində “burjua millətçilərə” qarşı mübarizə başlayanda tənqid atəşinin ilk hədəflərindən birinə çevrildi. Dindirmələrin birində ta 1930-31-ci illərdə həbs edilməyi gözlədiyini və bunu azərbaycanlı kommunist dostlarından öyrəndiyini bildirmişdi (II c., s. 601). Belə ki, o illərdə həbs edilməmiş və 1937-ci ilə aid həbs sənədində “əvvəllər məhkum olunmamış” qeydi yazılmışdı. Bəlkə də, o dövrdə Ruhulla Axundov onun həbsinə mane olmuşdu (R. Axundov 1930-32-ci illərdə Bakıda olmasa belə). R. Axundov bir müddət sonra SSRİ EA-nın Azərbaycan bölməsinin rəhbəri işləyəndə də professor Çobanzadədən dəstəyini əsirgəməmişdi.

1936-cı ilin dekabr ayında R.Axundovun həbsindən dərhal sonra SSRİ EA-nın Azərbaycan bölməsində də həbslər başladı və elə ilk qurbanlardan biri də B.Çobanzadə oldu.

1937-ci ilin yanvar ayında o, Kislovodska getmişdi. İstintaq sənədləri təzəcə düzəldilmişdi. Köhnə müsavatçı M.H.Baharlı və trotskist Çiçikalovdan onun əleyhinə ifadə alınmışdı (o vaxtadək R.Axundov hələ ifadə verməmişdi). Bu ifadələr onun həbsi üçün kifayət edirdi.

Məhkəmə qovluğu həbsə əsas gətirilən sənəd (Ic. s1) və həbs üsulunun seçilməsi əmri ilə başlayır (I c. s.2). Hər iki sənəd Aərbaycan NKVD-nin Dövlət Təhlükəsizliyi Komitəsinin 4-cü bölməsinin 4-cü şöbəsinin direktor müavini, leytenant (əslində polkovnik-leytenant) Serov (əvvəlki mövzularda adına rast gəlmisiniz) tərəfindən tərtib edilmiş, əmr isə 27 yanvar 1937-ci il tarixində Sumbatov tərəfindən imzalanmışdı. Həmin gün alimin Bakıdakı mənzilində axtarış aparılmış, 38 kitab və digər sənədlər müsadirə edilərək götürülmüşdü (axtarış protokolu I c. s.8). B.Çobanzadə isə yanvarın 27-dən 28-nə keçən gecə Kislovodskun “Qornyak” (Dağ mədənçi) adlı sanatoriyasında həbs edilmişdi. (Bəzi sənədlərdə 12 yanvar tarixində həbs edildiyi yazılsa da, bu, məhkəmə işində öz təsdiqini tapmır.) Həbs barəsində 28 yanvar tarixli əmr Şimal Qafqaz NKVD Dairəsinin direktor müavini Rayev tərəfindən imzalanmışdı.

Məhkəmə qovluğundakı sənədlərdən məlum olur ki, Çobanzadə xüsusi mühafizəçilərin nəzarəti altında Bakıya aparılmazdan əvvəl Pyatiqorsk şəhərində həbsxanada saxlanılmışdı.

Bakıya fevralın 2-də gətirilib. Çobanzadə iki dəfə həbs sənədini doldurub: birinci dəfə Pyatiqorskda (I c., s.15), ikinci dəfə Bakıda, fevralın 2-də (I c., s.12). Həmin sənəddə təvəllüdü də (15 may 1883-cü il) daxil olmaqla bioqrafik məlumatlar yazılmışdır. Bu doğum tarixi daha məntiqli gəlir. Belə ki, Böyük Sovet Ensiklopediyasında (XXIX c., s. 229) başqa bir tarix ? “9(21) yanvar 1883-cü il” təvəllüdü göstərilmişdir. “Əcnəbi dil biliyi” sütununda “rus, fransız, macar, fars, ərəb və digər dillər” qeydi var.

Məhkəmə işinin əsas hissəsini (s.18-771 ümumi nömrəli), I cildin, demək olar ki hamısını, II cildin hamısı və II cildin bir qismini B.Çobanzadənin dindirilməsinə dair protokollar təşkil edir. Birincisi 7-9 fevral 1937-ci il, sonuncusu 1 sentyabr 1937-ci il tarixli olmaqla 32 dəfə dindirildiyi qeyd olunub. Daha sonra, yəni III cildin qalan qisminə (III c., s. 772-1004) digər məhbusların dindirilmə protokollarından Çobanzadəyə aid hissələr daxil edilib. B.Çobanzadənin məhkəmə işi Bakıda araşdırdığımız sənədlərdən ən iri həcmlisidir və həcminə görə, Q.S.Gubaydullinin istintaq işinə yaxındır. (R.Axundovun istintaq işi də bəraət hissəsinin böyüklüynə görə həcmcə xeyli çoxdur). B.Çobanzadədən başqa heç kim bu qədər ətraflı ifadələr verməyib. Əvvəllər gizli fəaliyyətlə məşğul olan, qorxmağa bir əsas görmədiyi üçün uzun müddət müqavimət göstərən, başqa sözlə, özünü ələ verməməyə çalışan R.Axundovdan fərqli olaraq, qorxudulmuş elm adamı B.Çobanzadə özünü tez “ələ vermişdir”. Çox güman ki, bu cür ətraflı ifadələr verməklə bəraət almağa çalışmışdı.

İstintaq materiallarından görünür ki, məhbus ifadələrini çox da uzatmamağa çalışmış, ancaq müstəntiqlər onu “olmayan günahları” da boynuna almağa məcbur etmişlər.

Müstəntiqlər onun tərcümeyi- halında əksini tapan əksər fəaliyyət və hadisəni cinayət kimi götürürdülər. Məsələn, alimin Krım mühacirlərinin lideri C.Saydametovdan “Sovet hakimiyyətinə mübarizə aparmaq tapşırığı”nı yerinə yetirmək məqsədi ilə 1920-ci ildə Krıma qayıtdığını iddia edirdilər. (III c., s.768) Halbuki o, “bu tapşırığı alanda” Krım hələ Vrangelin hakimiyyəti altında idi.

1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay istintaqda “gizli toplantıya” çevrilmişdi. B.Çobanzadənin 1936-cı ildə şivə və folklor materialları toplamaq üçün rayonlara təşkil etdiyi elmi səfərləri “müəllimləri və xalq dastançılarını təşkilata üzv qəbul etmək” (I c., s. 300), “folklor toplamaq bəhanəsi ilə kəndliləri təşkilat ətrafında birləşdirmək” (I c., s. 303) məqsədinə xidmət edən fəaliyyət kimi təqdim olunurdu. 13-14 iyul 1937-ci il tarixli raportda A.N. Samoyloviçin də adı var (II c., s. 608-642). Burada iki böyük türkoloqun şəxsi əlaqələrinə dair gerçək faktlar əksini tapır. Onlar 1924-cü ildə Bakıda keçirilən Azərbaycan Regionşünaslıq Qurultayında tanış olublar. Daha sonra 1925-ci ildə Leninqradda (Sankt Peterburq – tər.) görüşüblər. Həmin ilin sonunda I Türkoloji Qurultaya hazırlıq məqsədilə Bakıya gələn Samoyloviçlə Çobanzadənin 1926-cı ilin fevralında keçirilən Qurultayda da görüşləri olub. Onlar 1928-ci ilin axırında Bakıda keçirilən Orfoqrafiya konfransında, həmi il Leninqradda, 1929-cu ildə Səmərqənddə keçirilən Ədəbiyyat və Dil Problemləri konfransında da görüşüblər. Son görüşləri 1936-da Leninqradda baş tutub. Burada Samoyloviçin Çobanzadənin SSRİ EA-nın müxbir üzvlüyünə dair müsbət rəy verdiyini və bu istiqamətdə cəhdlər göstərdiyini oxuyuruq ki, bunlar da həqiqəti əks etdirir. Burada bir həqiqət də var, o da adı çəkilən alimlər arasında olan və ifadədə xatırladılan söhbətlərin məzmunudur: “Elm cəbhəsinin dağıdılması, ziyalıların sıxışdırılıb çıxılmaz vəziyyətdə qoyulması, elm və kültürə dəyər verilməməsi” (II c., s. 620). Ancaq bu gerçək haraylar “alimin “pantürkçü ideya və planları”, onun SSRİ EA-nın nəzdindəki Şərqşünaslıq bölməsi və digər qurumlar vasitəsilə “əksinqilabi təşkilatlarda” iştirakı kimi əsassız ittihamların arasında itib batırdı.

Yuxarıda qeyd edilən raport və Çobanzadəyə yaxın vaxtda dindirilmiş Qubaydullinin ifadələrinə dair oxşar məzmunlu raport isbat edir ki, o vaxt hələ həbs edilməmiş A.N.Samoyloviç əleyhinə məqsədli şəkildə “dəlillər” toplanırdı. Demək, Samoyloviçin həbsinə hazırlıq görülürdü. Çobanzadənin adı Samoyloviçin istintaq işində mühüm əhəmiyyət daşıyırdı. Ancaq “Yaponiya lehinə casusluq” ittihamı ilə müqayisədə “Pantürkçülük” ikinci planda qalırdı.

Həmçinin yoxlayın

Rejimin Ərdəbildəki baş prokuroru siyasi məhbus Abbas Lisanini yas mərasiminə buraxmayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildəki baş prokuroru Abdulla Təbatəbayi …

Türkiyə ZAHA hərbi maşınını təqdim etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ZAHA zirehli amfibiya hücum vasitəsi yaxın zamanda Türkiyə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir