Cümə , Aprel 26 2024
azfa

15 sentyabr- Bakının işğaldan azad olunması – 100 il

GADTB: Cəfər Cabbarlı və Nuru Paşa

Azərbaycanın istiqlal mücadiləsi tarixi ilə Nuru Paşa (1889-1949) qədər sıx bağlı olanikinci hərbi xadimi, sərkərdəni təsəvvür etmək belə mümkünsüzdür. Tarixi vətənindən fərqli olaraq Azərbaycanda daha çox tanınan, təbliğ edilən və sevilən Nuru Paşa əfsanəvi Qafqaz İslam Ordusu ilə 1918- ci ilin iyun- sentyabr aylarında Gəncədən Bakıya Müzəffər yürüş edərək Azərbaycan Xalq Cümhuriyyəti tarixinin qızıl səhifələrini “işğal” etdi və Qafqaz türklərinin azadlıqsevər qəlbinə həmişəlik daxil oldu. Onun möhtəşəm və unudulmaz xidmətlərinə minnətdarlıq çələngi olaraq görkəmli şair və yazarlarımız yüksək bədii səviyyəli əsərlər yazmışlar. Bu məşhur söz ustalarının ən gənc nümayəndəsi, istedadlı şair və dramaturq Cəfər Cabbarlının (1899-1934) qəhrəman Nuru Paşaya həsr etdiyi sənət inciləri, mübaliğəsiz demək olar ki, ədəbiyyat tarixində xüsusi əhəmiyyət kəsb edir.

Cəfər Cabbarlı “Trablis müharibəsi” tarixi faciəsi ilə Nuri Paşanı bədii ədəbiyyata gətirən və sevdirən ilk azərbaycanlı dramaturqdur. Əsərin ilk tamaşası Novruz bayramı ərəfəsində 1918-ci ilin martın 10-da Bakıdakı “İsmailiyyə” binasında göstərildi. Anşlaqla keçən oyunun rejissoru və baş rolunun ifaçısı qüdrətli səhnə ustası Abbas Mirzə Şərifzadə idi. Martın 16-da bu pyes eyni məkanda sonuncu dəfə tamaşaya qoyuldu. Çünki xalq arasında “istiqlal məfkurəsinin beşiyi” adlandırılan əzəmətli, füsunkar “İsmailiyyə” binası erməni barbarları tərəfindən 1918-ci il martın 18-də (yeni təqvimlə 31-də) azərbaycanlıların soyqrımı zamanı vəhşicəsinə yandırıldı.

Onminlərlə azəri türkünün amansızlıqla öldürüldüyü mart qətliamından iki ay sonra Nuri Paşa Trablisi – Qərb cəbhəsindən geri çağırılaraq Azərbaycana göndərildi.

Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Gəncədən Bakıyadək olan 362 km. məsafənin hər qarışını çətin və qanlı döyüşlərlə, erməni-bolşevik hərbi birləşmələrindən azad etdi.

Bakının düşmənlərdən azad olunması çətin olan mühüm tarixi hadisə idi. 15 sentyabr qurtuluş gününü qazanmaq üçün Osmanlı ordusunun və Azərbaycan könüllülərinin təxminən 1000 nəfərdən çox igid döyüşçüsü qəhrəmanlıqla şəhid olmuşdur.

Azərbaycan Höküməti 1918-il noyabrın 10-u , bazar günü Bakı İctimai Yığıncaqlar evində Qafqaz İslam Ordusunun komandanı, general Nuru Paşanın və onun igid zabitlərinin şərəfinə Bakının qurtuluşu münasibəti ilə ziyafət təşkil etdi. Ziyafətdə Azərbaycan və Qafqaz İslam Ordusunun zabitləri , eləcə də 400 nəfərədək məmurlar, ziyalılar, mədəniyyət və incəsənət xadimləri yer almışdı. Heyəti –Vükalə rəisi (Nazirlər Şurasının sədri) Fətəli xan Xoyski məclisi açaraq Trablis müharibəsinin qəhrəmanı, Qafqaz İslam Ordusunun komandanı, 29 yaşlı general Nuru Paşa Hacı Əhməd oğlunu qonaqlara təqdim edərək dedi ki, Azərbaycanın azadlığı uğrunda döyüş meydanlarında türk qardaşlarımızın qanı bizim türklərin qanına qarışmışdır.Tökülən bu qan Osmanlı və Azərbaycan türkləri arasında sarsılmaz dostluğun, qardaşlığın, qırılmaz tellərin müqəddəs rəmzidir.

Ziyafət salonuna Osmanlı generallarına məxsus geyimdə, general qiyafəsində bir şəxs girdi.Məclis iştirakçıları müsafiri ilk baxışdan Nuru Paşanın böyük qardaşı Ənvər Paşaya oxşatdılar. General qiyafəli şəxs salonun Osmanlı zabitləri əyləşən hissəsinə yaxınlaşaraq ucadan dedi: “Ey qəhrəman türklərin igid balaları! Siz şanlı türk övladları olduğunuzu Bakının qurtuluşuna varmaqla sübut etdiniz. Ey Şərq günəşinin hərarətli qoynunda bəslənən azad Asiyanın istiqanlı igid balaları! Qarışqalar kimi ayaqlar altında tapdanmağa da həyatmı deyirik? Xayır , Türk olduğunu anlayan hər kəs bunu qəbul etməz! Yerin üstündə yatmaqdansa , altında yatmaq daha gözəl deyilmi? Biz kimsədən tərəhhüm ummayırıq. Tərəhhüm bir millətin ölməsi deməkdir. Silahına arxalanmayan bir millət , yüksək dağlara arxalansa belə , nəhayət, yıxılacaqdır”.

Ənvər Paşanın qiyafəsində monoloq söyləyən görkəmli səhnə ustası Abbas Mirzə Şərifzadə, monoloq isə Bakı Politexnik Məktəbinin müdavimi, gənc dramaturq Cəfər Cabbarlının “Ədirnə Fəthi” dramından idi. Əsər ilk dəfə bir il öncə 1917-ci il dekabrın 15- də A.M. Şərifzadənin təqdimatında uğurla nümayiş etdirilmişdi. Alqış sədaları altında Fətəli Xan əsərin müəllifini Nuru Paşaya təqdim etdi. Cəfər Cabbarlı ziyafətdə çıxış edərək Türk xalqının qədimliyindən, zəngin mədəniyyət və döyüş ənənələrinə malik olmağından söhbət açdı. “Ədirnə Fəthi” ni bu mövzuya həsr etdiyini , “Trablis müharibəsi”ndə Nuri Paşanın hərbi xadim və şəxsiyyət kimi bədii obrazını təsvir etməklə yanaşı , generalın Bakının xilası uğrundakı zəfər yürüşündən bəhs olunacaq yeni əsərini yazacağına söz verdi. Cəfər Cabbarlının alovlu nitqi Nuru Paşanı heyran qoymuşdu.General ziyafətdən sonra “arkadaş” adlandırdığını Cəfərin dəfvətini qəbul edərək onun qonağı olmuşdu. Ertəsi gün Nuru Paşanın göndərdiyi hədiyyələri Cəfərin anası Hacı Şahbikə xanım qəbul etmək məcburiyyətində qalmışdı. Bunlar : bir ədəd nikelli dəmir çarpayı, paltar üçün divar asılqanı və divar saatından ibarət idi. Cəfər Cabbarlı ziyafətdə verdiyi sözə əməl edərək Nuru Paşanın qəhrəmanlığından bəhs edən “Bakı müharibəsi” əsərini yaratdı.Pyes 1919-cu il sentyabrın 16-da A.M.Şərifzadənin rəhbərliyi ilə Bakının qurtuluş günün 1 illiyi münasibəti ilə “ Türk ocağı”nda uğurla tamaşaya qoyuldu.

. “ Bəsirət “ qəzeti bu səhnə əsəri haqqında çap etdiyi bildirişində yazırdı: “ Azərbaycan Dövlət Teatrosunda zilhüccənin 20-si, sentyabrın 16-da Bakı türk səhnəsi aktyorlarının iştirakı ilə, artist Abbas Mirzə Şərifzadənin təhti- idarəsində Azərbaycanımızın paytaxtı Bakı şəhərində mart hadiseyi- ələmiyyəsindən sonra düşmənlər əlində qalıb, sonradan qəhrəman türk ordusu tərəfindən mühasirə edilib xilas olmasının bir illiyi münasibəti ilə gənc şair və mühərrirlərimizdən Cəfər Cabbarzadənin yeni yazmış olduğu “ Bakı müharibəsi “ draması mövqeyi- tamaşaya qoyulacaqdır ( 5 pərdədə, 7 şəkildə )

Həmin faciədə Bakı şəhərində mart hadiseyi -ələmiyyəsindən sonra müsəlmanlara edilən zülm göstəriləcəkdir. Faciədə iştirak edəcəklər: Nuru Paşa, Mürsəl Paşa, Məhəmməd Tofiq bəy, Nuru Paşanın cəbhədə olması və Bakıya hücum planı yapılması göstəriləcəkdir. Bu faciə Bakının mart hadiseyi- ələmiyyəsindən ta xilas olana qədər nə günlər gördüyü müfəssəl surətdə göstəriləcəkdir. “ ( “ Bəsirət “ qəzeti, 1919, 13 sentyabr, № 246 ).

Filologiya elmləri doktoru, professor A.Rüstəmlinin məqaləsindən

(ixtisarla)

 

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın