Bazar ertəsi , Yanvar 24 2022
azfa

31 Mart – Azərbaycan türklərinin soyqırım günüdür

GADTB: bu gün ermənilərin 1918-ci il martın 31-də Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımından 103 il ötür.

Sovet hakimiyyəti dövründə uzun illər bu qətliamın üstündən sükutla keçilsə də, Azərbaycan müstəqillik qazandıqdan sonra hadisələr öz siyasi qiymətini aldı. Azərbaycan Dövlət başçısının Sərəncamı ilə 1998-ci ildən başlayaraq 31 mart ölkəmizdə Azərbaycan türklərinin soyqırım günü kimi qeyd edilir.

Tarixdən bəllidir ki, 1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdi. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni silahlı qüvvələrinin mənfur planlarını həyata keçirmək üçün hər cür şərait yaradırlar. Martın 31-də Bakı şəhərində azərbaycanlıların erməni silahlı dəstələri tərəfindən kütləvi qırğını başlayır. Stepan Şaumyanın öz etirafına görə, dinc azərbaycanlıların qətl edilməsində Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksütyun” partiyasının 3-4 minlik hərbi  dəstəsi iştirak edib.

Bakıda üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan  böyüyədək kütləvi surətdə qətlə yetirib. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazıb:

“Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər və 1918-1920-ci illər) 2 milyona yaxın Azərbaycan türkü ermənilər tərəfindən qətlə yetirilmiş, öz ev-eşiyindən zorla qovulmuşdular. Təkcə Güney Azərbaycanın qərb bölgəsində 1918-ci ildə 200 min Azərbaycan türkü soyqırım nəticəsində öldürülmüşdür.

Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyidi tapılıb. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan qorunmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırılması da bu dəhşətli faktlar sırasındadır. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün isə ermənilər şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar yerləşdirmişdilər.

İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazıb. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edir, təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirirdi.

Onu da deməliyik ki, daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmır. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qars və b. yerlərdə də erməni terrorçuları  azərbaycanlılara qarşı kütləvi qırğınlar  törədiblər.

1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetiriliib. Şamaxı

Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılıb və dağıdılıb.

Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi gülləbaran edilib. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdi.

Erməni silahlı dəstələri tərəfindən Naxçıvan qəzasının bir neçə kəndi yandırılıb, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilib, 3 257 kişi, 2 276 qadın və 2 196 uşaq öldürülüb. Bütövlükdə bu qəza üzrə 10 068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50 000 azərbaycanlı qaçqın düşüb.

İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı öldürülüb, kəndlər isə yerlə yeksan edilib. Erməni silahlı dəstələri

daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb, əhalisi vəhşicəsinə qətlə yetirilib.

1920-ci ilin mayında, Azərbaycan Xalq Cümhuriyyətinin işğal edilməsindən sonra  ermənilərin və XI Qızıl Ordunun iştirakı ilə Gəncədə 12 mindən çox dinc azərbaycanlı məhv edilmişdi.

Buraya Doğu Anadolu və Azərbaycanın Güneyində yaşayan soydaşlarımıza qarşı erməni daşnakları tərəfindən zaman-zaman aparılan soyqırım siyasətini də əlavə etsək, daha dəhşətli mənzərənin şahidi olarıq.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …