
GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, İran Silahlı Qüvvələrinin yüksək vəzifəli rəsmisi iki ölkə arasında yenidən müharibə ehtimalının “mümkün” olduğunu açıqlayıb.
İran mediasının məlumatına görə, Xatəmül-Ənbiya Mərkəzi Qərargahının təftiş üzrə müavini Məhəmmədcəfər Əsədi bildirib ki, “İran və ABŞ arasında yeni qarşıdurma ehtimalı var və təcrübə göstərir ki, ABŞ heç bir razılaşmaya sadiq qalmır”.
Donald Tramp isə cümə axşamı jurnalistlərə açıqlamasında İranla bağlı iki variantın mövcud olduğunu deyib: “ya razılaşma, ya da güclü bombardman”. Bununla yanaşı, o, yeni hərbi qarşıdurmaya başlamaq istəmədiyini qeyd edib.
Əsədi çıxışında iddia edib ki, İran hərbi qüvvələri mümkün yeni qarşıdurma üçün “gözlənilməz addımlar” hazırlayıb, lakin bu barədə ətraflı məlumat verməyib. O əlavə edib ki, ABŞ-ın yenidən hücum etməsi ehtimalından narahat deyillər.
Bu açıqlamalar İranın ABŞ ilə danışıqların növbəti mərhələsində iştirak üçün İran limanlarına tətbiq olunan dəniz blokadasının dayandırılmasını tələb etdiyi bir vaxtda səsləndirilib.
Qeyd edək ki, ABŞ ordusu Trampın göstərişi ilə Pakistan vasitəçiliyi ilə keçirilən ilk danışıqlar nəticəsiz qaldıqdan sonra İran limanlarına gəmi hərəkətini məhdudlaşdıran dəniz mühasirəsi tətbiq edib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi