Çərşənbə , İyul 15 2026
azfa

Urmiya gölündə suyun həcminin ötən illə müqayisədə 18 dəfə artdığı iddia edilir

GADTB: Ətraf mühit rəsmiləri Urmiya gölündə suyun həcminin nəzərəçarpacaq dərəcədə artdığını açıqlayıblar. Uzun illər davam edən böhrandan sonra baş verən bu vəziyyət gölün bərpasına dair ümidləri artırıb.

Qərbi Azərbaycan vilayətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin rəisi bildirib ki, Urmu gölündə suyun həcmi 4,28 milyard kubmetrə çatıb.

Onun sözlərinə görə, ötən ilin aban ayında göldə cəmi 240 milyon kubmetr su mövcud idi və gölün sahəsi 456 kvadrat kilometr təşkil edirdi. Bu göstəricilərin müqayisəsi göstərir ki, bir ildən də az müddətdə göldəki suyun həcmi təxminən 18 dəfə artıb.

Urmiya gölü son iyirmi il ərzində su ehtiyatlarının düzgün idarə olunmaması, gölə axan çaylar üzərində geniş miqyaslı bənd tikintisi və kənd təsərrüfatının həddindən artıq genişləndirilməsi səbəbindən bölgənin ən ağır ekoloji böhranlarından biri ilə üzləşmişdi.

Ətraf mühit fəalları və Azərbaycan milli hərəkatının bir çox nümayəndələri illərdir İran İslam Respublikasını Urmu gölünün tədricən qurumasında məsuliyyət daşımaqda ittiham edirlər. Ötən illərdə Urmu gölünün vəziyyətinə etiraz edən bir sıra azərbaycanlı fəallar və vətəndaşlar da həbs olunmuş və təhlükəsizlik orqanlarının təzyiqləri ilə üzləşmişdilər.

Son yaxşılaşmaya baxmayaraq, mütəxəssislər vurğulayırlar ki, Urmu gölünün davamlı şəkildə bərpası üçün su idarəçiliyi siyasətində əsaslı dəyişikliklər edilməli və gölün təbii su payı təmin olunmalıdır.

Həmçinin yoxlayın

Sentkom: ABŞ İran rejiminin cənubdakı hərbi mövqelərinə qarşı yeni hücum dalğası həyata keçirdi

GADTB: ABŞ Mərkəzi Komandanlığı (Sentkom) iyulun 14-ü axşam saatlarında qüvvələrinin İran İslam Respublikasına qarşı yeni …

Abbas Lisani və Yusif Kari Evin həbsxanasında 244 gündür qeyri-müəyyən vəziyyətdə həbsdədirlər

GADTB: Evin həbsxanasında saxlanılan Azərbaycan Milli Hərəkatının fəalları Abbas Lisani və Yusif Karı həbslərinin doqquzuncu …