ABŞ Kanadada səkkiz maliyyə xidmətləri şirkətini SEPAH-a maliyyə vəsaitlərinin köçürülməsi ittihamları ilə sanksiyalara məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi cümə günü, 6 noyabr 2026-cı il tarixində İran İslam Respublikası rejiminə qarşı genişmiqyaslı “iqtisadi təcrid” əməliyyatının davamı olaraq Kanadada yerləşən səkkiz maliyyə xidmətləri və valyuta mübadiləsi şirkətinə sanksiya tətbiq edib.

Nazirliyin açıqlamasına görə, bu şirkətlər rialı və digər valyutaları rəqəmsal aktivlərə çevirməklə, SEPAH-la əlaqəli şəbəkələrə pul köçürməklə, İran İslam Respublikası rejiminin sanksiyaya məruz qalmış valyuta mübadiləsi şirkətləri ilə əməkdaşlıq etməklə, bəzi hallarda isə narkotik qaçaqmalçılığından əldə olunan gəlirləri yumaqla rejimin maliyyə resursları əldə etməsinə və beynəlxalq sanksiyalardan yayınmasına kömək ediblər.

ABŞ Maliyyə Nazirliyinin açıqlaması

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Kanadanın Ontario və Britaniya Kolumbiyası əyalətlərində yerləşən səkkiz şirkətin İran İslam Respublikası rejimi ilə əlaqəli maliyyə şəbəkələrində fəaliyyət göstərdiklərinə görə sanksiya siyahısına daxil edildiyini açıqlayıb.

Bu qurumun məlumatına görə, sanksiyaya məruz qalan şirkətlər sanksiyaya məruz qalmış şəxslər və qurumlar üçün İranla xarici ölkələr arasında maliyyə vəsaitlərinin hərəkətini təmin etmək məqsədilə nağd pul köçürmə və valyutanı kriptovalyutaya çevirmə mexanizmlərindən istifadə ediblər.

ABŞ Maliyyə Nazirliyinin araşdırmaları göstərir ki, bu şirkətlərin bəziləri yüz minlərlə dollar dəyərində rəqəmsal aktivləri SEPAH-la və ya terrorizmin maliyyələşdirilməsi şəbəkələri ilə əlaqəli elektron pul kisələrinə köçürüblər. Digər şirkətlər isə narkotik qaçaqmalçılığı şəbəkələri ilə əlaqəli milyonlarla dollar dəyərində rəqəmsal aktivlərin köçürülməsində iştirak ediblər.

ABŞ-ın maliyyə naziri Skott Bessent sanksiyalarla bağlı açıqlamasında vurğulayıb:

“Kanada İran İslam Respublikası rejiminə və onun proksi qüvvələrinə sanksiyalardan yayınma xidmətləri göstərən qanunsuz maliyyə vasitəçiləri üçün təhlükəsiz sığınacağa çevrilə bilməz. Maliyyə Nazirliyi İran İslam Respublikası rejiminin maliyyə kanallarını dünyanın istənilən nöqtəsində müəyyənləşdirəcək və onların fəaliyyətini pozacaq”.

Sanksiyaya məruz qalan səkkiz şirkətin fəaliyyəti ilə bağlı təfərrüatlar

ABŞ Maliyyə Nazirliyinin rəsmi bəyanatına əsasən, aşağıdakı şirkətlər sanksiyalara məruz qalıb:

1. Million Exchange valyuta mübadiləsi şirkəti

Ontario əyalətində fəaliyyət göstərən bu şirkət İran rialının digər valyutalara çevrilməsi və rəqəmsal aktivlərin idarə olunması xidmətlərini göstərir.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, şirkətlə əlaqəli elektron pul kisələri yüz minlərlə dollar dəyərində rəqəmsal aktivləri SEPAH-la və ya terror fəaliyyətləri ilə əlaqəli ünvanlara köçürüblər.

Bu valyuta mübadiləsi şirkəti, həmçinin narkotik satışından əldə edilən gəlirləri rəqəmsal pula çevirərək qaçaqmalçılara göndərməkdə ittiham olunur.

2 və 3. Amin Exchange adı altında fəaliyyət göstərən iki şirkət

Britaniya Kolumbiyasında fəaliyyət göstərən 1380079 BC Limited şirkəti və onun Ontario əyalətində yerləşən əlaqəli şirkəti Top PC Technician Inc hər ikisi Amin Exchange ticarət adından istifadə edir.

ABŞ Maliyyə Nazirliyi bu şirkətlərə bağlı elektron pul kisələrinin sanksiyaya məruz qalmış “Shelbit” valyuta mübadiləsi şirkətindən yüz minlərlə dollar dəyərində rəqəmsal aktiv aldığını bildirib. “Shelbit” daha əvvəl SEPAH adından milyonlarla dollar köçürdüyünə görə sanksiyalara məruz qalmışdı.

Bu şirkətlər, həmçinin Toronto, Vankuver və Monreal şəhərlərində narkotik qaçaqmalçılığından əldə edilmiş milyonlarla dolların yuyulmasında ittiham olunurlar.

4. NIA Nations Currency şirkəti

Britaniya Kolumbiyasında yerləşən bu şirkət İrandan Kanadaya pul köçürmə və rəqəmsal aktivlərin mübadiləsi xidmətləri göstərir.

ABŞ Maliyyə Nazirliyinin araşdırmalarına əsasən, şirkətlə əlaqəli kriptovalyuta ünvanları SEPAH-a bağlı elektron pul kisələri, eləcə də sanksiyaya məruz qalmış Nobitex, Wallex, Ramzinex və Bitpin valyuta mübadiləsi platformaları ilə əməliyyatlar aparıblar.

5. Farah Exchange valyuta mübadiləsi şirkəti

Ontario əyalətində yerləşən bu şirkət ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyaya məruz qalmış Shelbit və Wallex platformaları ilə yüz minlərlə dollar həcmində əməliyyatlar aparıb.

Bundan əlavə, şirkət minlərlə dollar dəyərində rəqəmsal aktivi terrorizmlə əlaqəli ünvanlara, milyonlarla dolları isə böyük narkotik qaçaqmalçılığı şəbəkəsi ilə əlaqəli elektron pul kisələrinə köçürüb.

6. CCC Inc şirkəti

Ontario əyalətində yerləşən bu şirkət kriptovalyutaların alqı-satqısı xidmətlərini göstərir və öz saytında həm İranda, həm də Kanadada fəaliyyət göstərmək üçün lisenziyaya malik olduğunu iddia edir.

ABŞ Maliyyə Nazirliyi şirkətlə əlaqəli elektron pul kisələrindən birinin terrorizmlə əlaqəli ünvanlardan yüz minlərlə dollar dəyərində rəqəmsal aktiv aldığını bildirib.

7. B Galaxy Inc şirkəti

“Cryptoyal” ticarət adı ilə fəaliyyət göstərən bu şirkət CCC şirkəti ilə eyni ünvanda yerləşir və valyuta, eləcə də rəqəmsal aktivlərin mübadiləsi xidmətlərini göstərir.

Bu şirkət İran valyutaları qarşılığında qeyri-məhdud məbləğdə rəqəmsal aktiv mübadiləsi imkanını reklam edir.

8. Darvish Exchange valyuta mübadiləsi şirkəti

Ontario əyalətində yerləşən bu şirkət bitkoinin riala çevrilməsi xidmətlərini göstərir.

ABŞ Maliyyə Nazirliyinin araşdırmalarına əsasən, şirkətlə əlaqəli elektron pul kisəsi sanksiyaya məruz qalmış dörd valyuta mübadiləsi platforması — Nobitex, Wallex, Aban Tether və Shelbit ilə əməliyyatlar aparıb.

Bəzi valyuta mübadiləsi şirkətlərinin narkotik qaçaqmalçılığı şəbəkəsi və milyardlarla dollarlıq çirkli pul əməliyyatları ilə əlaqələri üzə çıxarılıb

ABŞ Maliyyə Nazirliyinin bəyanatının ən mühüm hissələrindən biri sanksiyaya məruz qalmış bir sıra şirkətlərin Kanadanın keçmiş olimpiya snoubordçusu və ABŞ-ın sanksiyalarına məruz qalmış narkotik qaçaqmalçısı Rayan Veddinq (Ryan Wedding) ilə əlaqələrinin açıqlanmasıdır.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Veddinq narkotik qaçaqmalçılığından əldə etdiyi milyardlarla dolları yumaq üçün Vankuver və Torontoda fəaliyyət göstərən maliyyə xidmətləri şirkətlərindən istifadə edib.

Bu mexanizm çərçivəsində narkotik satışından əldə edilən nağd pullar pul daşıyan kuryerlər vasitəsilə valyuta mübadiləsi şirkətlərinə çatdırılıb. Daha sonra maliyyə şirkətləri həmin vəsaitləri rəqəmsal aktivlərə çevirərək Kanada xaricinə göndəriblər.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, Veddinq 2026-cı ilin yanvarında həbs olunmazdan əvvəl yeni sanksiyalara məruz qalan bir neçə şirkət vasitəsilə milyonlarla dollar dəyərində rəqəmsal aktiv köçürüb.

Xüsusilə Million, Amin və Farah valyuta mübadiləsi şirkətlərinin adları bu şəbəkə ilə maliyyə əlaqələrinə dair bölmələrdə qeyd olunub.

Şəbəkənin müəyyənləşdirilməsində ABŞ və Kanada maliyyə kəşfiyyatı qurumlarının əməkdaşlığı

ABŞ Maliyyə Nazirliyi yeni tədbirlərin ABŞ-ın Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsi (FinCEN), Kanadanın Maliyyə Əməliyyatları və Hesabatların Təhlili Mərkəzi (FINTRAC) və ABŞ Narkotiklərlə Mübarizə İdarəsi (DEA) ilə koordinasiyalı şəkildə həyata keçirildiyini bildirib.

Bəyanata əsasən, sanksiyaya məruz qalan bəzi şirkətlər daha əvvəl də sanksiyalardan yayınma və terrorizmin maliyyələşdirilməsi riskləri ilə əlaqədar Kanada və beynəlxalq mediada diqqət mərkəzində olublar. Buna baxmayaraq, onlar fəaliyyətlərini davam etdiriblər.

ABŞ Maliyyə Nazirliyi, həmçinin bildirib ki, bu şirkətlərin bir qismi müəyyənləşdirilməkdən və hüquqi tədbirlərdən yayınmaq üçün ticarət adlarını və ya fəaliyyət ünvanlarını dəyişiblər.

ABŞ Maliyyə Nazirliyi daha əvvəl, 2026-cı il iyunun 2-də Nobitex, Wallex, Bitpin və Ramzinex valyuta mübadiləsi platformalarına sanksiya tətbiq etmişdi. Avqustun 7-də isə Aban Tether valyuta mübadiləsi platformasını və Shelbit şirkətlər qrupunu sanksiya siyahısına əlavə etmişdi.

ABŞ Maliyyə Nazirliyi vurğulayıb ki, Vaşinqtonun tədbirləri yalnız İranda yerləşən valyuta mübadiləsi şirkətləri və maliyyə şəbəkələri ilə məhdudlaşmayacaq. İran İslam Respublikası rejiminin maliyyə fəaliyyətlərini asanlaşdıran beynəlxalq şirkətlər və vasitəçilər də hədəfə alınacaq.

Həmçinin yoxlayın

Təbrizli gənc müğənni Fərzad Purəhməd vəfat edib – Video

GADTB: “Təbriz” mahnısının ifaçısı olan təbrizli sənətçi Fərzad Purəhməd 40 yaşında dünyasını dəyişib. O, yol-nəqliyyat …

İraq: “ABŞ İraqdan İranla demək olar ki, bütün sərhəd-keçid məntəqələrini bağlamağı tələb edib”

GADTB: İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib ki, Vaşinqton rəsmi şəkildə Bağdaddan İranla …