Cümə axşamı , Avqust 27 2026
azfa

ABŞ İranda 90-a yaxın hərbi hədəfə zərbələr endirib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ölkənin silahlı qüvvələri İrana qarşı həyata keçirilən son hücumlar çərçivəsində hava hücumundan müdafiə sistemləri, sahil müşahidə avadanlıqları, raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələr, dəniz qüvvələrinin imkanları və İran sahilləri boyunca yerləşən hərbi-logistika infrastrukturu da daxil olmaqla, təxminən 90 hərbi hədəfi vurub.

CENTCOM əlavə edib ki, bu hücumlar əvvəlki gecə həyata keçirilən əməliyyatların davamıdır. Həmin əməliyyatlar zamanı 80-ə yaxın hərbi hədəf, o cümlədən SEPAH-a məxsus 60-dan çox sürətli hücum qayığı vurulmuşdu. Komandanlığın məlumatına görə, əməliyyatlar İran hakimiyyətinin Hörmüz boğazında üç ticarət gəmisinə hücumuna cavab olaraq həyata keçirilib.

ABŞ rəsmilərindən biri Reuters agentliyinə bildirib ki, ABŞ-ın çərşənbə günü İran hakimiyyətinin mövqelərinə qarşı həyata keçirdiyi hücumlar miqyas baxımından çərşənbə axşamı günkü hücumlardan daha geniş olacaq.

İran KİV-ləri çərşənbə günü axşam saatlarında Bəndər-Abbas, Çabahar, Kənarək, Sirik, Lavan və Siri adası da daxil olmaqla bir neçə şəhərdə partlayış səslərinin eşidildiyini xəbər veriblər.

Eyni zamanda, SEPAH-a bağlı olan “Fars” agentliyi məlumat yayıb ki, “Bəndər-Abbas və Qeşm adasının sahil müdafiə sistemləri düşmən hədəfləri ilə mübarizə aparır”.

İRNA agentliyi isə Çabahar şəhərinin bir hissəsində elektrik enerjisinin kəsildiyini bildirib.

İran mediası, o cümlədən “Mehr” və “Fars” xəbər agentlikləri Buşehr vilayətinin bəzi bölgələrində də partlayış səslərinin eşidildiyini qeyd ediblər.

“NurNews” məlumatlı mənbəyə istinadən yazıb ki, ABŞ-ın Buşehrə endirdiyi zərbələr nüvə elektrik stansiyasına ziyan vurmayıb.

“Fars” agentliyinin məlumatına görə, Əbu Musa adasının sakinləri üç partlayış səsi eşidiblər.

Məlumatda bildirilir ki, partlayışların dəqiq baş verdiyi məkan hələlik məlum deyil və hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Həmçinin yoxlayın

Molla rejimi İrandakı yoxsulluqla bağlı statistikanı açıqlamaqdan imtina edib: “Təhlükəsizlik qadağası var”

GADTB: Hökumət sözçüsü Fatimə Mühacirani videomüsahibəsində İranda yoxsulların sayının nə qədər olması ilə bağlı suala …

Tramp: İran İslam Respublikası etirazçılara pulemyot və snayperlərlə atəş açır

GADTB: ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Qlen Bekin radio proqramına müsahibəsində İrandakı etirazlarla bağlı …