Cümə axşamı , İyul 16 2026
azfa

ABŞ İranın müxtəlif şəhərlərdə və sahil xəttində yerləşən hədəflərinə zərbələr endirib

GADTB: Əldə olunan məlumatlara və vətəndaşlardan daxil olan xəbərlərə əsasən, cümə axşamı səhər saatlarında Tehran və bir sıra digər şəhərlərdə, o cümlədən Xürrəmabad, Bürucerd, Urmiya, Semnan, Pakdəşt və Pərçində partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemləri fəaliyyətə başlayıb. Həmçinin Tehranın Cəmalzadə, Mirdamad, Kən, Pərçin, Kiyanşəhr, Şəhrək-e Qərb, Səadətabad və Yusifabad məhəllələrinin sakinləri partlayış səsləri və ya hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti barədə məlumat veriblər.

Bir sıra vətəndaşlar Tehranın cənub, mərkəz, şərq və qərb bölgələrində döyüş təyyarələrinin uçuş səslərinin eşidildiyini də bildiriblər.

Mehr xəbər agentliyi Tehranda hava hücumundan müdafiə sistemlərinin işə salındığını və Pərçin ilə Pakdəşt ətrafında partlayışların baş verməsinin ehtimal olunduğunu xəbər verib.

Agentlik başqa bir məlumatında Xəndab ətrafına iki mərminin düşdüyünü də bildirib.

Fars xəbər agentliyi isə Semnan şəhərində partlayış səslərinin eşidildiyini, lakin hadisənin mənbəyi və dəqiq yerinin hələ müəyyən edilmədiyini yazıb.

Başqa bir xəbərdə Sepah iddia edib ki, Əndimeşk səmasında ABŞ-a məxsus MQ-9 pilotsuz uçuş aparatı aşkarlanaraq vurulub.

İRNA agentliyi yerli mənbələrə istinadən Luristan vilayətinin bəzi bölgələrində partlayış səslərinin eşidildiyini bildirib. Agentliyin məlumatına görə, partlayışların səbəbi və mənşəyi barədə hələlik dəqiq məlumat yoxdur və araşdırmalar davam etdirilir.

Mərkəzi vilayət qubernatorunun müavini açıqlayıb ki, səhər saat 03:30-da Xəndab şəhərindən kənarda yerləşən ərazi ABŞ tərəfindən iki hava zərbəsinə məruz qalıb. Onun sözlərinə görə, şəhər sakinləri iki güclü partlayış səsi eşidiblər. Hücum nəticəsində dəyən ziyan və ya mümkün itkilər barədə hələlik məlumat verilməyib. Xəndab ağır su tədqiqat reaktoru həmin şəhərin yaxınlığında yerləşir.

Vəhid Onlayn və Halvəş teleqram kanallarında yayımlanan videogörüntülər Çabahar şəhərində yerləşən Əhmədrizə sahil mühafizəsi məntəqəsinin hədəfə alındığını göstərir. İran İslam Respublikası rəsmiləri indiyədək bu məlumatları təsdiqləməyib və hadisənin təfərrüatları, eləcə də mümkün itkilər və dağıntılar barədə açıqlama verməyiblər.

Bununla yanaşı, Əhvaz, Bəndər-Abbas və digər sahil bölgələri də ABŞ hücumlarının əsas hədəfləri arasında olub və bu ərazilərə intensiv zərbələr endirildiyi bildirilir.

Həmçinin yoxlayın

ABŞ-nin hücumlarında ölənlərin sayını açıqlandı

GADTB: İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Hüseyn Kermanpur bildirib ki, son bir gündə …

Tramp: İran İslam Respublikası rəsmiləri 47 il ərzində hamını aldada biliblər

GADTB: ABŞ Prezidenti Donald Tramp Foks Nyus telekanalına müsahibəsində “İŞİD-i məhv etdiyiniz kimi, Sepahı da …