
GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə qarşı genişmiqyaslı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Yeni sanksiyalar neftin satışı və daşınması şəbəkələrini, raket və nüvə avadanlıqlarının tədarükünü, həmçinin İran Kəşfiyyat Nazirliyinə bağlı kiber fəaliyyət göstərən şəxsləri hədəfə alıb.
Bu tədbirlər “İqtisadi təcridetmə əməliyyatı” adlı plan çərçivəsində həyata keçirilib. ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, əməliyyatın məqsədi İran İslam Respublikasının dünya üzrə maliyyə mənbələrini və iqtisadi əlaqələrini kəsmək, Tehranın təcridini daha da gücləndirməkdir.
Bəyanata əsasən, ABŞ Maliyyə, Dövlət və Hərb nazirliklərinin nümayəndələri müxtəlif ölkələrin rəsmiləri ilə əlaqə saxlayaraq Vaşinqtonun müəyyən etdiyi İran İslam Respublikası ilə əlaqəli fəaliyyətlərin müəyyən müddət ərzində dayandırılmasını tələb edirlər. ABŞ Maliyyə Nazirliyi xəbərdarlıq edib ki, həmin ölkələr bu addımları atmaqdan imtina edərsə, Vaşinqton əlavə sanksiyalar tətbiq edəcək.
ABŞ həmçinin texnologiya, rəqəmsal aktivlər, qızıl, aviasiya və İranın gəmiçilik sektoru üzrə ikinci dərəcəli sanksiyaların tətbiq imkanlarını genişləndirib. Bununla da ABŞ xaricində fəaliyyət göstərən şəxslər və şirkətlər sanksiyaya məruz qalmış qurumlarla əməkdaşlıq etdikləri halda ABŞ maliyyə sisteminə çıxışlarını itirə bilərlər.
Sanksiyaların digər hissəsi Yaxın Şərq və Şərqi Asiyada fəaliyyət göstərən 20-dən çox şəxs və şirkətdən ibarət şəbəkəni hədəfə alıb. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bu şəbəkə İran İslam Respublikası Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinə bağlı Malik Əştər Sənaye Universiteti və digər qurumlar üçün nüvə tədqiqatlarında və raket istehsalında istifadə olunan həssas avadanlıq və texnologiyaların tədarükünü həyata keçirib.
İran İslam Respublikası Kəşfiyyat Nazirliyinə bağlı bir sıra kiber fəaliyyət göstərən şəxslər də sanksiya siyahısına əlavə edilib. Onlar ABŞ-da enerji şirkətlərinə, tibb müəssisələrinə, müdafiə podratçılarına, texnologiya şirkətlərinə və dövlət qurumlarına müdaxilə etmək, həmçinin məlumat və rəqəmsal aktivləri oğurlamaqda ittiham olunurlar.
Neft və gəmiçilik sektorunda isə Birləşmiş Ərəb Əmirlikləri, Honkonq, Çin, Sinqapur, İsveçrə və Avropada fəaliyyət göstərən vasitəçilər, şirkətlər və gəmilərdən ibarət şəbəkə sanksiyaya məruz qalıb. ABŞ Maliyyə Nazirliyinin bildirdiyinə görə, bu şəbəkələr İran neftinin daşınmasında və əldə olunan gəlirlərin SEPAH-ın Qüds qüvvələrinə və İran İslam Respublikasının digər strukturlarına çatdırılmasında rol oynayıb.
Sinqapurda yerləşən “Wellbred Capital” şirkəti və onun BƏƏ və İsveçrədəki filialları da sanksiyaya məruz qalan şirkətlər arasında yer alıb. ABŞ Maliyyə Nazirliyi bildirib ki, bu şirkətlər qrupunun fəaliyyətinə son olaraq Məhəmmədhüseyn Şəmhani rəhbərlik edib.
“Sifra”, “G Silver”, “Quantum Hope”, “Voyage Elite” və “Tella” adlı beş neft tankeri də yüz minlərlə, hətta milyonlarla barel İran nefti və neft məhsullarının daşınmasına görə sanksiya siyahısına daxil edilib.
Bununla yanaşı, ABŞ idman və universitetlərarası mübadilələrlə bağlı bəzi icazələri, eləcə də İrana yönəlik bir sıra ödənişləri dayandırıb. Vaşinqton həmçinin İran İslam Respublikası ilə Hörmüz boğazından keçən gəmilərlə bağlı əməkdaşlıq edən şirkətlərin sanksiya təhlükəsi ilə üzləşə biləcəyi barədə yeni xəbərdarlıq yayıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi