Çərşənbə axşamı , Aprel 16 2024
azfa

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində regionda geosiyasi vəziyyət

GADTB: Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Birinci Dünya müharibəsi başa çatmamışdı. Müharibənin sonuncu ilində Cənubi Qafqazda müstəqil dövlətlərin elan edilməsinə baxmayaraq, bu akta gətirən zəncirvari proseslər 1917-ci ilin fevralında Rusiyada çar monarxiyasının devrilməsi ilə başladı. 1917-ci ilin yazında irəli sürülən “Azərbaycan muxtariyyəti” ideyası düz bir il sonra müstəqil Azərbaycan Respublikasının bəyan edilməsi ilə nəticələndi.

Rusiyada 1917-ci il Oktyabr çevrilişindən sonra sabiq imperiyanın ərazisi kimi Qafqaz regionu – Xəzər hövzəsi beynəlxalq rəqabət meydanına çevrildi. Rusiya imperiyasının müttəfiqləri İngiltərə və Fransa artıq Antanta çərçivəsində olmuş üçüncü tərəfdaşlarının ərazilərinə sahiblənmək xətti yeridirdilər. Sovet Rusiyası müharibədən çıxmış, Antanta daxilində parçalanma baş vermiş, Böyük Britaniya ilə Fransa arasında 1917-ci il dekabrın 23-də bağlanmış məxfi konvensiyaya görə sabiq müttəfiqləri olan Rusiya imperiyasında ərazi bölgüsü aparılmış, Qafqaz regionu Böyük Britaniyanın nüfuz dairəsinə aid edilmişdi. Lakin bu ikitərəfli razılaşma idi. Antantaya qarşı vuruşan mərkəz dövlətləri içərisində Qafqaz regionu ilə bağlı fəal siyasət yeridən Osmanlı dövləti və onun müttəfiqi Almaniya imperiyası idi. Rəqib tərəflərin içərisində Qafqazla daha sıx bağlı tarixi olan Osmanlı dövləti idi ki, o da Sovet Rusiyasını tanımayan Cənubi Qafqaz komissarlığı ilə “Ərzincan barışığı”nı imzalamışdı. Region uğrunda ingilis-türk, ingilis-rus, ingilis-alman, alman-rus rəqabəti gedirdi. “Ərzincan barışığı”nın imzalanmasıyla Rusiya qoşunları Qafqaz cəbhəsindən geri çəkilməyə başladı. Lakin bu, hələ Rusiyanın bir əsrdən çox əsarətdə saxladığı Qafqaz bölgəsindən imtinası deyildi. Elə həmin ay – dekabrın 16-da Qafqazda sovet hakimiyyətini bərqərar etmək üçün Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar vəzifəsi təsis edildi. Beləliklə, 1918-ci ilin əvvəllərindən sovet Rusiyası, Osmanlı dövləti, həmçinin Britaniya Qafqazlarla bağlı fəal xarici siyasət yeritməyə başladılar. Bütün bu mübarizənin əsasında regionun geosiyasi, geoiqtisadi əhəmiyyəti dayanırdı. Qafqaz yalnız “xammal, yanacaq, ərzaq mənbəyi” deyil, həm də Avropa və Asiya, xüsusilə Rusiya və Türkiyə arasındakı mövqeyə və mühüm iqtisadi və strateji yollara malik idi.Geostrateji əhəmiyyətini İ.Stalinin bu məzmunda şərtləndirdiyi Qafqazın “sovetləşdirilməsi” hədəfinin arxasında sovet Rusiyasının daha geniş planları var idi. Qafqazda sovet hakimiyyətini bərqərar etməli olan S.Şaumyan eyni zamanda daha bir missiyanı yerinə yetirməli idi. “Türkiyə Ermənistanı” haqqında dekretin icrası da ona tapşırılmışdı. Qafqazla bağlı dekret icra edilməyincə 2-ci dekretin icrası real deyildi. Bu müstəvidə Qafqazın geosiyasi mövqeyini Azərbaycanın milli istiqlal xadimi M.B.Məmmədzadə belə səciyyələndirmişdi: “Rus çarlarının yolu ilə gedən Lenin böyük Ermənistan vasitəsilə Aralıq dənizinə və Hind okeanına çıxacaq, Avropa kapitalistlərinin öz müstəmləkələrinə gedən yollarını kəsmək surətilə dünya inqilabı yaradacaqdı. Böyük Ermənistan bu məqsədlə ona çox lazım idi. Ancaq bunun üçün Qafqaz hərəkət bazası halına gəlməli idi. Qafqaz sovetləşdirilməli idi”.

Sovet Rusiyasının qarşısında regionla bağlı rəqabət aparan dövlətlərdən daha ciddi maneə “Qafqazda, xüsusilə Azərbaycanda milli və istiqlal hərəkətləri” hesab edilirdi. Bütün imkanlarını Bakıya sahib olmağa səfərbər edən sovet Rusiyası aktiv əməli tədbirlər görməkdə idi.

Bakı uğrunda diplomatik, siyasi, ideoloji, hərbi mübarizə 1918-ci ilin əvvəllərindən sentyabrın 15-dək intensiv xarakter daşımışdır. “Təcili surətdə hərbi və pulla Bakıya yardım göstərilsin” tapşırığını verən mərkəzi bolşevik hakimiyyəti, “vahid və bölünməz Rusiya” tərəfdarı olan siyasi və hərbi qüvvələr Qafqaz cəbhəsindən dönən və həmçinin hələ də İranda qalan rus əsgərlərindən faydalanmağa səy göstərirdi.

İran ərazisindən rus qoşunlarının çıxarılması prosesini Britaniya qüvvələri də diqqətlə izləyirdi. Rus qoşunları barədə müfəssəl məlumata malik ingilis kəşfiyyatı hələ 1917-ci ilin sonunda L.Biçeraxovun 1070 nəfərlik hərbi birləşməsinə xüsusi əhəmiyyət vermişdi. Qafqaza göndərilmək üçün ingilis hərbi hissəsinin təşkili məsələsi hələlik İrandakı rus hərbçilərindən istifadəni ehtiyat variantı kimi saxlayırdı.

Cənubi Qafqaz komissarlığının yaradılması prosesində ABŞ, Fransa, həmçinin Britaniya nümayəndəsi iştirak etmişdir. İngiltərə, Fransa və İtaliya hökumətlərindən fərqli olaraq, ABŞ hökuməti “Rusiyadakı hadisələr aydınlaşmayınca Zaqafqaziya hökumətini tanımaq” istəmədi. Britaniya isə əksinə, Qafqaz Federasiyasını bütünlüklə dəstəkləməyi qərara almışdı. Bakı neftinə sahib olmaq əsas məsələlərdən birincisi idi. Böyük Britaniyanın xüsusi xidmət əməkdaşları bölgədə müvafiq missiya yerinə yetirirdi. Baş nazir Lloyd Corc həmin missiyanın motivini belə izah etmişdi: “Biz antibolşevik kampaniyasını deyil, antialman cəbhəsini təşkil etdik və maliyyələşdirdik. Əgər almanlar Bakıya soxulsaydılar və bu rayonun tükənməz neft ehtiyatlarını… ələ keçirsəydilər, müharibə sonsuzadək davam edərdi”. Bu baxımdan ingilislərin Bakıdakı bolşevik hökuməti ilə əməkdaşlıq üçün təkidli səyləri anlaşılır. Brest-Litovsk sülhündən sonra Almaniya ilə müharibə aparmaq üçün Britaniya Rusiyaya pul, silah, təlimatçılar vəd etməklə, hər cür yardım təklif edirdi .

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqaz 2 fərqli qanlı prosesə cəlb olundu. Birincisi, Cənubi Qafqazın müsəlmanlara məxsus torpaqlarında kütləvi şəkildə dinc müsəlman əhalinin qətliamı ilə nəticələnən proseslər idi ki, bolşevik-daşnak hərbi-siyasi müttəfiqliyi nəticəsində baş vermişdi. Region uğrunda rəqabətin beynəlxalq məzmun almasında daxili siyasi qüvvələrin mövqeyi də təsirsiz qalmamışdı. Bolşeviklərin sivil yolla hakimiyyətə yiyələnmək ehtimalı azaldıqca güc vasitələrinə üstünlük verilirdi. Daşnaklarla iş birliyinin əsasını da qüvvələr nisbətini müsəlmanlara qarşı gücləndirmək təşkil edirdi. Müsəlman əhalinin son dərəcə amansızlıqla, qısa müddətdə kütləvi şəkildə məhv edilməsi məhz Azərbaycan xalqını Osmanlı dövlətindən yardım istəmək məcburiyyətində qoydu. “Turançılıq” layihəsini gerçəkləşdirmək istəyən Osmanlı dövlət xadimlərinin Qafqazla bağlı bir neçə variantda planlarının reallaşmasına imkan verən şərait yaranırdı. Osmanlı dövləti Qafqazda “türkçülük” və “turançılığ”ın əsaslarına söykənən bir siyasətin gerçəkləşdirilməsini planlaşdırmışdı.

Almaniyanın müttəfiqi olan Osmanlı dövlətinin Brest-Litovsk müqaviləsinin şərtlərinə əməl etmək tələbi Zaqafqaziya Seymini seçim qarşısında qoymuşdu: ya müqavilədə təsbit olunmuş ərazilərin Osmanlı imperiyasına verilməsini qəbul etməli, yaxud da Rusiyadan ayrılaraq müstəqil tərəf kimi davranmalı idi.

Osmanlı dövləti ilə danışıqlarda Transqafqaz sülh nümayəndə heyətinin başçısı A.Çxenkeli etiraf edirdi ki, “Türkiyə, obyektiv olaraq Cənubi Qafqazın müstəqilliyinin elan edilməsində maraqlıdır. Cənubi Qafqazın müstəqilliyi şimaldan Türkiyənin təhlükəsizliyini təmin edir”.

Azərbaycan xalqının Osmanlı dövlətinə rəğbəti və yardım istəyi, digər tərəfdən Zaqafqaziya Seyminin Brest-Litovsk müqaviləsinin şərtləri ilə barışmaması və Türkiyə ilə müharibəyə cəlb olunması nəticəsində Osmanlı dövlətinin Qafqazda yeni ərazilər ələ keçirərək irəliləməsi adekvat olaraq regionda marağı olan digər xarici qüvvələrin aktiv reaksiyasına gətirib çıxardı.

Osmanlı dövlətinin müttəfiqi Almaniya Qafqazda gedən proseslərdən kənarda qalmamaq və öz mənafeyini təmin etmək üçün Batum konfransına qatıldı. Almaniyanın Qafqaz siyasətinin əsas prinsipləri müəyyənləşdirildi. Qafqazın təbii sərvətlərindən maksimum dərəcədə faydalanmaq istəyən almanlar Batumun və Gürcüstanın alman nəzarətində qalmasına çalışırdılar. Osmanlı dövlətinin Qafqaz regionu ilə bağlı planlarına mane olmaq üçün Almaniya Rusiyanın Batum konfransına qatılmasına çalışırdı. Rusiya Zaqafqaziya hökumətini tanımaq istəmədiyindən, Zaqafqaziya nümayəndə heyətlərinin və Osmanlı dövlətinin kəskin müqaviməti Rusiyanın Batum konfransında iştirakına imkan vermədi. Gürcüstan Almaniyanın himayədarlığını istədikdə, Almaniya, Zaqafqaziya Federasiyasının tərkibindən çıxıb müstəqilliyini elan etdiyi təqdirdə, Gürcüstanın qəyyumluğunu öz üzərinə götürəcəyini bildirdi. Gürcüstanın öz müstəqilliyini elan etməsi Almaniyanın qəyyumluğunu qəbul etməsini şərtləndirirdi. Almaniyanın Qafqaz siyasəti Gürcüstan miqyasında gerçəkləşdi: “Region uğrunda beynəlxalq rəqabətdə Almaniya Gürcüstanı özü üçün mümkün real qənimət bilirdi: “…nəyin bahasına olursa-olsun, heç olmasa, Gürcüstanı əlimizdə saxlamalıyıq. Əks təqdirdə, Qafqazın digər hissələri də tez və ya gec əlimizdən çıxacaqdır” .Artıq mayın 25-də “Poti şəhərinə 3000 alman əsgəri çıxarıldı, may ayının 30-da isə alman diplomatik missiyası Tiflis şəhərinə gəldi. Tezliklə Gürcüstanın bütün dəmir yolları və su nəqliyyatı, habelə Çitauriyanın marqans mədənləri almanların nəzarəti altına keçdi” .

Beləliklə, 1918-ci ilin yazından başlayaraq “…müharibə və siyasət sahəsində Ənzəlidən ingilislərin, Azərbaycandan Nuru Paşanın (Ənvərin qardaşı) və Gürcüstandan almanların son məqsəd olan Bakı ilə bağlı kəskin yarış və “qovhaqov”u başlamışdı” .Sovet Rusiyası isə regionla bağlı daha ciddi addımlar atmışdı.

Rusiya hərbi-siyasi qüvvələrinin qanlı siyasəti regionun bir hissəsində – Bakı quberniyasında hakimiyyəti ələ keçirmələri ilə nəticələnmişdi. Bakıda bolşevik diktaturasının qurulmasına imkan verən amil kimi Ənzəlinin həmin ərəfədə tamamilə bolşevik nəzarətində olması da sayıla bilər. Belə ki, 1918-ci ilin yanvarında Britaniya hərbi ekspedisiyası Bağdaddan çıxaraq Ənzəliyə qədər sürətlə irəliləyə bildi. Artıq fevralın ortalarında Qəzvinə çatan Britaniya hərbi heyəti Ənzəlinin tamamilə bolşevik nəzarətində olması səbəbindən Bakıya gələ bilməmişdi. Bakı Qafqazın siyasi müqəddəratına təsir edəcək həlledici seçim ərəfəsində idi. Osmanlı qoşunlarını Bakının neft mədənlərindən uzaqda saxlamaq üçün ingilislər türklərə qarşı müharibəyə hazırlaşan bolşeviklərlə iş birliyinə can atırdılar. Bakının müdafiəsi üçün ingilis yardımını qəbul etmək məsələsi Rusiya hakimiyyətinin yerli icraedici qurumu statusunda çıxış edən Bakı bolşevik hökumətində kəskin fərqli fikir ayrılığı yaratmışdı.

Britaniya missiyasının rəhbəri general Denstervil Bakıya sahib olmadan hər hansı cəhdin faydasız olduğunu vurğulayırdı: “Mən həmişə Xəzər (dənizi) üzərində nəzarətin necə böyük əhəmiyyətə malik olduğunu (demişəm) və bunun həyata keçməsinə dair bir neçə plan hazırlanmışdı” .

1918-ci ilin yazından etibarən Bakıdakı vəziyyət haqqında ingilis kəşfiyyatının əhatəli məlumatları Britaniya missiyasının Qafqazda əməkdaşlıq edə biləcək siyasi qüvvələri müəyyənləşdirməyə yardım edirdi. Yaranmış şəraitdə ermənilərin təklifindən yararlanmağı məqbul bilməyən ingilis hərbi kəşfiyyatı ehtiyat etsə də, eyni vaxtda Ənzəliyədək gəlib, ermənilərlə, bolşeviklərlə birgə Xəzər donanması üzərində nəzarəti ələ almağı mümkün sayırdı. Bakıdakı bolşevik hakimiyyəti ilə Ənzəli bolşevikləri arasında əlaqədə erməni vasitəçiliyi şirnikləndirici görünsə də, Bakıda vitse-konsul Ponald Mak-Donellin aparıcı rol oynadığı ingilis kəşfiyyat xidməti Denstervil missiyasının gəlişi üçün zəmin hazırlamaqla məşğul idi. Erməni Milli Şurası ingilis yardımını qəbul etməyə hazır olsa da, bolşevik hakimiyyətinin mövqeyi fərqli idi. İngilislərin Cənubi Qafqazda daşnaklarla müttəfiqliyi qarşılıqlı maraqlara əsaslanırdı. Osmanlı ordusuna qarşı çıxan qüvvələrdən eser və menşeviklər Rusiyadan ayrılmağı rədd etdikləri halda, daşnaklar Cənubi Qafqazın Rusiyadan ayrılıb Britaniya nüfuz dairəsinə keçməsini qəbul edə bilərdilər. Britaniya missiyasının Qafqaza gəlməsinə razılıq verən eserlər (sosial-inqilabçılar) Ənzəliyə, L.Biçeraxovun yanına hazırlıq üçün 200 nəfər göndərmişdilər. L.Biçeraxovun gəlişi isə Qafqazda məhsul yetişən vaxta, iyunun əvvəli üçün nəzərdə tutulmuşdu. Lakin Brest-Litovsk sülh müqaviləsinin imzalanması “Qafqaz tarazlığını yenidən pozdu”.Osmanlı hücumundan qorxan Gürcüstan Almaniyanın himayəsini qəbul etdi. Lakin alman-gürcü qoşunları Osmanlı qüvvələrinin Azərbaycana doğru hərəkətini dayandıra bilmədi. Alman qoşunlarının əlinə keçməmək üçün Britaniya missiyası Tiflisdən Vladiqafqaza köçdü. Vəziyyətin dəyişilməsi ilə Britaniya hökuməti Denstervil missiyasının, o cümlədən Biçeraxovun Qafqaza getməsini təxirə saldı. Osmanlı ordusunun Azərbaycandan keçməsinin qarşısını almaq üçün Britaniyanın hərbi naziri türkləri Həmədanda saxlayıb, Xəzər istiqamətində irəliləməsinə yol verməmək göstərişi verdi. 1918-ci ilin yayı üçün, heç olmasa, kiçik dəstə ilə belə ingilislərin Xəzər hövzəsinə daxil olmasına hökumət hədsiz əhəmiyyət verirdi. Hətta bir-iki ingilis zabitinin Bakıya göndərilməsi, neft mədənlərinin məhv edilməsi, Xəzər donanmasının ələ keçirilməsi, türklərə qarşı yerli hökumətə (Bakı bolşevik hökumətinə) yardım göstərilməsi və s. nəzərdə tutulurdu. Denstervil isə bu fikirdə idi ki, 2 ingilis zabitinin Bakıya göndərilməsi heç bir nəticə verməyəcəkdir, Bakı şəhəri “effektli kömək almaq ümidindədir və neft mədənlərini dağıtmağa ehtiyac yoxdur”. Bu mövqe reallığa əsaslanırdı. Londondan göstərişlər verildiyi iyun günlərində Osmanlı imperiyası ilə Cənubi Qafqaz respublikaları arasında “Sülh və dostluq” müqavilələri imzalanmışdı. Azərbaycan hökuməti müqavilənin dördüncü bəndinə istinadən Osmanlı hökumətindən yardım istəmişdi. Bakı XKS isə Gəncə üzərinə yürüş haqqında əmr vermişdi. Məğlubiyyət anında düşmənə qalmasın deyə, neft mədənlərinə od vurmaq əmri də bolşeviklərin planına daxil idi.

Qafqaz regionu – Xəzər hövzəsi uğrunda beynəlxalq və daxili siyasi qüvvələrin apardıqları savaşın nəticələrindən zərər çəkən əsasən Azərbaycan xalqı, Azərbaycan torpaqları olmuşdur. Daxili siyasi qüvvələrin mövqeyindən məharətlə faydalanan sovet Rusiyası mahiyyətcə soyqırımı aktı olan kütləvi qırğınlar törətməklə Bakı quberniyasında hakimiyyətini qura bildi. Bolşevik dəstəyinə güvənən erməni yaraqlıları Bakı quberniyasından geniş coğrafiyada, o cümlədən Yelizavetpol (Gəncə), xüsusən İrəvan quberniyalarında müsəlman əhalini qətliama düçar etdilər. 1917-ci ilin fevralından 1918-ci ilin martına qədərki dövrdə İrəvan quberniyasında 200 azərbaycanlı kəndi dağıdılmış, 135 min nəfərdən çox əhali doğma torpaqlarından qovulmuş və ya məhv edilmişdi. Bu qanlı proseslə paralel Zaqafqaziya Seyminin Osmanlı dövləti ilə danışıqları və hərbi əməliyyatları gedirdi. Həmin prosesdə də İrəvan quberniyasının ərazilərinin müqəddəratı həll olunurdu. Quberniyanın 7 qəzasından 5-i (Sürməli, Aleksandropol, Şərur, Eçmiədzin və İrəvan qəzasının böyük bir hissəsi) artıq Osmanlı qoşunlarının nəzarəti altına keçmişdi, 2 qəzadan ibarət ərazidə isə erməni dövlətinin yaradılması planlaşdırılırdı. Ermənilərin “ingilis-rus siyasəti naminə türklərə qarşı fitnə-fəsadlara son qoyacaqları” şərtilə müstəqil dövlət yaratmalarına Osmanlı dövlətinin razılıq verməsini Azərbaycan təmsilçiləri də məqbul bilmişdi: “Kəndi daxilində hüsn-i intiqamla meşyu, daima fırsat ardından koşan və ilk imkan bulunca arxamızdan xəncəri vurmaq zehniyətində qalan erməni arzu-yı millisi münker və hər zaman türk siyasəti əleyhində mudahelat-ı əcnəbiyəyi ihtar edən intriqalara vasitə olacaq bir buçuk milyonluq bir erməni kütləsi bulundurmaqmı, yoxsa türk akvamı ilə muhat, sevkül-ceyş nokta-yı nazarınca zararsız və amal-ı milliyesince təmin olunmuş kiçik bir erməni kantonumu? Siyasət-i milliyemiz nokta-yı nazarından bizcə ikinci şəkil daha faydalı və münasib olsa gərək… Biz daha erməni kantonu təsisindən bəhs etdikdə məqsədimiz erməniləri müdafiə deyil, kəndi siyasətimiz, türk siyasət-i umumiyesi nokta-yı nəzərindən baxır və məsələni bu siyasət kaidəsinə həll etmək istəyirik…”.

Beləliklə, yaradılması razılaşdırılmış erməni federasiyası üçün siyasi mərkəz lazım idi. Aleksandropolun Türkiyəyə keçməsindən sonra belə mərkəz kimi İrəvan şəhəri nəzərdə tutulmuşdu. Birinci Dünya müharibəsinin son mərhələsində hərbi əməliyyatların gedişatı Osmanlı dövlətinin məğlubiyyəti ilə müşayiət olunanda artıq türk qoşunlarının nəzarət altında saxladığı əraziləri tərk etməsi erməni nizamı qüvvələrinin həmin əraziləri zəbt etməsi ilə nəticələndi. Həmin ərazilər Osmanlı dövlətinin Batum konfransında Azərbaycan nümayəndələrinə güzəştə getmədiyi torpaqlar idi. Osmanlı tərəfinin üzərində israrla dayandığı həmin ərazilər nə özünə, nə də Azərbaycan Cümhuriyyətinə qalmadı. Naxçıvan, Şərur, Sürməli istisna olmaqla (onların müqəddəratı da çox keşməkeşli oldu və sovet hakimiyyəti illərində həllini tapdı) İrəvan, Uluxanlı, Vedibasar, Gümrü ermənilər tərəfindən tutuldu.

Sonda İrəvan quberniyasının Osmanlı nəzarəti altında olan əraziləri və Azərbaycan Cümhuriyyətinə aid hissələri Ararat (erməni) respublikasının hakimiyyəti altına keçdi. Cənubi Qafqazın azərbaycanlıların kompakt yaşadığı tarixi yurdu olmuş İrəvan quberniyasının əksər ərazisi Azərbaycan dövləti üçün itirildi.

Regiondakı geosiyasi vəziyyətdən yaranmış Azərbaycan Cümhuriyyəti düz bir il əvvəl “Azərbaycan muxtariyyəti” üçün nəzərdə tutulmuş əraziləri tam əhatə edə bilmədi. Muxtariyyətin əhatə edəcəyi ərazilərə dair 1917-ci ilin dekabrında mövqe belə idi: “Azərbaycan muxtariyyətindən bəhs olunuyorsa, həmən İrəvan, Gəncə və Bakı quberniyaları ilə sair Zaqafqaziya uyezd və mahallarından bəhs olunuyor deməkdir”. “Azərbaycan müxtariyyəti”nin gerçəkləşməsinə imkan verməyən daxili və xarici qüvvələrin müqavimətinə baxmayaraq, son dərəcə mürəkkəb şəraitdə qismən kiçik ərazidə müstəqil Azərbaycan dövlətini qurmaq mümkün oldu.

Azərbaycan Cümhuriyyəti mövcudluğunun sonunadək İrəvan quberniyasına aid hüquqlarını reallaşdırmağa səy göstərdi. Cümhuriyyətin yaranması ərəfəsində yad hakimiyyət altında olan Bakı quberniyası, Bakı şəhəri uğrunda mübarizə artıq beynəlxalq məzmun aldı. Beynəlxalq münasibətlərdə “Bakı məsələsi”nin meydana gəlməsi Qafqaz-Xəzər regionu uğrunda rəqabətin kəskinləşməsinin yaratdığı problem oldu. Azərbaycan Cümhuriyyətinin bəyan edilməsindən sonra hakimiyyətin qarşısına qoyduğu bir nömrəli vəzifə paytaxt elan etdiyi Bakı şəhərini düşmən qüvvələrdən azad edib geri qaytarmaq idi.

Azərbaycan hökuməti müvəqqəti yerləşdiyi Gəncədə Bakı uğrunda qətiyyətli mücadilə apardı. Britaniya hərbçilərinin Azərbaycan milli mənafeyinə düşmən qüvvələrlə eyni cəbhədə mövqe tutması, Rusiya-Almaniya məxfi sövdələşməsi (sovet Rusiyasının Almaniya vasitəsilə Osmanlı imperiyasına təzyiqi Bakı üzərinə yürüşü ləngitsə də, dayandıra bilmədi), Osmanlı dövlətinə qarşı təzyiqlər müstəvisində Azərbaycan-Osmanlı birgə əməliyyatları Bakının azad olunması ilə nəticələndi. Beynəlxalq vəziyyətin Antantanın xeyrinə dəyişməsi Rusiyanın Almaniya və onun müttəfiqləri ilə bağladığı sazişə marağını zəiflətdi. Digər tərəfdən, Türkiyə və Azərbaycanın təzyiqi Almaniyanın Rusiya ilə avqust sazişindən imtina etməsində az əhəmiyyətli deyildi .

Cümhuriyyətin bəyan edilməsi ərəfəsində regionda əsas aktorlar kimi fəaliyyət göstərmiş dövlətlərdən Böyük Britaniya, Rusiya Azərbaycan dövlətinin müqəddəratına sonadək təsir göstərdilər. Almaniya və Osmanlı imperiyaları dünya müharibəsində məğlub olduqlarından regionla bağlı proseslərə müdaxilə etmək iqtidarında deyildilər. “Böyük müharibənin bütün çətinliklərində müttəfiq olan Almaniya və Türkiyə Cənubi Qafqaz siyasətində bir-birinə qarşı durmalı olmuşdu” . Qalib Antantanın parçalamaq istədiyi Osmanlı dövlətində başlanan milli-istiqlal savaşı artıq yeni bir Türkiyənin yaranmasından xəbər verirdi. Türkiyə milli-istiqlal hərəkatı ilə sovet Rusiyasının regionda uzlaşan maraqları və Antanta qüvvələrinin əməli (hərbi) yardım göstərməməsi Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda məşum rol oynadı.

Firdovsiyyə ƏHMƏDOVA,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, əməkdar müəllim

Həmçinin yoxlayın

Qadınlar molla rejimin hicab zorakılığına qarşı dirənməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi yenidən qadınlara məcburi hicaba görə vəhşilik …

Rus sülhməramlıları Xudavəng monastır kompleksini tərk edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilən rus sülhməramlılar 10 apreldə …

Bir cavab yazın