Çərşənbə axşamı , May 11 2021
azfa

Azərbaycanda Sovet hakimiyyətinin qurulması və mühacirətin formalaşması

GADTB: 1920-ci ilin aprelindən Sovet Rusiyasının xarici siyasətində Azərbaycanı işğal etmək ön plana çəkilmişdir ki,bu da fevral ayından etibarən həyata keçirilməyə başlandı.1920-ci ilin yanvarın 11-də Azərbaycan Xalq Cümhuriyyəti Versal Ali Şurasında de-fakto tanınmış və bu hadisə Azərbaycan tarixində misilsiz iz buraxmışdır.Lakin AXC-nin de-yure tanınması aprel ayına qədər baş tutmamış və Bakı neftində həmçinin Çar Rusiyasının sərhədlərini bərpa etmək sevdasında olan Sovet Rusiyası ölkədə davam etməkdə olan vətəndaş müharibəsində qalib gəlmək üçün Azərbaycanı və Bakı neftinin ələ keçirilməsini zəruri hesab edirdi.1920-ci ilinəvvəllərində Rusiya rəhbəri Lenin çıxışında bildirirdi ki, “Bizi düşdüyümüz vəziyyətdən yalnız Bakı nefti çıxarda bilər”.

Lenin hələ çevrilişdən iki həftə əvvəl Bakı neftinə cavabdeh olacaq şəxsi də təyin etmişdi – A.P.Serebrovski. Serebrovski artıq Qırmızı qoşunların gəlişi ilə Rusiyaya yanacaq daşımalarını təşkiletməyə başlamışdı.

AXC-nin işğalına rəvac verən hadisələr hökumət böhranının yaranmasıyla başladı.M.H.Hacınski yaradılması ona həvalə edilən hökuməti bolşeviklərlə danışıqlar apararaq yaratmaqdan imtina etdi.M.Rəsulzadə bu hadisə barədə yazırdı : “Həftələrlə davam edən böhranı-vükəla nəticəsində bütün fərqi-siyasiyyənin müvafiqətilə yeni kabinetinənin təşəkkülü Hacınsıkk Məhəmməd Həsən bəyə həavə olunmuşdu. Daha yeni bir kabinənin təşəkkülünü bəkləmədən məxsusi bir heyəti-mürəxxəsə dəxi bolşeviklər nəzdinə ezam olunmuşdu.Bu heyət Rusiyanın möhtac olduğu məvaddi-iqtisadiyyatı təmin etmək surətilə bolşeviklərdən istiqlal və təmamiyyəti-mülkiyyəyə babında təminatı-siyasiyyə almaq üzrə müahidə səlahiyyətdar idi.”

Məhəmməd Əmin bəyin də yazdığı kimi hökumət böhranı AXC-nin işğalı yolunda atılan ilk addımlardan idi.Həmçinin mart ayından etibarən Qarabağda erməni separatçılarının qiyamı baş vermişdi.1 aydan artıq idi ki,AXC ordusu tərəfindən hərbi əməliyyatlar aparılırdı.Bu əməliyyatlar Azərbaycan ordusunun üstünlüyü şəraitində keçsə də,ölkənin ümumi müdafiə qabiliyyətini zəiflətmişdi.Belə ki,qüvvələrimizin 2/3 hissəsi Qarabağa göndərilmişdi.72 minlik bolşevik ordusunun hərəkət istiqamətində isə cəmi 5 minlik qüvvəmiz var idi.

Aprel ayının ortalarında artıq ölkədəki Kommunistlərin ilk təxribatları baş vermişdi. “Azərbaycan” qəzeti 25 aprel sayında yazırdı : ” Gənc dövlətlərin yaranma prosesi həmçinin milli azadlığa çıxma prosesidir və ona qarşı yönələn hər hansı bir çıxış bu xalqa qarşı olan düşmənçilik aktı kimi nəzərdən keçirilməlidir”

1920-ci il aprelin 26-nın ilk saatlarında bolşevik ordusu Rusiyasının 11-ci Qırmızı ordusu Azərbaycan sərhədlərini pozaraq Bakıya doğru irəliləməyə başladı.Ertəsi gün Bakıdakı tərəfdarlarının,xüsusəndə Çingiz İldırımın səyi nəticəsində düşmən tərəfinə keçən Xəzər donanmasının köməyilə Bakı mühasirəyə alındı.AXC parlamentinə hakimiyyəti təhvil vermək barədə ultimatum verildi.Bu vaxt Bakıdakı kommunist dəstələri hələ səhər tezdən şəhərin içindəki,həm də onun ətrafındakı vacib obyektləri: dəmiryol vağzalını,poçtu,teleqrafı,radiostansiyanı,polis məntəqələrini ələ keçirmişdilər.Dağıdıcı qrupların səyləri ilə Bakı ilə Şimal sərhəddi və Gəncə arasındakı telefon və teleqraf əlaqəsi sıradan çıxarıldı ki,bu da hökuməti əyalətlərdəki özünə sadiq olan hərbi birləşmələri vaxtında köməyə çağırmaq imkanından məhrum etdi.İşğala qarşı müqaviməti mənəvi cəhətdən zəiflədən amil isə Türkiyə ilə bağlı idi.11-ci ordu ilə gələn bəzi türk zabitləri bolşeviklərin Azərbaycanı işğal etməyə deyil,yunan işğalına qarşı qurtuluş savaşı aparan türklərə köməyə getdiyini söyləyirdilər.Ənvər Paşanın əmisi Xəlil Paşanın bu zabitlər içərisində olması xüsusi çaşqınlıq yaradırdı.Bu hadisəyə sonrakı dövrlərdə müxtəlif mülahizələr və yanaşmalar mövcud olmuşdur.Türkiyənin “Son Posta” qəzeti 1937-ci ildə maraqlı yazı çap etdirmişdi :”Azərbaycan dövlətinin polisini,jandarmını və milli müdafiəsini əksəriyyət etibarilə türklərə həvalə etmiş hökumət “Müsavat” adlı firqənin təmsil etdiyi blok hökuməti idi.Bizimkilər də bu hökumətn yardımı ilə yaşayırdılar.Belə olduğu halda bizimkilər bir nəfər Qarabəyov ismindəki bir politika sərsərisinin,digər tərəfdən də kommunistlərin tərəfini tutmuşlar( Mənbə : ” Son Posta”,15-17 iyun 1937,İstanbul)

Belə ki,sonradan son posta qəzetinin də qeyd etdiyi kimi,Türkiyə hökuməti tərəfindən proseslərə razılıq verilmişdi.Mustafa Kamal Paşanın 1920-ci ilin aprelin 26-da Leninə göndərdiyi teleqrafda qeyd edilirdi : ” Bolşeviklər Gürcüstan üzərindən hərbi və ya diplomatik təzyiq yoluyla Gürcüstan menşeviklərinin bolşevik birliyinə daxil olmasına və ingilisləri bölgədən çıxarmaq üçün hərəkat başlamağına nail olarsa,Türkiyə hökuməti də İmperiyalist erməni hökuməti üzərinə bir hərbi dəstə yollamaqla və Azərbaycan hökumətini də bolşevik dövlətlər qrupuna salmağı bacarar”(Mənbə : Milli Mücadelede öncüler.M.Kafkas.səh,139)

Lakin hadisələrə daha obyektiv formada yanaşmaq Türkiyə tərəfinin bu hadisələrdə çox da günahkar olmadığını deməyə əsas verir.Çünki,Anadoluda qurtuluş savaşı aparan Mustafa Kamal Paşanın məktubundan da məlum olduğu kimi Türkiyənin müstəqilliyi üçün ingilis və imperialist qüvvələrə qarşı mübarizə də bolşevik Rusiyası ilə müəyyən müttəfiqlik qaçılmaz idi və nəticədə bu rus-türk yaxınlaşmasına səbəb olmuşdu.Eyni zamanda Mustafa Kamal Paşanın Leninə göndərdiyi teleqraf barədə obyektiv mövqelərdən birini alim Cəmil Həsənli ortaya qoymuşdur.C.Həsənli bu barədə yazır : “Mustafa Kamal Paşanın Sovet hökumətinə ünvanlanmış 26 aprel tarixli məktubu ətrafında çox söz-söhbət yaradılsa da,əslində,bu məktub Azərbaycanın bolşeviklər tərəfindən işğalında elə də önəmli bir rol oynamadı.Məsələ burasındadır ki,Mustafa Kamal Paşanın məktubu Azərbaycanın ruslar tərəfindən işğal edilməsindən çox sonra,yalnız iyun ayının 3-də Moskvaya yetişdi.Bu zaman artıq Azərbaycanın işğalı başa çatdırılmışdır.Bununla belə,Türkiyə inqilabi hökuməti adından Mustafa Kamal Paşanın göndərdiyi məktub Moskvada çox isti qarşılandı” (Mənbə.Bax : Cəmil Həsənli.Sovet Dövründə Azərbaycanın Xarici siyasəti(1920-1939).səh,238-239.

Saat 20:45-də Azərbaycan parlamentinin təcili iclası baş tutdu.Gündəliyə yalnız bir məsələ,Azərbaycan İnqilab Komitəsinin hakimiyyətinin təhvil verilməsi barədə ultimatumu daxil edilmişdi.Məsələnin müzakirəsindən əvvəl S.Mehmandarov çıxış etdi və hərbi müqavimətin imkansız olduğunu bildirdi.M.Ə.Rəsulzadənin təkidi ilə parlamentin açıq iclasının keçirilməsi qərara alındı ki,”xalqın bilgisi olmadan heç bir qərar qəbul edilməsin və o,bizim hansı vəziyyətdə olduğumuzu bilsin”

Belə ağır şərtlər altında işğalçıların ultimatumunu müzakirə edən parlamentdə fraksiyaların əksəriyyəti onun qəbul edilməsinə tərəfdar çıxdılar.Yalnız Məhəmməd Əmin Rəsulzadə Müsavat fraksiyası adından çıxış edərək ultimatumun rədd olunmasını təklif etdi.MəhəmmədƏmin bəyin tarixi çıxışı belə idi : “Əfəndilər! Amansız bir ultimatum qarşısında qalmışıq.Burada təslimdən bəhs edirlər.Fəqət,əfəndilər,təslim nə demək ?Kimə təslim oluruq ?Bizə deyirlər ki,sərhədimizi keçən ordunun başında Nəcati adlı bir türk komandanı durur.Bizi inandırırlar ki,Rusiyadan gələn bu təcavüzkar ordu ölüm-dirim savaşı aparan Türkiyəni xilas etməyə gedir.Əfəndilər!Türkiyə Azərbaycanın xilaskarıdır.Amili-Milliyəimizin hörmətləndirdiyi müqəddəs bir məmləkətdir.Onun xilasına gedən bir qüvvəni biz məmnuniyyətlə yola salırıq.Fəqət bir şərtlə ki,bu qüvvə bizim azadlığımızı,müstəqilliyimizi çeynəməsin.Gələn rus ordusudur.Onun istədiyi 1914-cü ilin hüdudlarını almaqdır.Anadolunun imdadına getmək bəhanəsilə yurdumuza gələn işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir.Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim etmək ultimatumunu qəbul etməyə ehtiyac yoxdur.Bu ultimatumu kəmali-nifrətlə rədd edirik.Biz buraya millətin iradəsi və arzusu ilə gəldik,bizi buradan yalnız qüvvə və süngü çıxarmalıdır”

Təbii ki,Rəsulzadə müqavimət imkanlarının olmamasını gözəl bilirdi.O,sadəcə işğala legitimlik donunun biçilməsini istəmirdi.

Bəzi deputatlar hökumətin Gəncəyə köçürülməsini və beləliklə müdafiə döyüşünə keçməyi təklif etsələr də, onlar açıq fərqlə azlıq təşkil edirdilər. İttihadçılar və sosialistlər şövqlə Sovet hakimiyyətini qəbul etdiklərini ifadə edirdilər. Əhrar isə kütlələrin tərəfində duran kommunistlərə müqavimət göstərməkdə heç bir səbəb görmürdü.

Gecə saatlarına qədər uzanan müzakirələrdən sonra parlament  altı şərt irəli sürərək hakimiyyətin Azərbaycan Kommunist Partiyasına təhvil verilməsi qərarını qəbul etdi.Lakin sonradan bolşeviklər bu şərtlərə əməl etməmişdilər.Aprel ayının 28-də Müvəqqəti İnqilab Komitəsinin yaradılması ilə Azərbaycanda Sovet hakimiyyətinin qurulması prosesi başlandı.

Hakimiyyətin ələ keçirilməsibarədə sonralar Kommunist qəzeti yazı çap etdirmişdi.

‘Aprelin 27-i axşamdan etibarən şəhəri qəribə gərginlik ab-havası bürümüşdü’ “Kommunist” qəzetinin müxbiri yazırdı:

“Küçələr adamlarla dolu idi. Onlar kiçik qruplarda toplaşmış və bir-biriləri ilə pıçıldaşırdılar. Qırmızı Ordunun yolda olması və Xaçmaz stansiyasının ələ keçirilməsi xəbərləri şəhərdə sürətlə yayılmağa başladı. Təşviş içində olan sadə camaat təkrarlamaqda davam edirdi: Bircə silahlı toqquşmalar olmasın. Onlar narahatlıqla yatmağa yollandılar… Şəhər yeni rejimə keçidin necə olacağı və onun necə hərəkət edəcəyi ilə bağlı heç bir bilgisi olmadan yuxuya getdi. Aprelin 28-i tarixi ilə axşam nəşr olunan qəzetlər isə nəyin baş verəcəyi ilə bağlı məsələlərdən sükutla keçmişdilər. Bu onların sonuncu nəşrləri idi”

Azərbaycan Xalq Cümhuriyyəti və onun işğalı barədə Sovet dövrü tarixşünaslığında demək olar ki,rast gəlmək mümkün olmurdu.Stalin totalitarizminin formalaşmasından sonra Azərbaycan SSR tarix dərsliklərində bu hadisələrə ötəri yanaşılır və Azərbaycan xalqının 1920-ci ildə guya könüllü olaraq Sovet hakimiyyətini qəbul etməsi qeyd olunurdu 30-cu illərdə qəzetlərdə də bu cür təbliğat üstün mövqeyə malik idi.Kommunist qəzetində AXC üzvləri təhqir olunurdular.80-ci illərin sonlarından isə başlayan milli hərəkat və Sovet hakimiyyətinin tənəzzülə uğramasıyla bu barədə ilk obyektiv mövqe oraya qoyan dərsliklər nəşr olunmağa başladı.İlk dəfə C.Zeynalov 1992-ci ildə dərc etdirdiyi monoqrafiyada AXC-nin işğalı barədə yazmışdı : “Şimali Azərbaycan Sovet İmperiyasının əsarətindən xilas olaraq milli istiqlaliyyət yoluna qədəm qoymuşdu.Sanki,tarix 1918-ci il may ayının 28-də Şərqdə qurulmuş ilk demokratik dövlətin- Azərbaycan Demokratik Respublikasının dövrünü təkrar edir.ADR ziyalılarımız ictimai və dövlət xadimlərimiz nə qədər əmək sərf etdilər.Nəhayət,1920-ci ilin yanvarında dünya birliyi dövlətləri ADR-i tanıdı.Lakin,yeni və qəti addımları ilə həyata qədəm qoyan bu dövlət 11-ci Qızıl Ordunun sümgüləri ilə süquta yetirildi”(Bax : Cahangir Zeynaloğlu.Müxtəsər Azərbaycan Tarixi.səh,3)

Sovet Respublikalarının RSFSR ilə diplomatik münasibətlərinin hansı formada qurulması və onların öz aralarında qarşılıqlı münasibətlərinin necə olması barədə uzun müzakirələr getsə də,1922-ci ilin yayına qədər milli sovet respublikaları arasında formal diplomatik münasibətlər saxlanıldı.

Bundan sonrakı dövrdə Azərbaycanın xarici siyasətini yeritmək,onun diplomatik maraqlarını müdafiə etmək daha çox respublikanın milli mühacir hökumətinin üzərinə düşür.Cümhuriyyətin rus bolşevikləri tərəfindən istilasından sonra M.Ə.Rəsulzadə həbs olunur.Həbsdə ikən onu Stalin ziyarət edir.Nəticədə,Moskvaya aparılır və orada iki il göz dustağı olur.1922-ci ildə Fin körfəzi üzərindən qaçaraq Avropaya çıxır,oradan İstanbula gəlir və burada nəşriyyat və siyasi fəaliyyətini davam etdirir(Bax : M.Ə.Rəsulzadə.Stalinlə ixtilal xatirələri.səh,10)

1922-ci ilin sonlarında M.Ə.Rəsulzadənin Türkiyəyə gəlişi ilə Azərbaycanın xaricdə ikinci bir mühacirət mərkəzi formalaşdı.Müsavat Partiyasının Xarici Bürosunun yaradılması,Azərbaycan Milli Mərkəzinin təsis edilməsi bolşevizmə qarşı mübarizəyə əməli xarakter verdi.Türkiyədə nəşr edilən “Yeni Kafkasiya”, “Azəri Türk”, “Odlu Yurd” jurnalları Azərbaycan istiqlal mübarizəsinin tribunasına çevrildi.

İşğalın ilk dövrlərindən istiqlaliyyətin bərpasına çalışan və bu istiqamətdə böyük diplomatik addımlar atan şəxslərdən biri də heç şübhəsiz parlamentin legitim sədri Ə.Topçubaşov idi.Bakıda inzibati orqanların tam bolşeviklərə təhvil verilməsi Parisdəki mühacirlərin işlərini son dərəcə çətinləşdirmişdi.Ə.Topçubaşov Parisdən baş verənlər barədə 22 iyun 1920-cil ildə teleqrafında yazırdı : ” Cənab sədr! Bu il mayın 12-də rəhbərlik etdiyim nümayəndə heyəti adından Parisdən Sizə 12 saylı məlumat göndərmişdim.Həmin məktubda heyətin Azərbaycanda,xüsusən də Bakıdakı aprelin sonlarında cərəyan edən proseslərdən tamamilə bixəbər qaldığını diqqətinizə çatdıraraq bizi göstərilən müddət ərzində baş vermiş bütün hadisələr haqda məlumatlandırmaq üçün ən ciddi,təsirli və təcili tədbirlər görülməsini xahiş etmək şərəfinə nail olmuşdum.Nümayəndə heyəti son dərəcə ağır,kədərli günlər yaşayır.Yaranmış vəziyyət heç bir xəbər tura bilmədiyimiz ailələrimizin,yaxınlarımız və doğmalarımızın dərdi bir yana qalsın,ölkənin və ordunun,Parlamentin və hökumətin taleyindən tam məlumatsız olmağımız səbəbindən bizi səbatlılıqla sınağa çəkir,hər an səbir və dözüm nümayiş etdirməyə,gərginlik içində gözləməyə və yenə də gözləməyə məcbur edir.Lakin belə ümidsiz vəziyyətə düşməsinə baxmayaraq,nümayəndə heyəti hazırkı son dərəcə çətin şəraitdə yenə də işini davam etdirmək,üzərinə düşən vəzifələri bacardığı qədər yerinə yetirmək üçün özündə qüvvə tapır”( Mənbə :Ə.Topçubaşinin Azərbaycan Respublikası Nazirlər Şurasının Sədrinə məktubu.No 13.22 iyun 1920)

1921-ci ilin iyun ayının 10-da Topçubaşinin rəhbərliyi ilə dörd Qafqaz Respublikasının Paris bəyannaməsini imzalaması Qərb müttəfiqlərinin Qafqaza marağını artırdı.1929-1931-ci illərdə M.Ə.Rəsulzadə Türkiyədə “İstiqlal” qəzetini nəşr etdirsə də 1931-ci ildə Sovet-Türkiyə yaxınlaşmasına görə İstanbulu tərk edərək Avropaya getmək məcburiyyətində qalır.1934-cü ilin iyulunda isə Brüssel paktı imzalandı və üç Qafqaz Respublikasını birləşdirən Qafqaz Konfederasiya Şurası yaradıldı.Eyni zamanda Polşada “Promotey” (1934-1939)jurnalı dərc edilməyə başlandı.

İkinci dünya müharibəsi illərində isə Rəsulzadə Polşanı tərk etmiş Rumıniyaya mühacir etmişdir.Bu zaman Sovet hakimiyyətinin mövcudluğuna qarşı Almaniyada bir qrup Azərbaycanlının başçılığı ilə Nasist hökumətinin razılığı əsasında Azərbaycan Milli Hökuməti yaradıldı(1944-1945) Hökumətin başında F.Düdənginski dayanırdı

İstifadə olunmuş mənbə və ədəbiyyat siyahısı

1)Cəmil Həsənli.Sovet Dövründə Azərbaycan Xarici Siyasəti(1920-1939)

2)M.B.Məmmədzadə.Milli Azərbaycan Hərəkatı

3)Cahangir Zeynaloğlu.Müxtəsər Azərbaycan Tarixi.1992 nəşr

4)Ə.Topçubaşov.Doğma Azərbaycanın mənafeyini qoruyacağıq(sənədlər toplusu)

5)Y.Sadıqlı.Tarixdən Sahifələr.(Məqalələr toplusu-1)

6)M.Ə.Rəsulzadə.Stalinlə ixtilal xatirələri

7)Bilal Həsən.Azərbaycan Xalq Cümhuriyyəti geniş xronoloji icmal

8)M.Kafkas.Milli Mücadelede Öncüler(2)

9)M.Ə.Rəsulzadə.Azərbaycan Cümhuriyyəti(1923 nəşr)

10)Tadeuş Svaxetovski.Kommunistlərin hakimiyyətə gəlməsi(yazı)

Orxan Allahverdiyev

Həmçinin yoxlayın

Kərbəla şiələri “Rədd ol Xamenei və Rədd ol İran” şüarı ilə İran konsulluğunu yandırdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın terroru dəstəkləməklə İraqda sabitliyi pozması İraq şiələrinin …

Uyğur türklərini soyqırıma məruz qoyan Çin soyqırımı əks etdirən tədbirləri baykot etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, uyğur türklərini soyqırıma məruz qoyan Çin soyqırımı əks …