Azərbaycanın İrəvan şəhəri XVIII əsrdə

GADTB: Hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi yaxın keçmişdə – XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları idi.

Bu torpaqların ən qədim yerli əhalisi – aborigen sahibləri Azərbaycan türk­ləri idi. Lakin tarixin amansız axarlarında, 1918-ci ildə İrəvan şəhəri ermənilərə pay verildi. Beləliklə, Cənubi Qafqazda tarixdə ilk dəfə olaraq erməni dövləti ya­radıldı. Məqalədə əsasən İrəvan şəhərinin qaynar bir dövründən – İrəvan xanlığının paytaxtı olduğu dövrdən bəhs olunacaqdır.

İrəvan xanlığı XVIII əsrin ortalarında Azərbaycan ərazisində uzun sürən azadlıq hərəkatından sonra müstəqillik qazanmış 20-dən çox dövlət qurum­la­rından – xanlıqlardan biri idi. Xanlığın paytaxtı olan İrəvan şəhəri quruluşuna görə digər Azərbaycan şəhərlərindən fərqlənmirdi. Erməni müəllifləri İrəvan toponiminin mənşəyini erməniləşdirməyə çalışırlar. Erməni tarixçisi Yervand Şahəziz 1931-ci ildə İrəvanda çap etdirdiyi «Qədim İrəvan» kitabında İrəvan toponimi ilə bağlı yazır: «Məlum olmuşdur ki, İrəvanın adının ermənicə «yereval» (görünmək- red.) və ya «yerevan qall» (aşkar olmaq, irəli gəlmək- red.) sözləri ilə heç bir əlaqəsi… və heç bir elmi əsası yoxdur. Eyniliklə də türklərin söylədikləri əfsanə də elmi baxımdan dəqiq deyil. Əfsanəyə görə İrəvanın adı şah İsmayılın (1501-1524) sərkərdələrindən birinin – Rəvanqulu xanın adı ilə bağlıdır. Belə ki, şahın əmri ilə guya onun adamları burada qala tikmişlər. Lakin tarixi həqiqət, ondan ibarətdir ki, İrəvan bu adla artıq 11-ci və hətta 7-ci əsrdən məlum olmuşdur» [4, 7]. Sonra müəllif fikrini belə davam edir: «Şəhərin adı ilə elmi baxımdan qəbul ediləcək, həqiqətə uyğun yeganə şərh bəlkə də Moskva Arxeoloji Cəmiyyətinin üzvü M.Nikolskinin verdiyi şərhdir. Belə ki, 1893-cü ildə o, cəmiyyətin tapşırığı ilə burada səyahətdə olmuş, o vaxta qədər tapılmış mixi xətli yazıları tədqiq etmişdir. M.Nikolskinin izahına görə, İrəvan adı Yeriaini (Eriaini) ölkəsinin adından irəli gəlir. Onun da mərkəzi və ya baş şəhəri İrəvan olmuşdur. Bu Yeriaini ölkəsinin adı isə Urartu kralı I Rusa tərəfindən Göyçə (Sevan) gölü ətrafında zəbt etdiyi 23 ölkələr sırasında olan, gölün sahilində yerləşən «Kolan-qıran» (Otsaberd) adlanan kəndin yanında tapılmış yazıda həkk olunmuşdur. Lakin Nikolskinin fikrincə, Urartunun qədim İrəvanı özünün indiki yerindən bir verst (1,0668 km) aralı olan türkcə «Qanlı təpə» (Aryunod blur) adlanan  təpənin yerində olmuşdur [4, 8].

Yervand Şahəziz sonra yazır ki, 1894-cü ildə M.Nikolskini müşayiət edən A.İvanovski adı çəkilən təpəyə gəlmiş və onun üzərində Urartu formalı qala qalıqları aşkar etmişdir. Həmin təpənin (Qanlı təpə) yaxınlığında, bir kəndlinin əkin zamanı tapdığı, dörd misralı mixi xətli yazılı daşı A.İvanovski Moskva Arxeoloji Cəmiyyətinə aparmışdır. Ölçüləri 15×43,85 sm olan bu daşın üzərində həkk olunan yazı kral Arqiştiyə aiddir və bu şəkildə oxunur:  1.Arqişti; 2.Menuanın oğlu; 3.Bu qalanı tikdi; 4.10.100 daşdan ibarət [4, 9].

Erməni tarixçilərinin əksəriyyətinin öz əsərlərində uydurduqlari “qədim erməni tarixi”nin Urartu dövləti ilə əlaqələndirilməsi səciyyəvi hal almışdır. Halbuki bu ərazilərdə yaşamadıqları üçün, ermənilərin bu dövlətlə də heç bir əlaqələri ola bilməzdi. İrəvanın adının I Rusa ilə əlaqələndirilməsi əslində ənənəvi erməni saxtakarlığından başqa bir şey deyildir. Erməni müəllifinin İrəvan toponimi ilə bağlı fikirlərinin heç biri elmi əsasa söykənməyir. Ən əsası isə, M.Nikolskinin gəldiyi nəticələrin nəşr olunduğu mənbə haqqında Y.Şahəziz heç bir məlumat vermir. AMEA, A.Bakıxanov adına Tarix İnstitutunun son dövr tədqiqatlarından sayılan «İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi» kitabı İrəvan toponimi ilə bağlı daha dolğun şərh vermişdir. Kitabda yazılır: «Qədim Urartu tarixinə şərik çıxmağa çalışan erməni müəllifləri İrəvan toponiminin əsassız olaraq Urartu mənbələrində adı çəkilən Erebuni qalasının adından götürülməsi fikrini irəli sürürlər. XIX əsr rus müəllifi İ.Zelinski isə İrəvan toponimini həm ermənilərin qondarma «Nuh əfsanəsi» ilə bağlı yerevum «görünən», həm də tatarların (Azərbaycan türkləri – red.) «teçet» axan, rəvan mənasında işlətdiyini qeyd edir [16, 1]. Lakin, bu fikirlər elmi əsasa söykənmir. İr toponiminin erməni dilində izahı yoxdur. İr (Yer) qədim türk sözü olub «yerin  günəşə baxan üzü»nə deyilir[bax: 9, 218]. Bəzi tədqiqatçıların fikrincə İrəvan toponimi türk dillərində İr «dağın gündüşən tərəfi», «dalğavari dağ zirvəsi» və farsca van «yer» sözlərindən ibarətdir. İrəvan toponiminin qədim türk teonimlərdən törənən etnik adlar sırasına daxil edilməsi və onun qədim türklərin İr (Yer) Tanrısı ilə eyniləşdirilməsi fikri daha düzgündür [7, 37].

Hələ XVI əsrdə osmanlı yürüşləri zamanı sultanın katibi olmuş İbrahim Rəhimizadə İrəvan şəhərini «Azərbaycan mülkünün gözü» adlandırmışdı  [14,169].

Polkovnik S.Burnaşev 1787-ci il 8 iyul tarixli məktubunda ge­neral P.S.­Pot­yomkinə bildirirdi ki, onun məlumatlarına görə Osmanlı sultanı Azər­bay­can xanlarını həmişə müdafiə edəcək, İrəvan şəhəri Azərbaycana məxsus olduğundan onun heç zaman Gürcüstanın tabeliyinə verilməsinə razı ol­ma­­ya­caq­dır. Bundan əlavə, sultan Ərzrum paşasına və digər həmsərhəd pa­şa­la­ra, nə­yin bahasına olursa-olsun, rus qoşunlarının qarşısına çıxmağı əmr et­miş­dir. Regionda siyasi durumun gərginləşməsi ilə əlaqədar Ömər xan, qa­ra­bağlı İbrahim­xə­lil xan və digər Azərbaycan xanları İrəvanı qəti su­rətdə gür­cü­lərin təzyiq­lə­rindən xilas etmək üçün birləşmişlər [15, оп.1/194, док.416, ч.I, л.354].

İrəvan şəhərinin quruluşu: İrəvan şəhəri şimaldan Qırxbulaq, qərbdən və cənubdan Zəngibasar mahalları ilə, şərqdən isə onu Qarni (Görpübasar) mahalından ayıran Oxçuberd dağının daşlı pillələri ilə həmsərhəd idi. İrəvan şəhəri onu əhatə edən bağlarla birgə geniş ərazini əhatə edirdi. Onun sahəsi 28 verstə bərabər idi [18, 464].

İrəvan xanlığının paytaxtı, müstəqil inzibati mərkəz olan İrəvan şəhəri iki hissəyə – içəri şəhər(qala) və bayır şəhər hissəsinə bölünmüşdü.

İçəri şəhər əsasən İrəvan qalasından ibarət idi. İrəvan qalası 1583-cü ildə Osmanlı sərkərdəsi Fərhad pa­şa tərəfindən ti­kil­­miş, son­ra­lar dəfələrlə dağıdılmış, yenidən bərpa edilmiş, XVIII əsrin so­nun­da isə kifayət qədər möhkəmləndirilmiş və dəfələrlə ağır mü­ha­sirə­lərə tab gə­­­tirmişdi. İrəvan qalası Zəngi çayının sol sahilində yerləşirdi. Qala üç tərəf­dən dərin xəndəklə, di­gər tərəfdən isə, Zəngi çayının sol sahilində sıldırımda ti­kilmiş 2 hündür divarla əhatə olunmuşdu. Qalanın iki qapısı vardı: şi­mal­da məş­­hur Şirvan qapısı, cənubda isə Təbriz qapısı. Mü­ha­sirə zamanı sudan is­tifadə etmək üçün qaladan Zəngi çayına çıxış da var idi [13, 290; 2, 41; 7, 144 ]. 1813-cü ildə burada olan Qaspar Druvil yazırdı: «İrəvan qalası iki di­var­la əhatə olunub, şəhərdən yarım top atəşi məsafəsində yerləşir. Qala uzun müd­dət Türkiyə və İran arasında mübahisəyə səbəb olmuş, nəhayətdə İranın (Səfə­vilərin – red.) hakimiyyəti altında qalmışdı. Qalanı xan idarə edir. Xan qalanın içərisində üç nizami tabor, qalanı qoruyan 60 top və süvari ar­til­le­riya bölüyünün yarısını saxlayır» [3, 8; 7, 144].

İrəvan qalasının içərisində Sərdarın sarayı, hərbçilərin evləri, dükanlar və iki məscid – Məhəmməd xan və Abbas Mirzə məscidləri yerləşirdi. Qalanın içərisinə 2 yerdən –  Zəngi ça­yın­dan və cənub-şərq tə­rəfdən –  Qırxbulaq çayından yeraltı yolla su çəkilmişdi. Rusiya işğalına qə­dər İrə­­­van qalasında 800 ev vardı. Lakin işğaldan sonra bu evlərin ço­xu dağı­­­dıl­mış­dı [13, 290].

Bayır şəhər daha geniş ərazini əhatə edirdi. Göy məscid adı ilə tanınan məşhur Hacı Hüseynəli xan məscidi burada yerləşirdi. Göy məscid adı ilə məşhur olması onun kə­r­pi­cinin göy rəngli kaşı ilə üzlənməsi ilə bağlıdır. 1760-1768-ci illə­də İrə­van xanı Hacı Hüseynəli xan Qacar (1759-1783) tərəfindən inşa edil­ən bu məscid həyə­tin­də fontanlı daş çarhovuzun və ətrafında sıx kölgəli ağacların olması ilə seç­­i­lirdi  [8, 214; 7, 226]. Dövrün mənbələrində İrəvan şəhərində məscidlərin daha çox olmasının və Rusiya işğalından sonra dağılması haqda məlumat vardır [Bax: 7, 158].

Bayır şəhər əsasən üç böyük məhəllədən ibarət idi. Hə­min məhəllələr bun­lar idi:

Şəhri (Əski şəhər) məhəlləsi – şəhərin şimal-şərq hissəsini əhatə edərək Qırx­­bulaq çayının sağ sahili ilə İrəvan qalasına kimi uzanırdı. Şəhərin mər­kə­zi bazarı və bütün meydanları, bir çox karvansaraları bu hissədə yerləşirdi [18, 464; 2, 46].

Təpəbaşı məhəlləsi – Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşirdi. Bu məhəllə şəhərin qərb hissəsini əhatə edirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xanbağı da burada yer­ləşir­di [18, 464-465; 2, 46].

Dəmirbulaq məhəlləsi – Şəhri məhəlləsindən cənub-şər­q­də, İrəvan qa­la­sı­nın şər­qin­də yerləşirdi. Hacı Cəfər bəy məscidi və hamamı, Hacı Nəsrulla bəy məscidi, həm­çi­nin Həsənəli ha­ma­mı və Susuz karvansarası  burada yer­ləşirdi [18, 464;­ 6,­ 40; 2,47]. Yuxarıda göstərilən məhəllələrin sakinlərinin Azərbaycan türkləri olduğunu erməni mənşəli ABŞ tarixçisi C.Bornoutyan da gizlədə bilmir [2, 47; 7, 145].

1836-cı ildə Leqko­bıt­ov tərəfindən tərtib olunan mən­bənin məlumatına görə, İrəvan qalasının ətrafında – bayır şəhərdə 1736 ev, 5 mey­dan, 8 məs­cid, 5 kilsə, 6 karvansara, 1670 dükan, 9 ictimai hamam, 1470 üzüm və meyvə bağı, 40 dəyirman, 6 ding vardı [13, 291]. Leqko­bıt­ovdan fərqli olaraq İ.Şopen İrəvan şəhərində 1730 ev olduğunu yazır. Bu evlərdən 792-i Şəhri (Əski şəhər), 622-i Təpəbaşı, 322-i isə Dəmirbulaq məhəlləsində yerləşirdi [18, 468; 7, 146].

XIX əsrin I qərinəsində Rusiya tərəfindən işğal olunmasına baxmayaraq sonrakı dövrlərdə də İrəvan şəhəri öz gözəlliyini və Azərbaycan türklərinə məxsusluğunu sax­layırdı. B.Jelixovskaya bu haqda yazır: «İrəvan görünüşünə görə bütünlüklə tatar (Azərbaycan – red.) şəhə­ridir, uzaqdan çox gözəldir. Şə­hərin yerləşdiyi düzənlik nəhəng çiçək səbətinə bən­zəyir. Ağ evlər, qüllələr, qa­­lanın xarabalıqları, rəngbərəng kaşılarla üzlənmiş məscid və təmtəraqlı mi­na­rələr: bunların hamısı bağların içərisində itir, pira­midaşəkilli sərvlərin xi­ya­ba­nı ilə dövrələnir, hər şey üzüm tənəkləri, sarmaşıq xalçaları ilə əhatə olun­muş, hamısı qızılgül və nar kolları ilə bəzə­dilmişdi. Zənqi çayı yüksək dağdan şə­lalə kimi  düzənliyə tökülür və qaya­larda dərin yataq açaraq şəhərə doğru yö­nəlir və hər cür yaşıllığın keçilməz cən­gəlliyində itir [5, 40-42]».

İrəvan şəhərinin əhalisi:

XVI əsrin əvvəllərindən başlayaraq davam edən Səfəvi – Osmanlı mü­ha­ri­bələri nəticəsində Az­ər­baycanın Çuxursəd bölgəsinin şiə məzhəbli əhalisinin xeyli hissəsi öz doğma yurdunu tərk etməyə məcbur olmuşdu. Əlverişli şəraitdən yararlanan erməni kilsəsi boşalmış Azər­­baycan kəndlərini və torpaqlarını rüşvət və hə­diy­yələrlə ələ ke­çi­rə­rək burada erməniləri yerləşdirmişdir [bax: 11, 219].

İrəvan bölgəsindən fərqli olaraq qeyd olunan demoqrafik proseslər İrə­van şəhə­ri əhalisinin etnik tərki­bində ciddi dəyişiklik yaratmadı. İrəvan şəhə­rin­də daimi ya­şayan əhalinin tamamilə Azərbaycan türklərindən ibarət olmasını ilk mən­bələr də təsdiq edir. Məsələn XVII əsr fransız səyyahı Şarden İrəvanda olar­kən (1673) Səfiqulu xan Çuxursəd bəy­­lərbəyi və İrəvan hakimi idi. Şarden onun in­cəsənəti və elmi sevdiyini, h­amı­nın ona hörmət etdiyini göstərir [17, 23]. Səyyahın məlumatına görə «….İrəvan qalası təxminən səkkiz yüz evdən ibarətdir. Ora­da ancaq təmizqanlı qızılbaşlar yaşayırlar» [17, 21]. «Qədim İrəvan» kitabında İrəvan əhalisindən bəhs edən Y.Şahəziz 1673-cü ildə İrəvanda olan fıransız səyyahı Şardenin İrəvan qalasında yaşayan əhali haqda məlumatını bir daha təsdiq edir və daha maraqlı bir məqama toxunur. O yazır ki, ermənilərin orada (İrəvan şəhərində – red.) yalnız dükanları var idi, onlar orada gündüzlər alver edir, axşamlar isə dükanlarını bağlayıb evlərinə gedirdi [4, 34].

Er­mə­ni­lər tərə­findən Rusiyaya və Avropanın digər xristian dövlətlərinə çat­dırılan mə­lu­mat­­ların təhrif olunmasını, ermə­ni­lə­rin sayının həmişə süni şəkildə şi­şir­dil­mə­sini nə­zərə alsaq, demək olar ki, İrə­van şəhərinin özündə otu­raq erməni əha­li­si ya­şamamışdır.

XVIII yüzilliyn əvvəlində mis­sio­ner­lik məqsədilə İrəvana gəlmiş ye­zu­itlər ordeninin üzvü, missioner Monye yazır: «Evlərdən daha çox bağçalar və üzüm bağlarına qərq olmuş şəhər ikiqat qala divarları ilə əhatə olunmuşdur. Əhalinin ¼-i ermənilərdir» [10, 154]. XVIII yüzillikdə İrə­vanda olmuş Mami-Klerak Monyenin faktlarından təkcə fayda­lan­­mamış, hətta onu redaktə də etmişdir. Erməni tədqiqatçısı A.Q.İo­annisyan da bu faktla razılaşaraq fransız tarixçisi, mühəndis Mami-Kleraka isti­nad edərək yazır ki, «qay­naq­ların məlu­ma­tına görə, er­mə­nilər İrəvan şəhəri əhalisinin ¼-ni, azər­bay­can­lılar isə böyük ək­sə­riy­­yətini təşkil edirdilər» [10, 153; 1, LXXVII; 12, 33-34]. Beləliklə, bəhs olu­nan dövrdə də Azər­baycanın qə­dim Çuxursəd (İrəvan) bölgəsində və İrəvan şə­­hə­­rində ya­şayan əhalinin bö­yük ək­səriyyəti Azərbaycan türklərindən ibarət idi. Bunu yuxarıda gös­tə­ri­lən erməni mən­bələrinin məlumatları, həm də İrə­van­da olmuş Avropa səyyahları və missionerlərinin verdiyi konkret faktlar da təsdiq edir.

Bununla yanaşı digər avropalı səyyah – 1700-ci ilin yazında İrə­­­­vanda olmuş alman səyyahı Kaspari Şillinger də təsdiq edir ki, İrəvan şə­hə­rin­də sayca və siyasi cə­hət­dən Az­ər­baycan türkləri tam üstünlük təşkil edirlər. O, yazır: «İrə­van şə­hə­ri­nin da­xi­lin­­də (yəni şəhərin qala divarları içərisində-red.) yalnız iranlılar (Az­ər­­bay­can türk­ləri-red.), şəhərin nisbətən iri qəsəbəsində (görünür, Üç­kil­sə­də-red.) və müx­təlif yer­lərdə kilsəyə xidmət üçün erməni tacir və sə­nət­kar­ları ya­şa­yırlar. Onlar iranlılara (Azərbaycan türk­lə­rinə-red.) vergi ve­rir­lər» [7, 78].

Hələ, XVIII əsrin əvvəllərində İrəvan şə­hə­rin­də oturaq er­mə­ni əhalisinin yaşamadığını həmin dövrdə tərtib olunmuş ar­xiv sənədləri də təsdiq edir. Erməni-rus əlaqələrinə həsr olun­muş sənədlər top­lu­su­nun II cil­di­nin I hissəsinə daxil edilmiş sənədlər içərisində ma­raqlı bir mə­lu­mat verilir. 1701-ci il 25 iyul tarixli «Yaddaş qeyd­lə­ri» ad­la­nan həmin sə­nəd­­də erməni avan­türisti İsrail Ori rus qoşunlarını Cə­nubi Qafqaza yürüşə həvəs­lən­dir­mək üçün I Pyot­ra 18 bənddən iba­rət layihə təklif edir. La­yihənin 7-ci bən­din­də Rusiya im­peratoruna İrəvan şə­həri haqda kəşfiyyat xa­rakterli mə­lu­mat­lar çatdırılır və göstərilir ki, İrəvan şə­hərində cəmi 300 nə­fər­­dən bir az artıq er­mə­ni yaşayır və onlar da ticarətlə məşğul olur­lar [1, 213; 11, 31].

Nəzərə almaq lazımdır ki, İrə­van­da olan avropalılar, o cümlədən mis­sionerlər şə­hərin xristian əhalisi ba­rə­də məlumatı Üçkilsə ka­to­likosundan alırdılar. Buna görə də həmin mə­lu­matlar çox zaman bilərəkdən şi­şirdilir və həqiqəti əks etdirmirdi. Bununla belə, Avropa səyyahları Şar­den, Şilinger, XVIII əsr arxiv sənədləri və hətta erməni müəllifi Şahəziz də İrəvan şəhərinin əhalisinin ancaq azərbaycanlılardan ibarət ol­duğunu yazır.

Yuxarıda göstərilən səbəblər üzündən artıq XVIII əsrin əvvəllərində mər­kə­zi İrə­van şəhəri olan Çuxursəd bəylərbəyliyinin Üçkilsə və ona yaxın kənd­lə­rin­də er­­mə­ni­lərin sayı artmışdı. Bununla belə, göstərilən dövrdə də İrəvan şəhəri və ona yaxın bölgələrdə ermənilər elliklə məskən sala bilməmiş, yalnız mü­vəq­qə­ti olaraq ticarətlə, habelə missionerlik fəaliyyəti ilə məşğul olmuşlar.

İdarəetmə: XVIII əsrin ikinci yarısında İrəvan şəhəri Azərbaycanın ən iri şə­hər­lə­rin­dən və mədəniyyət mərkəzlərindən biri idi. Xan öz ailəsi və xidmətçiləri ilə birlikdə burada yaşayırdı. İrəvan şəhərini xan tərəfindən təyin olunan kə­lən­tər və qalabəyi idarə edirdi. Yasovullar, onbaşılar, fərraşlar onlara tabe idi. İrəvan xanlığının idarə olunmasında saray məmurları mühüm rol oyna­yır­dılar. Vəzir böyük səlahiyyətlərə malik idi. Xan sarayında vəzirdən başqa sərkərəli (ma­­liyyə işlərinə baxan), eşikağası (xanın şəxsi tə­sər­rü­fatını idarə edən), sandıq ağası (xəzinədar), anbar ağası, qalabəyi, mühasib bəy və digər vəzifələr də var idi. Hərbi işə isə xanın özü rəhbərlik edirdi [6, 38]. Maraqlıdır ki, erməni müəllifi A.R.Qriqorian İrəvan xanlığının idarəçilik sistemindəki bütün bu vəzi­fə­lə­rin ad­la­rını erməni dilinə tərcümə etməmiş, Azərbaycan dilində olduğu kimi vermişdir.

İrəvan xanlığında və onun paytaxtı İrəvan şəhərində əhalinin ək­­sə­riyyətini yerli Azər­bay­can türkləri təşkil edirdilər. Onlar siyasi hakimiyyətə tam sahib olmaqla xan­lı­ğı idarə edirdilər.

Güntəkin Nəcəfli

Tarix üzrə fəlsəfə doktoru

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın