GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar və sosial şəbəkə istifadəçiləri Antiazərbaycan mövqeyi ilə seçilən kürd yazıçısı və Fars Dili Akademiyasının üzvü Qütbəddin Sadiqinin Təbrizdə keçirilən Nizami Gəncəvi konfransına dəvət olunmasına etiraz ediblər.
Nizami Gəncəvi ilə bağlı heç bir tədqiqat işi olmayan və II Qarabağ müharibəsi zamanı özünün sosial şəbəkə hesabı və İran mediasında Azərbaycana qarşı qərəzli və irqçı çıxışları ilə yadda qalan Qütbəddin Sadiqinin həmin konfransa dəvət olunmasının Azərbaycana qarşı fitnəkarlıqdan başqa bir şey olmadığı kimsəyə sirr deyil.
Türk düşməni olan Qütbəddin Sadiqi qeyd olunan qərəzli çıxışlarına görə, azərbaycanlıların etirazı ilə qarşılaşmış və Şərqi Azərbaycan İfaçılıq Sənətləri Dərnəyi onun barəsində rəsmi olaraq şikayət etmişdi.
Təbrizin “Azərəncümən” xəbər saytı Nizami ilə bağlı ciddi araşdırmaları olmayan, yalnız Nizaminin anasının kürd olması barədə əsassız iddianı hər yerdə təbliğ edən bu şəxsin Təbrizə dəvət olunmasını yersiz və qərəzli iş olduğunu bildirib.
Azərbaycanlı fəallar Şərqi Azərbaycan İslami Maarif və Mədəniyyət İdarəsinin Qütbəddin Sadiqini Nizami Gəncəvi konfransına dəvət etməsini pisləyib və bu yanlışlığın ortadan qaldırılmasını tələb ediblər