Cümə , Yanvar 28 2022
azfa

Bayraktarlar daha uzun məsafədəki hədəfləri vura biləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin ROKETSAN şirkəti Qarabağ müharibəsinin də təcrübəsini nəzərə alaraq MAM-L “ağıllı” raketinin mənzilini iki dəfə artırıb.

Türkiyə KİV-ləri xəbər verir ki, “Bayraktar TB2” , habelə bu ildən seriya istehsalı başlayan, daha üstün göstəricilərə və döyüş imkanlarına malik olan “Akıncı” və “Aksungur” pilotsuz döyüş təyyarələrinin əsas silahı olan bu raketlər indi hədəfi 8 kilometr məsafədən deyil, 15 kilometrdən vura biləcək.

MAM-L raketinin hədəfə lazerlə yönləndirilən versiyası 8 kilometr, naviqasiya sistemləri üzərindən yönləndirilən versiyası 14 kilometr mənzilə malik idi. İndi isə raketin lazer başlıqlı versiyasının mənzili iki dəfə artırılır.

Müdafiə siyasəti məsələri üzrə analitik Turan Oğuz TRT Haber-ə bildirib ki, ilk baxışdan raketin mənzilinin artırılması bəsit məsələ kimi görünə bilər. Lakin MAM-L raketlərinin pilotsuz döyüş təyyarələrinin əsas silahı olduğunu nəzərə alanda raketin mənzilinin artırılması hərb sahəsində yeni dönüş mərhələsidir. Çünki raketin mənzilinin artırılması sayəsində “Bayraktar TB2” və silahlanmaya tezliklə daxil ediləcək digər döyüş pilotsuz təyyarələri düşmənin kiçikmənzilli havadan müdafiə sistemlərinin təsir radiusundan çıxmış olur.

“Dünyada mövcud olan kiçikmənzilli havadan müdafiə sistemlərinin təsir radiusu 10-15 kilometr təşkil edir. Lakin bu o demək deyil ki, həmin sistemlər hədəfi 15 kilometrdən vura bilir. Söhbət ən yaxşı şərtlərdə hədəfi vurmaq məsafəsindən gedir. Ona görə də Türkiyənin döyüş pilotsuz təyyarələri həmin sistemlərin təsir radiusundan kənara çıxacaq. Onlar bizi vurmadan biz onları vura biləcəyik. Yəni rusların və NATO-nun istifadə etdiyi qısa mənzilli havadan müdafiə sistemlərinin təsir radiusunun xaricinə çıxmış olduq”,-analitik deyib.

Xatırladaq ki, MAM-L və MAM-C “ağıllı” raketləri ilə silahlanmış (cəmi 4 raket) “Bayraktar TB2” döyüş pilotuz təyyarələri ötən il əvvəlcə Suriyada, daha sonra Liviyada hərbi əməliyyatların gedişatını Türkiyənin xeyrinə dəyişdirib. Bu silahların tətbiq edilməsi Suriyada Əsəd rejimini və onu dəstəkləyən qüvvələri, habelə Liviyada qiyamçı feldmarşal Haftarı atəşkəsə məcbur edib. Daha sonra “Bayraktar TB2” daşıdığı bu raketlərlə 44 günlük Qarabağ müharibəsində geniş tətbiq edilib və Azərbaycan ordusuna qələbəni qazandıran silahlardan biri kimi tarixə düşüb.

Turan Oğuz deyir ki, indiyədək Türkiyə döyüş pilotsuz təyyarələri “oyunu dəyişdirirdi”, indi isə onlar özləri “oyun quracaq”. “Türkiyə döyüş pilotsuz təyyarələrinə qarşı müdafiə sistemləri yaratmağa çalışan ölkələr planlarını başdan dəyişdirməli olacaqlar”,-o qeyd edib.

Həmçinin yoxlayın

İran Ermənistanla qızıl və almaz hasilatı sahələrində əməkdaşlıq edə bilər

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın Qızıl, Cəvahirat, Gümüş və Qiymətli …

Türkiyənin TOGG avtomobili “CES-in Ən Yaxşı 20 Brendi”ndən biri seçildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası …