Cümə , Aprel 26 2024
azfa

Ceyhun Nəbi:  “Türklüyün Azərbaycandakı müqəddəratı (1918-1920)” üzərinə bir dəyərləndirmə

GADTB: Son zamanlar Azərbaycan Cümhuriyyəti ilə bağlı müxtəlif kitablar, məqalələr çap edilir və yanaşmalar ortaya qoyulur. Bu yaxınlarda çox hörmətli tarixçi dostumuz Odər Əlizadənin Türkiyədə çap edilmiş “Türklüğün Azerbaycandakı mukadderatı(1918-1920)” adlı çalışması bunlardan biri kimi diqqəti cəlb edir. Əlbəttə burada qeyd etmək yerinə düşər ki, bu günə qədər Azərbaycan Cümhuriyyəti ilə bağlı çap edilmiş kitabların bir çoxu tanıtım və təbliğat materialı təəssüratı yaradır. Dövrün ciddi şəkildə təhlil və analiz edilməməsi, həmçinin tənqidi baxış üzərindən dəyərləndirilməməsi Azərbaycan tarixşunaslığı üçün boşluq, tarixçilərimiz üçün nöqsan kimi qeyd edilə bilər. “Türklüğün Azerbaycandakı mukadderatı” adlı çalışma tənqidi aspektlərlə zəngin, əsaslandırıcı mənbələrlə yüklü və həmçinin dönəmə ənənəvi baxışa müəyyən qədər zidd mahiyyət kəsb edir. Kitabla bağlı düşüncələrimi və mövqeyimi sizinlədə bölüşmək istəyirəm.

Kitab “Milli dövlətin millətsiz adı: Azərbaycan” adlı başlıqla başlayır. 1918-ci ilin 28 mayında elan edilmiş Azərbaycan Cümhuriyyətinin adı niyə Azərbaycan seçilib, bu adın seçilməsi doğrumu və ya yanlışmı, milli dövlətin millət adından törəməməsi və bu istiqamətdə digər məsələlər tədqiqata cəlb edilib. Etnotərkibi müxtəlif olan yurdumuzun milli bir dövlət olaraq dövlət adının coğrafi məkan adından törəməsi insanda təbii olaraq sual doğurur. İndiyə qədər mənim üçündə maraqlı olub hansı səbəbdən dövlət adı – Azərbaycandır ?

İlkin olaraq ümumi nəzəri əsas kimi ondan başlamaq lazımdır ki, dövlət qurmaq üçün idealoji əsaslar mövcud olmalıdır. XX əsrin ilk on illiklərində biz bütünlükdə Keçmiş Rusiya müsəlmanlarında bu istiqamətdə cəhdlərin olduğunu görürük. Milli dövlət millət anlayışından törəyir. Çar Rusiyası tərkibində eyni dilin müxtəlif şivələrində danışan, imperiyanın hakim milləti ruslardan fərqli adət-ənənəyə sahib, fərqli kültür və düşüncədə olan toplum fərqliliyini anlamağa başlayır və hər hansısa formada fərqliliyini ifadə etməyə cəhd edir. Təbii olaraq bunu geniş şəkildə toplumun bütün fərdlərinə aid edə bilmərik. Çox dar çərçivədə, barmaqla sayılacaq fərdlər, seçilmişlər və ya daha dəqiq ifadə edilmiş olaraq – ziyalılar deyə bilərik. Bu seçilmişlərin öhdəsində o qədər ağır bir iş var ki, bu iş zaman, enerji, ağır məşəqqətlər və həmçinində indiyə qədər mövcud olanların üzərinə getmək cəsarəti tələb edir. Millət adı din adımızdır(müsəlman) və ya tatar. Seçilmişlərin aydınlatma vasitələrinə də imkan verilmir. Öz mətbuatımız yox, öz məktəbimiz yox, öz milli istəklərimizi ifadə edəcək mühit yox. İstək və tələblər, mətbuat rus dilində olmalıdır. Orada Çarlığın maraqları ifadə edilməli. Məktəblər isə dini dərslər verən mədrəsələr. O isə dini işlərdən başqa bir işə yaramır. Mühitə isə gəldikdə isə ziyalılar nəzarət altında, hər addım və hər hərəkət izlənirdi. Həsən bəy Zərdabinin, İsmayıl bəy Qaspıralının, Əlimərdan bəy Topçubaşinin, Əhməd bəy Ağaoğlunun, Alimcan Barudinin, Əli bəy Hüseyinzadənin, Fatih Kəriminin, Fəxrəddin Rizaəddinin, Əbdürrəşid İbrahiminin, Şeyxülislam Məhəmməd Pişnamazzadənin, Musa Carullah Bigiyevin və digər çox önəmli simaların fəaliyyəti nəticəsində bu işlər yön almış və özünə yer tapmağa çalışmışdı. Sonrakı mərhələdə bu siyahı dahada genişlənmiş və təşkilatlanmış forma almışdır. Dumalarda yer almaqla yanaşı, həmçinin imperiyadaxili müsəlman toplumlarının inkişaf və yüksəlişini təmin etməklə bağlı qurultaylar təşkil edilmişdi. Burada qeyd etməliyəm ki, bu qurultaylar nəticəsində imperiyanın müsəlman toplumlarının ziyalıları bir-birinə daha da yaxınlaşmış, əlaqələri genişlənmişdir. Amma bu prosesdəki mənzərəni də qənaətbəxş hesab etmək olmaz. Qurultayların adı Müsəlman qurultayı adlanır və sağlam təməllərin atılması üçün ciddi zəminlər hazırlaya bilmir. Bu proses 1917-ci ilə qədər davam edir. 1917-ci il inqilablarından sonra başlayan yeni mərhələdə dövlətləşməyə qədəm qoyulur. Ayrı-ayrı istiqamətlərdə yeni dövlətlər qurulmağa başlayır. 1917-ci ilin 26 dekabrında Kırım Xalq Cümhuriyyəti, 1918-ci ilin mart ayında İdil-Ural dövləti qurulur. Göründüyü kimi onlarda elan etdikləri dövlətlərin adına məkan adını vermişlər. Həmçinin 1918-ci ilin mayında elan edilmiş Azərbaycan Cümhuriyyəti də dövlət adını məkandan götürüb. Müəyyən zaman kəsiyini əhatə edən idealoji bazanın möykəmləndirilməsi və qeyd etdiyimiz qurultaylar sağlam təməllərin qurulması üçün yetərli olmayıb. Bizimlə müqayisədə Kırım Xalq Cümhuriyyətinin və İdil-Uralın etnotərkibi müxtəlifdə deyildi. Böyük çoxluq türklər idi. Milli dövlətdə millət adının ifadə olunmaması təməl bazanın zəif olmasından xəbər verir. Azərbaycanda isə 1917-ci ilin mart ayında Nəsib bəy Yusifbəyli tərəfindən Türk Ədəmi Mərkəziyyət Partiyasının elan edilməsi dövlət adının müəyyən edilməsinə sirayət edə bilməyib. Qeyd etmək lazımdır ki, Azərbaycan istiqlaliyyətini elan edən hakim partiyanın adı Türk Ədəmi Mərkəziyyəti – Müsavat idi. Sual doğurur partiyanın adında TÜRK kəlməsinə yer verildi, amma dövlət adında bu niyə olmadı ?

Düşünmək olar ki, bu ani şəkildə verilən istiqlaliyyət qərarının nəticəsindən doğub və yaxud da dövri şəraitin tələblərinə uyğun məcburiyyətdən olub. İstiqlaliyyətin elan edilməsi ilə bağlı tərəddütlərdə mövcud idi. Xəlil bəy Xasməmmədli Milli Şuraya müraciət edərək dərhal Azərbaycan istiqlaliyyətinin elan edilməsini tələb etmişdi. Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Əkbər Ağa Şeyxülislamov onunla həmfikir olduğunu bildirmişdilər. Fətəli Xan Xoylu ilə isə tələsməməyi və tam səlahiyyət verilmiş hökümət qurulmasını təklif etmişdi(1, 600). Dövlətin üsuli-idarə şəklinə qədər ən sağlam, mütərəqqi forma düşünülüb və tətbiq edilib, amma dövlət adı nədənsə narahatlıq yaratmayıb və müzakirə mövzusu olmayıb. Onuda əlavə etmək lazımdır ki, dönəmin fəal siyasi simalarının mətbu yazılarında, nitq və digər yaradıcılıqlarında bu haqqda geniş və fundamental məlumatlara rast gəlinmir. İmperiyadan ayrılmış, öz milli istiqlaliyyəti uğrunda mücadilə aparan millətlərin hansı səbəbdən ayrıldığını və buna rəvac verən birinci ünsürün nədən ibarət olmasını qəbul və dərk etməsi çox ciddi faktordu. Bu məsələni təhlil etmək dönəmin fikir, düşüncə və əməl adamlarını ittiham etmək və üzərlərinə getmək mahiyyəti daşımır. Əlbəttə ki, çətin bir dönəmdə, aydın olmayan bir mənzərədə, müxtəlif təyziq və basqılarla üz-üzə olan ziyalılar və bir sıra siyasi simalar ən optimal, minimum narahatlıqlar yaradacaq variantlara baş vurmuşdular. Bunları mütləq anlayıb, ədalətli şəkildə dəyərləndirilməlidir. Bununla birlikdə təbii olaraq sonrakı dönəmdə yaratdığı narahatlıqlar vardır. Belə ki, dövlətin adına Azərbaycan verilməsi ilə birlikdə daha ciddi, narahatedici problem ortaya çıxdı. Dövlət adına uyğun, qondarma, tarixi kök və əsasları olmayan bir dil adı müəyyən edildi – Azərbaycan dili. Varmı bu adda dil ? Dil millət adından doğan, öz tarixi kökləri olan, söz bazasına sahib, öz müqqədəratını təyin etmək istəyən topluma birinci əsas verən şərtdi. Dil millətin varlığını əsaslandıran birinci faktordu. Dövlət adımız müəyyən edilərkən millət adının diqqətdən kənarda qalması ilə, dil adımızı ilk öncə məkan, sonra isə dövlət adına uyğunlaşmasına gətirib çıxardı. Dövlət adının coğrafi addan seçimi nəticəsində dil adının saxtalaşdırılmasına, ad olaraq tarixi əsassızlaşmaya, böyük bir məkanda işlədilən dilin bir parçası olmadığı məntiqini ortaya atdı və düşüncələrə yerləşdirməyə çalışdı. Bundan doğan nəticə sovet dönəmində və həmçinin 90-cı illərin sonunda topluma böyük zərbə vurdu və zərərli yanaşmalara, yalan və saxta mahiyyətli baxışlara meydan verdi.

Kitabın ikinci başlığı “Bayraqların doğuşu: Osmanlıya ilhaq, ingilis imperiyalizmi, yoxsa Ziya Gökalp məfkurəsimi ?” adlanır. Dövlətin adı qədər bayrağında mənası, verdiyi mesajlar və həmçinin digər simvolik şərtlər çox önəmlidir. Məlumdur ki, Azərbaycan Cümhuriyyətinin iki bayrağı mövcud olub. İlk öncə qırmızı, üzərində ay və 8 güşəli ulduz, sonra isə indidə mövcud olan 3 rəngli, qırmızı rəngin mərkəzində ay və 8 güşəli ulduz olan bayrağımız. Qeyd olunan başlıq altında bayraqların tarixcəsi, hansı səbəblərdən yenisi ilə əvəz olunması, İngilislərin Bakıya gəlişinin bayrağımızın dəyişdirilməsinə təsiri, 3 rəngli bayrağın idealoji əsasları sistemli şəkildə izah olunur. Əli bəy Hüseyinzadə ilə başlayan və Ziya Gökalp tərəfindən daha da inkişaf etdirilib idealoji bir forma alan “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” şuarının bir dövlət bayrağı anlamı almasından daha çox millət bayrağı olması faktlar və məntiqi olaraq əsaslandırılır.

3-cü başlıq “ İran ilə Turan müharibəsində Azərbaycan harada ? adlı başlıqla başlayır. Oxucu üçün heç şübhəsiz kitabın içərisində ən önəmli və diqqət cəlb edəcək mövzu hesab edirəm ki, bu olacaq. Tarixdə Turan adlı bir dövlətin mövcud olub-olmaması şübhəli olaraq qalır, amma düşüncələrdə Turan anlayışının türkləri simvolizə etdiyini izah etməyə ehtiyac yoxdur. Kitabda da qeyd olunduğu kimi bu anlayış arilərin rəqibi kimi ifadə olunur. Əsrlərdi qılıncla, günümüzdə isə mədəniyyət sahəsində davam edən bir İran-Turan savaşı vardır(2,54). Tarixdə bu gün İran adlanan ərazidə türklərin böyük dövlətçilik tarixi, mədəniyyət izləri, yaradıcılığı var. Avropa tarixşunaslığını bu gün gözdən keçirsək görərik ki, türk anlayışını, faktorunu görməməzlikdən gəlirlər və bəzən isə yox etməyə çalışırlar. Bu qərəzli yanaşma və yalanlar üzərindən təqdimat əsaslı əks arqumentlər ortaya çıxarır və İran-Turan mədəni savaş meydanı yaradır. İran adlanan ərazidə mövcud olmuş dövlətlərin üst idarəçilik qurumlarında çox önəmli mövqeyə sahib fars elementləri mövcud olub və onlarla bağlı Əbülfəz Elçibəyin bir tarixçi kimi baxışlarını diqqətdən keçirmək önəmlidir :

“ Bir tarixçi kimi deyə bilərəm ki, parslar heç bir zaman dövlət yaratmamışlar. Onlar hər hansısa bir dövlətin tərkibində zaman-zaman o dövlətin mərkəz qurğusuna(dövlət aparatına) soxulmuş, müəyyən mövqeləri ələ keçirmiş, fürsət gözləmişlər. Həmin dövlətdə hər hansı bir uğursuzluq baş verəndə, ya da xarici və daxili səbəblərdən tənəzzülə uğradıqda farslar xəyanət edərək dövlət çevrilişində iştirak etmiş, sadəcə, çarpışan qüvvələr arasında xarici qüvvələrdən dəstək alaraq hakimiyyəti ələ keçirmişlər. Əhəmənilər Midiya dövlətində, Sasanilər Parfiya Arsak(Arşak) dövlətində, Büvehilər(Builər) Abbasi xilafətində, Pəhləvilər Qacar dövlətində eyni şəkildə dövlət çevrilişi ilə və xarici güclərin köməyi nəticəsində hakimiyyətə gəlmiş sülalələr-xanədanlar olmuşlar”(3,83-84).

İran tarixşunaslığı türkləri və türk faktorunu indiki İran ərazisində görməməklə yanaşı hər vəchlə çalışıb ki, arxa plana keçirsin. Onlar çox gözəl anlayırdılar ki, cənub və ya şimali Azərbaycan adlı ərazinin hakim milli gücü türklərdi və istənilən müstəqillik meyilləri İranı sarsıda bilər. Bu səbəbdən 1918-ci ildə elan edilmiş Azərbaycan Cümhuriyyəti ilə bağlı narahatlıqlar keçirməyə başladılar. Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra qonşu dövlətlər ilə diplomatik əlaqələr qurmaq üçün cəhdlər etməyə başladılar. Bu cəhdlər İran tərəfinin müxtəlif bəhanələri ilə yarımçıq qalırdı. İlk vaxtlar Qacar məmurları Cümhuriyyəti tanımadıqlarının səbəbini dövlətin adı ilə, daha doğrusu “Azərbaycan” sözünün onlar üçün doğurduğu siyasi narahatçılıqla izah edirdilər. Onlar mövqelərini bununla əsaslandırırdılar ki, Azərbaycan İranın şimalında yerləşən və mərkəzi Təbriz olan tarixi bir bölgənin adı olduğu üçün, bu toponimin Qafqazda yerləşən, qaynaqlarda isə Arran kimi qeyd edilən əraziyə şamil edilməsi yolverilməzdir. İranlıların səsləndirdikləri arqumentlər səbəbdən çox bəhanə səciyyəsi daşıyırdı. Əslində isə, İran Azərbaycan Cümhuriyyətinin yaranmasına ehtiyatla yanaşır, ona 1828-ci ildə ikiyə bölünmüş Azərbaycan torpaqlarının tarixi prespektivdə birləşməsinə təkan verə biləcək siyasi və idealoji təhlükə kimi baxırdı(4,6). Bu səbəbdən İran Azərbaycan Cümhuriyyətinin istiqlaliyyətini təhlükəsiz görənə qədər tanımadı. Bu istiqamətdə Azərbaycan Cümhuriyyəti rəhbərliyi və diplomatik heyətləri bütün vasitələr ilə narahatlıqları aradan götürmək üçün əzmlə çalışırdı. Azərbaycan Cümhuriyyəti höküməti Əlimərdan bəy Topçubaşini İstanbula ezam etmişdi. Əlimərdan bəy 1919-cu ilin yanvar ayında İstanbulun Pera Palas otelində İran Xarici İşlər naziri Əliqulu xanla 3 dəfə görüş keçirmişdi. Əlimərdan bəy çətinliklə də olsa Əliqulu xanı görüşməyə razı salmışdı. Həmin görüşlərin stenoqramlarından bəzi parçaları burada verməklə görüşlərin mahiyyətini, müzakirə mövzularını və tərəflərin istəklərini verməyi doğru hal hesab edirəm. Yanvarın 9-dakı görüşdən:

    Əliqulu xan: Bakıda iki gün qaldım. Bir axşamı bizim konsulluqda Əhməd bəy Ağayevlə keçirdik. Xeyli maraqlı söhbətimiz oldu. Əhməd bəy həmişəki adəti üzrə çox qızğın danışır, kəskin şəkildə İranla mümkün birləşmənin əleyhinə çıxırdı. Tarixi faktlar gətirərək bəzi xanlıqların yüzilliklər boyu müstəqil yaşadıqlarını bildirirdi.

    Ə.Topçubaşi: Bu, həqiqətdir.

Əliqulu xan: Bəli, amma o da həqiqətdir ki, Azərbaycan bizim şahların hökmünə tabe olub. Bu mənada mən də Əhməd bəyə çox qızğınlıqla etirazımı bildirir, hücumları dəf etməyə çalışırdım.

Ə.Topçubaşi: Yaxşı, sonda hansı nəticəyə gəldiniz  ?

Əliqulu xan: Hərə öz fikrində qaldı. Amma axı siz bilirsiniz, Əhməd bəy çox odlu-alovlu adamdır. Siyasi məsələlərlə bağlı belə müzakirə aparmaq olmaz.

    Ə.Topçubaşi: Orada məsələlərin necə qoyulduğundan xəbərim yoxdur. Amma indi İran hökümətinin bizim Azərbaycan Respublikasına münasibəti çox yaxşı deyil. Bu barədə əlimdə, təəssüf ki, o qədər də böyük sayılmayacaq bəzi sübutlar var. Və həmin sübutlar münasibətlərimizin çox da xoş olduğuna dəlalət etmir. İzin versəniz, sonra bu barədə sizə danışaram( 5, 290-291).

12 yanvar görüşünün stenoqramından:

Əliqulu xan: Bu respublikaları tanıyırıq. Xüsusilə sizin Azərbaycana rəğbətimiz böyükdür. Əvvəl də dediyim kimi, müstəqilliyinizin əleyhinə deyilik, əksinə, ürəkdən sevinirik. Sizin müstəqil olmağınız İran üçün hər cəhətdən sərfəlidir. İlk növbədə isə gələcək Rusiya ilə bağlı məsələdə müəyyən zəmanət qazanmış oluruq.

    Ə.Topçubaşi: Zati-alinizin dilindən bu fikirləri eşitmək çox xoşdur. Çünki indiyə qədər hansısa gizli narazılıq qalmaqda idi. Mən bolşevik əsirliyindən qayıdandan sonra Yelizavetpolda bu barədə tez-tez eşidirdim. Sizin elçiniz də fikirlərini açıq şəkildə bildirməkdən çəkinmirdi. Deyirdi ki, biz Azərbaycan dövlətini fars Azərbaycanını İrandan qoparmaq niyyəti güdən türk siyasi xadimlərinin diqtəsi altında qurmuşuq. Doğrusu, bu məni çox təəccübləndirdi. Bizim fars Azərbaycanına heç bir iddiamız yoxdur. Sizinlə münasibətlərdə də dostluqdan və qarşılıqlı yardımdan başqa heç bir şey axtarmırıq. Əgər Ermənistan, Gürcüstan respublikalarının mövcudluğuna qarşı hər hansısa etirazınız yoxdursa, o zaman nə üçün bizim əleyhimizə olmalısınız ?

    Əliqulu xan: Tamamilə düzgün buyurursunuz. Sizin müstəqil olmağınızı daha çox arzulayırıq. Eşitdikləriniz hamısı “Azərbaycan” adının düzgün başa düşülməməsindən irəli gələn anlaşılmazlıqdır. Axı indiyə qədər bizim mərkəzi Təbriz olan ərazilərimiz Azərbaycan adlanırdı. Ancaq məsələ bunda deyil. Bəs müstəqilliyinizi necə qoruyub saxlayacaqsınız ? Axı qonşularınız – ermənilərlə, gürcülər sizə düşməndirlər. Türkiyəyə görə Antanta dövlətlərinin yardımına bel bağlamağınız da mümkün deyil(5, 293).

Görüşlərin stenoqramlarından İran tərəfinin Azərbaycanın müstəqilliyində maraqlı olmaması rahatlıqla hiss olunur və dolaşıq, yayındırıcı fikirlərlə əsl məqsədlərini ortaya qoyurlar. 15 yanvar tarixli 3-cü görüşdə Əliqulu xan İranla ittifaq təklif edir və bu mövzu birdə Parisdə müzakirə olunur(5, 297).

Əlimərdan bəy Topçubaşi Parisə getdikdən sonra Azərbaycan hökümətinin rəhbərinə göndərdiyi 8-10 iyun 1919-ci il tarixli məlumatda fars heyətinin bütün Azərbaycan ərazilərinə iddia irəli sürməsi ilə bağlı məlumat verir və onlarla görüşüb danışacağını qeyd edir(6, 64).

Həmçinin Parisdə Əlimərdan bəy Topçubaşi İran nümayəndə heyəti ilə görüşmüş və bu görüşlə bağlı 8-9 iyul 1919-cu il Azərbaycan hökümətinə göndəriyi məlumatda qeyd edir:

    “Fars heyəti öz memorandumunda bütün keçmiş Azərbaycan xanlıqları ilə bağlı ərazi iddiası irəli sürüb. Onlar iddialarını tarixi dəlillərlə əsaslandırmağa çalışırlar. Lakin motivasiyaları çox zəifdir. Görünür, özləri də tələbələrinin yerinə yetiriləcəyinə inanmırlar. Əlbəttə, başqa bir motiv də var. O da Qafqaz Konfederasiyası yaradılmasının qeyri-mümkünlüyüdür. Farslar deyirlər ki, əgər həmin variant alınmasa, iranlılarla birləşməyimiz münasib olardı. Onlar bunu çox istəyirlər. Xüsusilə də özlərində bizdəki kimi ziyalıların olmadığını etiraf edirlər”(6,82). 

O dönəm mətbuatında da bu məsələ ilə bağlı bir sıra məqalələr çap edilirdi. Onlardan biri Azərbaycan qəzetinin 28  aprel 1919-cu il (N 168) sayında M.Ə.Rəsulzadə tərəfindən qələmə alınmış “Azərbaycan və İran” adlı məqaləsidir. Əslində bu məqalə İranın hakimiyyət dairələrinə yaxın mətbuat orqanlarına cavab kimi qiymətləndirilməlidir. Həmin məqalədə Rəsulzadə qeyd edir :

İran qəzetlərincə bizim, Qafqasiyanın bir qismindən ibarət olan məmləkətimizə Azərbaycan adı verməyə haqqımız yoxdur. Bu İranın minəlqədim vilayəti kimi tanınan Azərbaycanın haqqıdır. Biz burada tarix, irq və və coğrafiyaca Azərbaycan adını daşımağa haqlı olub-olmadığımızı isbat və bu münasibətlə “İran” rəfiqi-möhtərəmimizin  adla və istidlalatı haqqındakı mülahizələrimizi bəyan etmədən əvvəl bir mütaliə dərmiyan etmək istəriz: Biz istərdik İran mətbuatı burasına diqqət etsin ki, Qafqasiyadakı azərbaycanlılar Azərbaycan kəlməsini coğrafi mənasından ziyadə qövmi bir mənada istemal ediyorlar. Dünyada yalnız bir Azərbaycan qitəsi deyil, birdə Azərbaycan cəmaət vardır. Bu cəmaət kəndisinə məxsus bir ləhcə ilə danışır türk əqvamından bir millətdir ki, “İran” rəfiqimiz bunlara “ətraki-müsəlmani-Qafqaz” diyor. “Ətraki-müsəlmani-Qafqaz”-ın bir ədəbiyyatı var ki, adına Azərbaycan ədəbiyyatı deyilir. Şairləri o dildə, Azərbaycan dilində və yaxud təbiri-mərufilə, şivəsində yazarlar. Məktəblərində o dili tədris edərlər. Teatrları, operaları o şivədə tərtib edilir. Ətraki-müsəlmani-Qafqaz” ilə azərbaycanlı təbirinin eyni mənanı ifadə elədiklərini coğrafiya nöqteyi-nəzərindən şərh eləmək mümkün olsada, qövmiyyat nöqteyi-nəzərindən bu inkar etmək mümkün deyildir. Zira İrəvan, Gəncə, və Bakı quberniyalarındakı “ətrak” ilə Ərdəbil, Marağa, Xalxal, Təbriz və Qaraca Dağ mahallarındakı ətrakın bir-birindən nə ilə ayrıldıqlarını bən iyi fərq edəmiyorum. Eyni lisan, eyni adət, eyni məzhəb, eyni ənənat burada da, orada da hökfərma, ortada yalnız yüz illik digər bir həyatı-siyasiyyə ilə yanaşmanın təsiratı mövcuddur(4, 7-8).

Azərbaycan tərəfi istər siyasi, istər diplomatik, istərsədə mətbu müstəvidə İran tərəfinin iddialarını cavablandırır və narahatlıq yaradan məqamlara cavab verir və yeni qurulmuş respublikanın müstəqilliyini tanımağa çağırırdı. Əlbəttə ki, bu iş heç də asan şəkildə ərsəyə gəlməyib. Qısa şəkildə təqdim etdiyim rəsmi stenoqramlardan, rəsmi sənədlərdən açıq şəkildə görünür ki, çətinliklərlə başa gəlib. Hətta 1920-ci ilin mart ayında İran  Azərbaycan Cümhuriyyətinin dövlət müstəqilliyini tanısa belə iki ilə yaxın bir müddət də göstərdiyi qeyri-səmimi davranışlarına axıra qədər sadiq qalmışdı.

4-cü başlıq “Türk paşalarının kommunistlərlə ittifaqı ?” adlanır. Çox ciddi, həssas, düşündürücü, əsaslı şəkildə təhlil olunacaq başlıqdır. Müəllif mövzu içərisində Cümhuriyyətin Türkiyə tərəfindən Ruslara təslim edilməsi ilə bağlı sayıqlama iddialar günümüzdə də iki dövlət arasındakı türklük bağını zədələmək istəyənlər tərəfindən tarixi və siyasi ifadələrlə dilə gətirildiyini qeyd edir(2, 66). Əlbəttə ki, bu baxışların mövcud dönəmdə qabardılması Azərbaycan və Türkiyə arasında münasibətləri pozmağa çalışan, güvənsizlik yaratmaq istəyən müəyyən kəsimlərin marağında olduğunu inkar edə bilmərik. Bu səbəbdən siyasi anlamda çox zərərlidir. Tarixi anlamda isə müzakirə olunması, təhlil edilməsi narahatlıq yaratmamalıdır. Hər hansısa bir mövzu nə qədər gizli saxlanılırsa özü üçün şübhəli məqamlar yaradır. Toplumu bu məqam hər zaman düşündürür və bu səbəbdən insanlar tarixi həqiqət axtarışında olurlar. Ona görədə həmin dönəmin hadisələri, baş verənlər, tərəflərin mövqey və istəkləri olduğu kimi təqdim edilməlidir. Bu mövzunun obyektiv şəkildə araşdırılması isə müəllifin qeyd etdiyi kimi – Tarixdə baş vermiş bir hadisə tarixçilik üsuluna uyğun olaraq tək tərəfli qaynaqlardan araşdırıla bilməz. Çünki belə olsa sağlam və tərəfsiz bir nəticəyə varmaq olmaz(2,69-70). Mövzu araşdırılarkən mütləqdir ki, bu qaydalara əməl edilsin. İstər Azərbaycan üçün, istərsədə Türkiyə üçün çox ağır bir dönəmə təsadüf edən həmin dövr birtərəfli qayda da qiymətləndirilə və ya dəyərləndirilərsə obyektiv bir nəticəyə gəlmək olmaz. Azərbaycan Cümhuriyyətinin öz dövlət müstəqilliyini tanıtmaq və möykəmləndirmək istiqamətində fəaliyyəti ilə Türkiyənin istiqlaliyyət uğrunda mübarizəsini doğru şəkildə təhlil edib, uzlaşan və uzlaşmayan tərəflərini müəyyən etmək lazımdır. Türkiyə bolşeviklərlə yaxınlaşıb Antanta güclərinə qarşı mübarizəni təşkil edərkən, Azərbaycan Cümhuriyyəti isə Antanta tərəfindən dövlət müstəqilliyinin tanınmasına və müstəqilliyə qarşı ciddi təhdid olan bolşeviklərə qarşı mübarizəni təşkil etmək istiqamətində planlamalar edirdi. Belə bir qarışıq stiuasiyada tərəflərin uyğun gəlməyən siyasəti və uzlaşmayan maraqları onları iki fərqli gücün yanında olmağa vadar edirdi. Dövri vəziyyətə baxaq və kiçik bir dəyərləndirmə aparaq.  M.Kamal paşanın köməkçilərindən Hüsrev bəy Gerede 7 iyun 1919-cu il tarixində Havzadan K.Qarabəkir paşaya xüsusi bir məktub göndərdi. Hüsrev bəy məktubunda – düşmənlərə qarşı mübarizəni uğurla aparmaq üçün ruslardan silah-sursat alınmasını, bu məqsədlə iki ölkə arasında birbaşa sərhədin vacibliyini qeyd edir və bunun gerçəkləşməsini bolşeviklərin Qafqazı işğal etməsi ilə baş tutacağını bildirir(7,66). M.Kamalın rəhbərliyi ilə başlayan Türkiyə istiqlal mücadiləsinin Qərb güclərinə qarşı bolşeviklərlə işbirliyi məsələsi məcburiyyətdən, çarəsizlikdən doğan bir məsələ idi. Bunun əksi olaraq Azərbaycan Cümhuriyyəti rəhbərliyi də Qərb ilə əlaqələri möykəmləndirməkdə və şimaldan gələcək təhlükələrə qarşı onların dəstəyindən yararlanmaqda maraqlı idi. 22 noyabr 1919-cu il tarixində Tiflisdə Müttəfiqlərin baş komissarının ofisində Azərbaycanın Baş naziri Nəsib bəy Yusifbəyli ilə Polkovnik Rianın danışıqlarının stenoqramı bunu əsaslı şəkildə ifadə edir. Yusifbəyli öz arqumentlərində Polkovnik Rianı narahat edən məqamlara aydınlıq gətirməklə Qərb güclərinin tam dəstəyini almağı qarşıya məqsəd qoymuşdur(8,20-27).

Azərbaycan Cümhuriyyəti tərəfi diplomatik manevrlərində Müttəfiqlərin diqqətinə çatdırırdı ki, Türkiyənin istiqlaliyyəti uğrunda mücadiləyə qalxmış qüvvələrlə yaxınlığı yoxdur və dəstək vermək fikrində deyil. Amma bunun əksi olaraq gizli şəkildə dəstək olmaqda maraqlı idi və dəstəyini də səmimiyyətlə ifadə etmişdi. Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi Azərbaycan Cümhuriyyəti höküməti Mustafa Kamalın rəhbərlik etdiyi Anadolu hərakatına maliyyə dəstəyi təsdiqlənmiş və bir neçə mənbə və sənəddə öz əksini tapmış faktdır. Azərbaycanın İstanbuldakı sabiq konsulu Məhəmməd Haşim bəy TBMM höküməti Xariciyyə Vəkalətinin İstanbuldakı nümayəndəsi Adnan bəyə etdiyi 11 fevral 1923-cü il tarixli müraciətində Azərbaycan Hökümətinin Anadolu hərakatına göndərdiyi 1,4 milyon frank yardımın Ankaraya göndərilməsi ilə bağlı yazırdı:

“Milli hökümət adına sabiq Azərbaycan höküməti rəisi tərəfindən göndərilən 1,4 milyon frankı tam şəkildə qoruyaraq Damad Fərid zamanı kimi müdhiş bir dövrdə Ankaraya göndərdim. Sonradan bu məbləğin də Hilal-i Əhmər vasitəsi ilə Ankaraya Mustafa Kamal paşa həzrətlərinin adına göndərilməsinə nail oldum”(9, 290).

Azərbaycan Cümhuriyyəti tərəfi zərrə qədər olsun Anadolu hərakatına xələl gətirəcək, onun ziddinə mövqey ifadə etməmişdi. Amma o dönəm K.Qarabəkir paşa tərəfindən təlimatlandırılaraq Azərbaycan gəlmiş müxtəlif heyət və hərbi simaların fəaliyyəti Azərbaycan Cümhuriyyəti üçün heçdə xeyirli nəticələr doğurmadı. K.Qarabəkir paşa tərəfindən təlimatlandırılan Ömər Lütfi bəy və Fuat Sabit bəyin Bakıda Hümmət partiyası vasitəsi ilə rus bolşeviklərlə əlaqə qurması əməkdaşlıq və birgə fəaliyyət obyektinin Azərbaycan Cümhuriyyəti höküməti olmadığı fikrinin formalaşmasının əsasını qoydu.

Bu mövzu içərisində “Azərbaycan Milli Höküməti Mustafa Kamal Paşa ilə əlaqə qura bilərdimi ?”(2,102) sualı altında dəyərləndirməni nə dərəcədə o dönəm üçün keçərli olduğunu və hansı səbəblərdən gerçəkləşmədiyini nəzərdən keçirək. Müəllif qeyd edir ki –  “ ingilislərin Bakını tərk etdiyi 24 avqust 1919-cu ildən Cümhuriyyətin De-fakto olaraq tanındığı 11 yanvar 1920-yə qədər uzun bir dönəm var idi. Bu qədər vaxt da sadəcə De-fakto olaraq tanınmaq üçün çalışmaq yerinə, Anadoludakı milli hərakatla əlaqə yaradılmalı, milli ordu və dövlət təşkilatları gücləndirilməli və cümhuriyyətin istiqlalına qarşı olan firqələr və şəxslərə qarşı sərt tədbirlər alınmalı idi”.(2,103).

    İlkin olaraq ona baxmaq lazımdır ki, Azərbaycan Cümhuriyyətinin Avropa dövlətləri, xüsusi olaraq Antanta təmsilçiləri tərəfindən tanınması fikri haradan doğub və bu nə qədər zəruri idi. Bu fikrin təməli İstanbulda Osmanlı imperiyasının Xarici İşlər naziri Mustafa Rəşid bəylə Əlimərdan bəy Topçubaşinin 1918-ci il 18 noyabr tarixli görüşünün stenoqramında açıq şəkildə görünür. Həmin görüşün stenoqramından:

M.Rəşid bəy: Əlahəzrət sədrəzəm kimi, mən də açıq şəkildə söyləyə bilərəm ki, sizə münasibətimiz yenə də tam səmimi olaraq qalır. Və çox istərdik ki, yeni Azərbaycan Cümhuriyyəti hər vasitə ilə inkişaf edib möhkəmlənsin. Bundan ötrü ölkənizin Avropa dövlətləri, ilk növbədə isə, təbii ki, Antanta təmsilçiləri tərəfindən tanınması son dərəcə zəruridir. Əsla şübhə etməyə bilərsiniz ki, bu məsələdə gücümüz çatan qədər hər şeyi etməyi özümüzə borc sayırıq. Ancaq gördüyünüz kimi, yaranmış şəraitdə bu, çox azdır. Siz özünüz, hökümətiniz indi bu səhədə daha fəal çalışmalısınız.

Ə.Topçubaşi: Zati-aliləri, ilk növbədə məhz hansı işlərdən başlamağı məsləhət bilirsiniz ? Bağışlayın ki, sizi narahat edirəm. Siyasət və diplomatiya sahəsində kifayət qədər təcrübəmiz yoxdur. İndiyə qədər belə işlərlə məşğul olmamışıq. Çünki çar höküməti bizi bütün mümkün yollarla belə məsələlərdən aralı tuturdu.

M.Rəşid bəy:  Cənab səfir, gördüyünüz kimi, indi yalnız yeni yaranan dövlətlərin deyil, ümumiyyətlə, bütün dövlətlərin taleyi sülh konqresinin qərarlarından asılıdır.Konqres, bildiyimə görə, Parisdə keçiriləcək. Amma hələ dəqiq vaxtı məlum deyil. Lakin ora öz nümayəndə heyətinizi məhz indi göndərməlisiniz. Həmin heyət əvvəlcə Parisdə çalışmalı, sonra isə Londona getməlidir. Nümayəndə heyəti sayca böyük olmalı, Avropanı tanıyan,  siyasət məsələlərindən başı çıxan, xarici dilləri bilən adamlardan təşkil edilməlidir.(5, 256-57).

Gördündüyü kimi bu fikir Osmanlının Xarici İşlər naziri Mustafa Rəşid bəyin məsləhətləri əsasında müəyyən olunub. Əlimərdan bəy Topçubaşi mövcud geopolitik situasiya uyğun olaraq fəaliyyət proqamı müəyyən edib, höküməti məlumatlandırıb və bunlara müvafiq addımlar atıb. Həmçinin Bakıda hökümətində fəaliyyəti Parisdəki nümayəndə heyətinin qərarları, mövqeyi və mütərəqqi addımları ilə harmoniya təşkil edirdi. Birmənalı şəkildə qurulmuş fəaliyyət Qərb dövlətlərində, xüsusi olaraq Antanta rəsmilərində Azərbaycan Cümhuriyyəti haqqında müsbət imic yaratmaq, onun müstəqil şəkildə yaşayacağına inam formalaşdırmaq idi.

Azərbaycan İstiqlaliyyətinin Antanta gücləri tərəfindən tanınması milli hökümətin xarici siyasətdə birinci ana məqsədi olub. Bu səbəbdən Mustafa Kamal ilə, Anadolu hərakatıyla yaxınlaşmaq və ya birgə fəaliyyət məsələsində çox ehtiyatlı davranırdı. Belə məqamda, ortaya qoyulmuş bütün əməli işlər uğursuzluğa düçar olardı. Mustafa Kamal Paşa və Anadolu hərakatının digər önəmli simaları isə Azərbaycan Cümhuriyyəti milli höküməti ilə işləməkdə maraqlı deyildilər. Doktor Fuad Sabit bəyin K. Qarabəkir paşaya göndərdiyi raportdan aydın olur ki, Azərbaycan höküməti açıq-açığına Anadolu hərakatına dəstək olmaq fikrində olmayıb, amma Nəsib bəy Yusifbəyli Rauf bəyin Bakıya gəlməsinin müvafiq olduğunu, silah və cəbhəxananın hansı miqdarda verilcəyini, necə aparılacağını soruşub(7, 396).

1918-ci ildə Qafqaz İslam Ordusunun tərkibində Azərbaycan gəlmiş bir sıra yüksək rütbəli zabitlərin sonrakı dönəmdə fəaliyyəti də narahatlıq doğurur. Sürətlə dəyişən geopalitik vəziyyətdə siyasi hazırlığı zəif, siyasi prosesləri dərk etməyən, Azərbaycan Cümhuriyyətinin varlığına təhlükə olan müxtəlif qrupların təsir dairəsinə düşən bir sıra paşalar 2 ilin içərisində özləri üçün ilk öncə müsbət, sonra isə mənfi imic formalaşdırdılar. 1918-ci ildə xilaskarlar kimi ehtiram göstərilən bu simalar Azərbaycan Cümhuriyyətinin varlığına zərbə vurmağa çalışan qüvvələrin əsirinə çevrilirdilər. Heç şübhəsiz ki, yüksək hərbi peşakarlığı olan, bir sıra qələbələrə komandanlıq etmiş şücaətli bu paşalar dəyişən siyasi münasibətləri anlamaqda naşı və qeyri-peşakar idilər. Ümumiyyətcə o dönəmi anlamaq və əsl mənzərəni görmək üçün hesab edirəm ki, birinci və əsas mənbə Kazım Qarabəkir paşanın yazmış olduğu, Türkiyədə də bir müddət yasaqlanmış “İstiqlal Hərbimiz” adlı kitabıdır. Dövrü dəyərləndirmək üçün çox əhəmiyyətli mənbədir.

Sovet Rusiyasının yardımlarına ehtiyac duyan Anadolu hərakatı liderlərinin bu yardımları Türkiyə üçün təmin etmək məqsədi ilə Bakıya və Moskvaya göndərdiyi nümayəndələr, həmçinin Azərbaycanda olan türk hərbiçiləri bolşeviklərin əlində bir alətə çevrilərək “İngilispərəst” Azərbaycan hökümətini devirməkdə bolşeviklərə yaxından kömək etdilər. Məhz Azərbaycandakı Türkiyə nümayəndələrinin birbaşa iştirakı və fəal yardımı ilə Sovet Rusiyası 1920-ci ilin aprelində Azərbaycanın istilasını həyata keçirə bildi(9, 319-320).

5-ci başlıq “Cümhuriyyətin işğalının daxili səbəbləri” adlanır. 23 ay mövcud olmuş Azərbaycan Cümhuriyyətinin mövcud olduğu dönəmdə ortaya qoyduğu əməli işlərlə edə bilmədikləri ayrı-ayrılıqda tədqiqat mövzusudur. Bir kitabın bir bölümü və ya bir məqalə ilə bunların hər hansınısa ortaya qoymaq hesab edirəm ki, kifayət deyil. Hərbi, siyasi, diplomatik, iqtisadi və digər sahələrdə əldə edilən uğurlar Azərbaycan Cümhuriyyətinin inkişafına nə qədər təkan verdisə, həyata keçirilə bilməyən işlər onun zəifləməsinə və sonda isə işğala məruz qalmasına səbəb oldu. İlk öncə ondan başlamaq istəyirəm ki, Azərbaycan Cümhuriyyətinin işğala məruz qalması çox gərgin geosiyasi bir vəziyyətdə baş vermişdir. Belə bir vəziyyət rahatlıqla Sovet Rusiyasının Azərbaycanı işğal etməsinə geniş imkanlar yaratmışdı. Azərbaycan Cümhuriyyətinin daxildə həyata keçirə bilmədiyi bir çox işlər işğala zəmin hazırladı və işğalçıların fəaliyyətini daha da rahatlaşdırdı. Mövzu içərisində işğalın daxili səbəbləri ilə bağlı müəllif yarımbaşlıqlarla onları izah edir. Həmin yarımbaşlıqlar bunlardır:

İntizamlı güclü ordudan məhrum olması.

Milli Hökümət daxilində tam anlamı ilə idealoji-siyasi birliyin olmaması.

Təşkilatçılığın zəif olması.

Dövlətin daxili düşmənlərə qarşı sərt cəza tədbirlərinin görülməməsi.

6-cı başlıq “27 aprel hadisəsi: Könüllü birləşmə, təslimiyyət, yoxsa işğalmı ? adlanır. Müəllif 27 aprel 1920-ci ildə baş vermiş hadisəni təhlil edərək Azərbaycan Cümhuriyyətinin həmin günü işğala məruz qaldığını əsaslandırır.

Digər “Türkçülük-Turançılıq idrakı” və “Cümhuriyyət ziyalılarının Türk tarixi alqısı” adlı başlıqlarda  isə müəllif Azərbaycanda bir sıra tarixi, idealoji və nəzəri məsələlərə nəzər salır.

Enis Şahin – “Trabzon ve Batum konferansları ve antlaşmaları(1917-1918)”, Ankara, 2002.

Oder Alizade “Türklüğün Azerbaycandakı mukadderatı”, İstanbul, 2020.

Əbülfəz Elçibəy “Bütov Azərbaycan Yolunda”, Bakı, 2004.

ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında(1919-1920-ci illər), Bakı, 2017.

Əlimərdan bəy Topçubaşov “Xalqımızın müstəqil yaşayacağına inanırdıq”, Bakı, 2018.

Əlimərdan bəy Topçubaşov “ Doğma Azərbaycanın mənafeyini qoruyacağıq!”, Bakı, 2018.

Karabekir “İstiklal Harbimiz”, İstanbul, 2008.

Azərbaycan Xalq Cumhuriyyətinin xarici siyasəti. Sənədlər məcmuəsi. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Bakı, 2009-cu il.

Vasif Qafarov “Azərbaycan Türkiyə-Rusiya münasibətlərində(1918-1922),Bakı, 2020.

Ceyhun Nəbi

Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …