GADTB: Almaniyanın “Focus” jurnalı dünən yazıb ki, İran hökuməti günü-gündən Avropa üçün təhlükəsizlik təhdidinə çevrilməkdədir.
Təhlükəsizlik üzrə ekspert Oliver Rolof məqaləsində yazıb ki, İran hökuməti fəal şəkildə dövlət terroru yolu ilə gedir. Eyni zamanda, Rusiyaya dronlar göndərməklə, Hizbullah və HƏMAS-ı raketlərlə dəstəkləməklə Yaxın Şərqdə sabitliyi pozur.
“2018-2024-cü illərdə SEPAH Avropada İsrail və yəhudilərin maraqlarına zidd ən azı 11 əməliyyat keçirib. Bu, İranın hələ də Avropanı İsrail və Qərblə döyüş meydanlarından biri hesab etdiyini göstərir”, – deyə, ekspert vurğulayıb.
Uzun illər Münhen Təhlükəsizlik Konfransının yüksək vəzifəli şəxsləri arasında olan müəllif Avropa İttifaqının İrana və onun dövlət qurumlarına qarşı tətbiq etdiyi sanksiyaları təsirsiz hesab edərək deyib ki, İran hökuməti bu təhdidlərdən təsirlənmir və bunu hamı bilir. / Azad İran