GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycana qarşı ayrıseçkilik bütün sahələrdə mənfi nəticələr verməkdədir. Zəncan Hava Limanı da həmin ayrıseçkiliyin növbəti qurbanına çevrilib.
Oktyabrın 24-də Zəncan Hava Limanından Məşhəd şəhərinə son uçuş həyata keçib. Gələn həftələr üçün isə heç bir bilet satılmayıb. Bu, hava limanının işinin dayandığı anlamına gəlir.
Zəncan Hava limanının Müdiri Məhəmməd Qasımi Zəncan-Məşhəd və əksinə uçuşlarının zərfiyətinin dolu olduğunu bildirsə də, agentliklər gələn həftə üçün heç bir bilet sata bilməyiblər.
Hava limani ilə birgə, Zəncandakı digər böyük layihələr də yerin düzgün seçilməməsi səbəbindən zərərli hala gəlib.
Qeyd edək ki, Güney Azərbaycanda Zəncan Hava Limanı 2000-ci ildə işə başlayıb. Zəncan şəhərinin yaxınlığında yerləşdiyi üçün ölkənin ən işlək hava limanlarından olacağı gözlənilirdi. Lakin ayrıseçkilik və Zəncan vilayətində özəl sektorların zəif olması səbəbindən gözlənilən nəticə əldə edilməyib.