
GADTB: Güney Azərbaycanın qərbində qədim türk şəhəri olan Urmiyada Novruz bayramı ərəfəsində İran rejimi Azərbaycan türklərinə ərazi iddiası olan mühacir və terrorçu kürd qruplarına Novruz bayramını keçirməyə icazə vermişdir. Lakin Urmiyada Azərbaycan türkünə, öz torpaqlarında, öz şəhərlərində Novruz mərasimini keçirməyə icazə verilməmişdir. Burada maraqlı bir sual yaranır: Necə olur ki, Urmiyada İran və İraq müharibəsində bu bölgəyə yerləşən mühacir kürdlərdən və onların terrorçu qrupları- Kürd Demokrat Partiyası, Komele, PEJAK və PKK və bu terror təşkilatlarının tərəfdarından beş minə yaxın mühacir bayram keçirə bilir və hətta silahlarla atəş açıb, Azərbaycan türkünə qarşı hərəkət sərgiləyə bilirlər?
Biz Güney Azərbaycanlı Türk Milləti, bu torpaqların sahibləri olaraq, heç vaxt kürd mühacirlərə və digər etniklərə heç bir problem yaşatmamışıq. Eyni zamanda, bu torpaqlarda yaşayan digər qeyri-türklərə də heç bir narazılığımız yoxdur. Hər bir fərd, hansı etnosdan olursa olsun bizim vətəndaşımızdır. Ancaq, torpaqlarımıza göz dikən və məhdudlaşdırmaya çalışanlar Azərbaycan türkünə və torpaqlarına düşmən sayılırlar.
Hər kəsin bildiyi kimi, keçən yüz ildə böyük güclər Azərbaycan əleyhinə kürdləri, farsları və erməniləri silahlandırmış, maliyələşdirmiş və güclü media ilə onlara dəstək vermişlər. Bu gün Azərbaycan və Türkiyəyə qarşı hər cür çirkin terror fəaliyyətlərə də əl atırlar. Bu oyunlarla bağlı iki məsələ açıq şəkildə özünü göstərməlidir: Birincisi bir ovuc kürd mühacirin kürd milləti adı altında təşkil etdikləri terrorçu qruplar millətimizin milli şuuru və vətənpərvərliyini görməli, ikincisi isə milyonlarla türkün bu torpaqların sahibləri olduğunu anlamalı və buna hörmət etmələri vacibdir. Yoxsa tarixdə olduğu kimi həddini bilməyən istənilən mühacur gəldiyi kimi getməli olar. Azərbaycan türk milləti, qonaqpərvər, mühacir sevən və çox səbirli bir millətdir. Kürdlər tarixdən dərs almalı və öz yerində oturmalıdırlar, əks halda özləri üçün arzu olunmaz nəticələrə səbəb olacaqlar.
Bizim xaricdə olan Güney Azərbaycanla bağlı milli-siyasi yönümdə fəaliyyət göstərən təşkilatlarımızdan hər hansı biiri, kürd adı altında bizim torpaqlarımıza göz dikən və türk düşmənləri ilə, terrorçu qruplarla müzakirə apararsa, bu millətimizə xəyanət hesab edilər. Bu hərəkətlərə qarşı olmaq lazımdır. Yalnız hansı kürd təşkilatları ki, Güney Azərbaycana və qardaş ölkəmiz Türkiyəyə qarşı bir iddiaları yoxdur, onlarla dostluq münasibəti saxlanıla bilər. Əks halda kürd təşkilatları ilə qurulan münasibət millətə xəyanət hesab ediləcəkdir!
Güney Azərbaycan türklərinin torpaqlarında baş qaldıran və ərazi iddiaları olan etnik qruplar, silahlanaraq təhdid etdikləri müddətcə uyğun cavablarını alacaqlar. Onlar tarixdən dərs almalılar və bu cür oyunlara girməməlidirlər.
Güney Azərbaycanın qərbində Urmiya və digər şəhərlərin azərbaycanlılara məxsus olduğu qəbul edilməlidir. Biz tarixdən dərs alıb və hər kəsin Azərbaycan torpaqlarında sülh və barış şəraitində yaşamasını arzu edirik. Tarixdə gözümüzün önündə ruslar, Qərb ölkələri, ermənilər, kürdlər və farslar Azərbaycan türk millətinə və Türkiyəyə qarşı nə qədər oyunlar qurublarsa, türk millətinin mübarizəsi nəticəsində hamısı yeniliblər.
Azərbaycana kürdlərin köçürülməsi və fars idarəçiliyi
Ərazidə siyasi və strateji məqsədlər üçün qəsdən aparılan demoqrafik dəyişikliklər, Yaxın Şərqdə uzun müddətdir davam edən mühüm bir geosiyasi əməl olmuşdur. Güney Azərbaycanın tarixi Türk kimliyinə sahib olan bu bölgələrində İran rejimi tərəfindən həyata keçirilən etnik siyasət son bir əsrdə bu ərazinin sosial, mədəni və siyasi mənzərəsini formalaşdırmışdır. Bu ərazilərdə kürdlərin yerləşdirilməsi ilə güc tarazlığı dəyişdirilmiş, bu dəyişikliklər isə Azərbaycan torpaqları və azərbaycanlıların haqqına ziyan vermişdir.
Güney Azərbaycan, tarixi olaraq Türk millətinin və vətəninin yerləşdiyi bir ərazidir. Bu bölgə, özünəməxsus türk dilini və mədəniyyətini qorumuşdur və bu yerli xalqın kimliyini başa düşmələrində əsaslı bir rol oynamışdır. XIX əsrin sonu XX əsrin əvvəllərində bu bölgənin demoqrafik tərkibi daxili və xarici faktorlar, həmçinin Osmanlı imperatorluğu, Rusiya imperiyası və Qacar dövləti arasındakı rəqabət nəticəsində dəyişmişdir.
Bütün bunlar bölgənin əhalisinin etnik və mədəni tərkibini dəyişdirərək Azərbaycan türklərinə qarşı yeni təhdidlər yaratmışdır. İran rejimi, bu bölgədə kürdləri yerləşdirərək yerli türk əhalisinin gücünü zəiflətməyə çalışmışdır.
Bugünkü dövrdə, bu proseslər həm də kürd millətçilik hərəkatlarının genişlənməsinə və Azərbaycanın, xüsusilə də Güney Azərbaycanın ərazilərinə qarşı iddiaların artmasına səbəb olmuşdur. Bu vəziyyətin qarşısını almaq üçün milli birliyin gücləndirilməsi və Azərbaycanın ərazi bütövlüyünün qorunması vacibdir. Tarixdən dərs almalı və bu geosiyasi oyunların baş verməməsi üçün mübarizə aparmalıyıq.
Mikayil Oyta
GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri

