İran XİN: “Biz bölgədə geosiyasi dəyişiklikləri qəbul etmirik”

GADTB: Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı prezident Məsud Pezeşkianın 🇦🇲 Ermənistana səfəri çərçivəsində bölgədə baş verən proseslərlə bağlı narahatlığını ifadə edib.

Tehranın bölgədə hər hansı geosiyasi dəyişikliyi qəbul etmədiyini dilə gətirən Əraqçı, bu mövqenin əvvəldən açıq və dəyişməz olduğunu da deyib. Onun sözlərinə görə, Bakı və İrəvan arasında imzalanan bəyannamədə hər iki tərəf bölgənin sərhədlərinin dəyişməzliyini, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipini qəbul edib və bu, Tehran üçün hazırkı mərhələdə ciddi geosiyasi narahatlıq yaratmır.

Nazir iddiasına əsasən, regionda beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişməsi, ərazi bütövlüyünə xələl gətirə biləcək istənilən addım Tehran tərəfindən qəbuledilməz sayılır. Bu kontekstdə Əraqçı Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmada tərəflərin bir-birinin suverenliyini tanımasını müsbət qiymətləndirib.

Əraqçı əlavə edib ki, yeni yaranacaq marşrutun iqtisadi baxımdan İrandan keçən tranzit xəttinə müəyyən mənfi təsir göstərmək ehtimalı da var. O, bildirib ki, İranın narahat olduğu məsələlərdən biri də bu marşrutun ABŞ və ya digər xarici aktorların regiona daxil olması üçün vasitəyə çevrilə bilməsi ehtimalıdır.

Məsələnin son günlərdə Ermənistan rəsmiləri ilə də müzakirə olunduğunu vurğulayan nazir deyib ki, ölkənin baş naziri Nikol Paşinyan, İran prezidenti Məsud Pezeşkianı əmin edib ki, bu yol üzərindən nə ABŞ qüvvələri, nə də şirkətləri bölgəyə daxil ola bilməyəcək.

“Bu mövzu Məsud Pezeşkianın Ermənistana səfəri zamanı yenidən gündəmə gətiriləcək və narahatlıqların aradan qaldırılması üçün konkret mexanizmlərin hazırlanması müzakirə olunacaq… Tehran bölgənin gələcəyinin yalnız regional ölkələr tərəfindən müəyyənləşdirilməsini vacib sayır və bu baxımdan “3+3” formatı İranın əsas diplomatik yanaşmasını təşkil edir. Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması həm İran, həm də region ölkələri tərəfindən dəstəklənir…”, – deyə, XİN başçısı qeyd edib. / Azad İran

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …