GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 2018-ci il oktyabr ayının 9-da Ərdəbil şəhərində işğalçı və irqçi fars rejimin təhlükəsizlik qüvvələri azərbaycanlı milli-mədəni fəal Muctaba Pərvini yaxalayıblar.
Rejimin təhlükəsizlik qüvvələri fəalı yaxalamaq üçün Muctaba Pərvinin ata evinə gəlmiş və məhkəmə hökmü təqdim etdikdən sonra onu yaxalayıblar.
Rejimin məmurları qanunsuz olaraq evdə axtarış aparmaq istəyiblər. Lakin fəalın ailə üzvləri buna icazə vermədiyi üçün onlar Muctaba Pərvini yaxaladıqdan sonra evi tərk ediblər. Fəalın yaxalanma səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, Muctaba Pərvin yayın ortalarında Savalan dağına çıxarkən daha bir neçə fəalla birlikdə yaxalanaraq, bir gün saxlanılıb.
Muctaba Pərvindən əlavə onun iki qardaşı Murtaza və Mustafa Pərvin də irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə yaxalanaraq, təzyiqə məruz qalıblar. Rejimin təhlükəsizlik orqanları hətta fəalların peşə fəaliyyətinə də mane olublar. Mustafa Pərvinin “Şirvan dərəsi” rəsm sərgisi rejimin təhlükəsizlik orqanlarının müdaxiləsi ilə ləğv edilərək, sərginin keçirilməsinə icazə verilməyib.