Mənsur Rəhbəri: Timərə anım daşı

GADTB: Kaşğarlı Mahmud Böyük Türk ölkəsindən, yəni Turanın ərazisindən söz açarkən Azərbaycanın həm quzeyini, həm də güneyini bu sınırlar içərisində göstərmiş, türk şəhərləri içərisində Şabran və Qəzvinin də adını çəkmişdir. Bu dahi alim Tehrandan cənubda yerləşən Qum şəhərini Türk ölkəsinin ən cənub şəhri olduğunu da xüsusi vurğulamışdır. Fəqət bu fikirlər  Kaşğarlı Mahmudun yaşamış olduğu Xl əsrin coğrafi reallığını əks etdirməkdədir. Əldə olan faktlar isə bugünkü İranın biz düşündüyümüzdən də geniş ərazilərinin ən qədim zamanlardan türklər ölkəsi olduğunu söyləməyə əsas verir. Bu baxımdan İranın Mərkəzi ostanı da istisna deyildir.

Belə düşünmək üçün əlimizdə çox sayda təkzibedilməz fakt mövcuddur ki, onlardan biri də Xomeyn şəhəri yaxınlığında yerləşən Timərə adlı qayalıqlarda bulunan, ümumi sayları 25-30 minə yaxın olan qayaüstü rəsmlər və əski türk runları ilə yazılmış bir yazı  nümunəsidir.  Bu təsvirlərin böyük əksəriyyəti Tunc dövrünə (m. ö. lV-lll minilliklər) aid olsa da bəzilərinin tarixi Eneolit (m.ö VI-IV minilliklər)  dövrünə qədər uzanmaqdadır. Onlardan Tunc dövrünə aid olanları mövzumuz baxımından daha böyük önəm daşımaqdadırlar. Məsələ burasındadır ki, həmin təsvirlərdə qədim türk gələnəklərini əks etdirməkdə olan çox dəyərli məlumatlar qorunub saxlanmışdır.

Ən çox maraq doğuran təsvirlər içərisində ən qədim zamanlardan başlayaraq türklərə xas olan və günümüzədək davam edən atla və yırtıcı quşla ov səhnəsinin əks olunduğu qayaüstü təsvirlərdir (şəkil № 1 və 2). Bu təsvirlərin dəyəri dünyada atı  ilk dəfə əhliləşdirmiş, eləcə də toğan (şahin) və qızılquş kimi yırtıcı quşlardan ilk dəfə ov məqsədi ilə istifadə etməyə başlamış türklərin ən azı Tunc dövründən etibarən sözügedən ərazilərdə məskun olduqlarını sübut edən tutarlı dəlil olmasındadır. Eyni zamanda həmin təsvir quşla ov etmək gələnəyinin tarixinə də işıq tutmaqdadır.

Timərə təsvirlərini bizim üçün maraqlı edən daha bir səbəb onlardan bəzisində xalça və kilimlərimizdə bu günə kimi yaşamaqda olan naxış və damğaların öz əksini tapmasıdır. Məlumat üçün bildirək ki, eyni naxışlara türkmən xalçalarında da rast gəlinməkdədir. Tnınmış Rus arxeologları, Sarianidi və Massonun yazdıqlarına görə,  bu naxışlar Türkmənistanın cənubundan tapılmış Tunc dövrü abidələrində (m.ö.lV-lll minilliklər) izlənməkdədir və onları bura İran ərazisindən köçüb gəlmiş əkinçi və maldar tayfalar gətirmişlər.

Tirəmə abidələri içərisində yer almaqda olan və Tunc dövrünə aid olduğu heç bir şübhə oyatmayan bir yazının (şəkil № 6)  önəmini isə heç nə ilə müqayisə etmək mümkün deyildir. Uzun müddət bu yazı üzərində baş sındırmış iranlı arxeoloqlar sonda belə bir fikir söyləmişlər ki, guya o, protoelam yazsının indiyə qədər elmə məlum olmayan yeni variantıdır. Fəqət əski türk-run əlifbası ilə az-çox tanış olan istənilən şəxs bunun belə olmadığını, yazıdakı işarələrin Orxon-Yenisey abidələrindən tanıdığımız işarələrin tam eyni olduğunu görə bilər. Yəni fars alimləri bu yazı nümunəsini milddan öncə 2300 il əvvələ aid Elam həndəsi fiqurlu əlifba kimi qələmə verməyə çalışsalar da, fakt budur ki, buradaki yazı bütünlüklə  qədim türk əlifbası ilə asanlıqla oxuna bilən  qısa bir mətnidir və o türkcədir. Yazı üç sətirdən ibarətdir. Birinci sətirdə sağdan sola “ç” və “m” hərfləri, ikinci sətirdə   “lt”, “n” və “lt” hərfləri, üçüncü sətirdə isə “y” və “t” hərfləri  açıq-aydın oxunur.

Nəzərə almaq lazımdır ki, ilk fonetik əlifbalarda sait səslər göstərilmirdi. Oxuduğumuz bu yazı da eyni qəbildəndir. Mətnə çatışmayan sait səsləri əlavə etsək, aşağıdakı cümlənin yazıldığını görə bilərik:

“Eçim (əmim) Altuniltə (şəxs adı)  yiti (öldü)” .

Məlumat üçün bildirək ki, bu cümlədə yer alan “eçi” (eçü, içü, içi) və “yiti” (yeti) kəlmələri eyni forma və anlamlarda Orxon-Yenisey abidələrində də  məhsuldar olublar. Həmin sözlərdən birincisi Kül Tigin abidəsinin şərq tərəfinin 1, 5, 6, 13, 16, 17, 19, 24, 26, 31, şimal tərəfinin 3 –cü sətirlərində, Bilgə Xaqan abidəsinin şimal tərəfinin 9-cu sətrində, Ongin abidəsinin 1 və 4-cü sətirlərində, eləcə də Yenisey abidələrinin bir çoxunda, ikincisi isə Ongin abidəsinin ön tərəfinin 1 və 3-cü sətirlərində, Kül Tigin abidəsinin şərq tərəfinin 7 və 27-ci sətirlərində, Moyoncor abidəsinin 17-ci sətrində işlənmişdir.

“Altuniltə” adına gəlincə, qeyd etməliyik ki, əski türklərdə  “altun” kəlməsinin iştirakı ilə düzəldilmiş çox sayda ad mövcud olmuşdur. Bu baxımdan Altun  Tamğan Tarkan, Altuntay Sanun, Altun Bilgə, Altun Tamğa və s. Adlarını göstərmək olar.

Ən sonda qeyd etmək lazımdır ki, Timərə abidələrinin yerləşdiyi bölgə ən qədim zamanlardan xalac və qaşqay türklərinin oylağı olmuşdur və bu xalqlar həmin bölgənin aborigenləridirlər.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın