
GADTB: Molla rejimi zənginləşdirilmiş uran ehtiyatlarının ölkə xaricinə köçürülməsinə razı olmadığını bir daha bəyan edib. Bu mövqe ABŞ-la razılaşma əldə etmək məqsədilə aparılan diplomatik səylərdə hələ də əsas fikir ayrılıqlarından biri olaraq qalır.
İran İslam Respublikasının Qahirədəki diplomatik nümayəndəliyinin rəhbəri Müctəba Firdovsipur noyabrın 24-ü, çərşənbə axşamı günü Tehranın siyasətinin dəyişmədiyini və zənginləşdirilmiş uran ehtiyatlarının İran daxilində qalacağını vurğulayıb.
O, bu materialların İran İslam Respublikasının nəzarəti və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müşahidəsi altında saxlanılacağını iddia edib.
Firdovsipur, həmçinin Tehranın ABŞ-la böhranın həlli üçün Qətər və Pakistan tərəfindən irəli sürülən diplomatik təşəbbüsü ciddi şəkildə nəzərdən keçirdiyini bildirib. Bununla belə, tərəflər arasında yekun razılaşmanın əldə olunduğuna dair hələlik heç bir əlamət yoxdur.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi