
GADTB: Hökumətyönlü mediada yayılan məlumatlara görə, bölgədə anti-terror koalisiyası ilə İran rejimi arasında gərginliyin artdığı bir vaxtda Müctəba Xamenei İran İslam Respublikasının yeni rəhbəri kimi təqdim edilib. O, bu vəzifədə Ruhullah Xomeyni və Əli Xameneidən sonra rejimin üçüncü rəhbəri olacaq.
Rəhbərlik çevrəsində təsiri
Müctəba Xamenei son illər ərzində ölkənin ali rəhbərliyinin yerləşdiyi siyasi-dini mərkəz – “beyt-e rəhbəri” daxilində nüfuzlu fiqurlardan biri hesab olunurdu. O, rəsmi dövlət vəzifəsi daşımamasına baxmayaraq, müxtəlif məlumatlara görə, rəhbərlik ofisi, rejimə yaxın siyasi qruplar və güc mərkəzləri arasında əlaqələrin koordinasiyasında mühüm rol oynayıb.
İnqilab Keşikçiləri ilə yaxın münasibətlər
Onun mövqeyinin güclənməsində əsas amillərdən biri kimi İran İnqilab Keşikçiləri Korpusu ilə yaxın münasibətləri göstərilir. Hərbi-təhlükəsizlik qurumu son onilliklərdə İranın siyasi güc strukturunun əsas aktorlarından birinə çevrilib və bəzi analitiklərin fikrincə, qurum daxilindəki müəyyən komandirlər Müctəba Xameneinin liderliyini dəstəkləyiblər.
“Yaşıl Hərəkat”ın yatırılmasında adı hallanıb
Müctəba Xameneinin adı xüsusilə 2009-cu ildə prezident seçkilərindən sonra baş verən geniş etirazların və Yaşıl Hərəkatnın formalaşması zamanı gündəmə gəlib. Bir çox siyasi təhlillərdə o, etirazların sərt şəkildə yatırılmasını təşkil edən əsas fiqurlardan biri kimi təqdim olunub. Sonrakı illərdəki etiraz dalğaları zamanı da onun adı təhlükəsizlik qərarlarının qəbul olunduğu mərkəzlərə yaxın şəxslər arasında çəkilib.
Potensial rəqiblərin zəifləməsi
Son illərdə rəhbərlik üçün mümkün namizəd sayılan bir sıra fiqurlar ya siyasi səhnədən kənarlaşdırılıb, ya da təsir imkanlarını itirib. Bu proses liderlik üçün alternativlərin dairəsini daraldaraq Müctəba Xameneinin adının daha çox önə çıxmasına şərait yaradıb.
Ekspertlər və Rəhbərlər Məclisi
İran konstitusiyasına görə ali rəhbərin seçilməsi Rəhbərlər Məclisinin səlahiyyətindədir. Lakin bəzi analitiklər hesab edir ki, praktikada təhlükəsizlik strukturları, hakimiyyətə yaxın ruhani dairələr və rəhbərlik aparatının təsir şəbəkəsi belə qərarların formalaşmasında həlledici rol oynaya bilir.
Hakimiyyətin irsi ötürülməsi müzakirələri
Əgər Müctəba Xameneinin rəhbərliyi tam şəkildə təsdiqlənərsə, hakimiyyət ilk dəfə olaraq bir liderdən onun oğluna keçmiş olacaq. Bu isə İran siyasi sisteminin mahiyyəti və hakimiyyət strukturunun gələcəyi barədə geniş müzakirələrə səbəb ola biləcək məsələ kimi qiymətləndirilir.
Regional və beynəlxalq reaksiyalar
Müşahidəçilərin fikrincə, Müctəba Xameneinin hakimiyyətə mümkün yüksəlişi rəhbərlik daxilindəki təsir, təhlükəsizlik strukturları ilə əlaqələr və rəqiblərin azalması kimi amillərin birləşməsinin nəticəsi ola bilər.
Eyni zamanda, bəzi məlumatlarda bildirilir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trump İran rəhbərliyində dəyişiklik məsələsinin öz mövqeyindən asılı olduğunu qeyd edib. Digər tərəfdən, İsrail tərəfindən də İran rəhbərliyi ilə bağlı sərt bəyanatlar səsləndirildiyi bildirilir.
Analitiklər hesab edirlər ki, yaranmış vəziyyət İranın daxili siyasi proseslərində yeni mərhələnin başlanğıcı ola bilər və yaxın günlərdə hadisələrin necə inkişaf edəcəyi diqqətlə izlənilir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi