Nəsimi ardıcılı Heyrətinin divanının yeni tapılmış əlyazma nüsxəsi barədə qeydlər

GADTB: Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369-1417) ölümünün 700 illiyinin qeyd edildiyi ərəfədə onun və ardıcıllarının ədəbi irsinə, əsərlərinin müxtəlif dünya kitabxanalarında saxlanan əlyazma nüsxələrinə diqqət artıb.

Son dövrlərdə Ankaranın Milli kitabxanasından Nəsiminin ana dilli divanının iki nüsxəsinin surəti əldə edilib. 83 və 308 vərəqdən ibarət bu əlyazmalar şairin və ardıcıllarının yaradıcılığının öyrənilməsi baxımından böyük önəm daşıyır.

Nəsiminin davamçılarından olan, XV-XVI əsrlərdə yaşamış hürufi şairimiz Sürurinin son zamanlarda Vatikanın Apostol Kitabxanasından, Türkiyə kitabxanalarından əldə edilmiş 3 əlyazma nüsxəsi şairin irsinin özündən sonrakı dövr ədəbiyyatımıza təsirinin öyrənilməsi cəhətindən əhəmiyyətlidir. Qeyd etmək istərdik ki, yaradıcılığında Nəsimidən təsirlənən şairlər içində hürufi olan və olmayanlar var. Tədqiqatçılar göstərirlər ki, Qaraqoyunlu dövlətinin hakimi olmuş Cahanşah Həqiqinin (1405-1467) yaradıcılığında Nəsiminin, hürufiliyin təsiri bariz şəkildə nəzərə çarpsa da, həyatda o, hürufiləri təqib edib, cəzalandırıb.

XVI əsrlərdə yaşamış osmanlı şairi Heyrətinin yaradıcılığında Nəsimi irsinin təsiri hiss olunsa da, onu hürufi adlandırmaq olmaz. Son vaxtlar Ankarada – Türkiyə Milli Kitabxanasından onun türkcə divanının surətini əldə etmişik. “Divani-Heyrəti” sərlövhəsilə başlanan bu divan sondan naqis olsa da, burdakı şeirlər bir sıra məsələlərin işıqlandırılmasında, Anadoluda, Osmanlı imperatorluğunun müxtəlif bölgələrində Nəsimi irsinin yayılmasının öyrənilməsində bizə yardım edir. Divanın əlimizə çatmış, hissəsi 105 qəzəl və 46 beyitlik 1 tərcibənddən ibarətdir. İndiyə qədər Heyrətinin Nəsiminin

Firqətin dərdi, nigara, bağrımı qan eylədi,

Ruzigar oldu müxalif, vəsli hicran eylədi

– mətləli qəzəlinə yazdığı 6 bəndlik təxmisindən xəbərimiz vardı. “Təxmisi-Heyrəti qəzəli (fəryadi) Nəsimi” (“Nəsiminin qəzəlinə (fəryadına) Heyrəti təxmisi”) başlıqlı şeir Nəsimi divanının professor Cahangir Qəhrəmanov tərəfindən tərtib edilmiş elmi-tənqidi mətninin ön sözünə daxil edilmişdir. Məlum olduğu kimi, təxmis klassik poeziyanın elə bir janrıdır ki, burada bir şair başqasının şeirinin, əsasən qəzəlinin hər beytinə məna, vəzn, qafiyəcə uyğun gələn üç misra əlavə edir və beləliklə beş misralıq bəndlərdən ibarət poetik əsər ortaya qoyur. Təxmislərdə bir şairin digərinin ədəbi irsindən təsirləndiyi, bəhrələndiyi görünür, örnək şeirin müəllifinə qarşı hörmət ifadə olunur. Heyrəti təxmisində Nəsimi qəzəlinin beytlərinə əlavə etdiyi misraları onun vəhdəti-vücud fəlsəfəsini ifadə edən təsəvvüfi fikirlərinə uyğunlaşdırmağa çalışıb. Qeyd edək ki, XVI əsrdə yaşamış osmanlı şairləri Üsuli, Heydəri və Kəlaminin də Nəsimi qəzəllərinə yazdıqları təxmisləri əlimizə çatıb. Bundan başqa, Nəsiminin ölümündən iyirmi il sonra h.840-cı ildə (m.1437) tərtib edilmiş Ömər İbn Məzidin “Məcmuətün-nəzair” adlı nəzirələr toplusunda Nəsiminin

Yanaram eşqindən, axar gözlərimdən yaşlar,

Firqətin dərdi çıxardı yurəgimdən başlar

– beytiylə başlanan qəzəlinə Həssan, Şəmsi, Zeyni, Şeyx oğlu, Rumi, Fürqəti, Hərimi, Əzhəri, Nəbi, Safi, Hacı Müti, Şeyx, Ömər kimi osmanlı şairlərinin nəzirələri verilmişdir. XV əsrdə yaşamış türk şairləri Əhməd Paşa və Nicati də Nəsimi şeirlərinə nəzirələr yazmışlar ki, bu da şairin ədəbi təsirinin həmin bölgədə geniş yayıldığını göstərir. Nəsiminin türkdilli poeziyada böyük nüfuzunun bir göstəricisi də orta əsrlərdə onun təxəllüsü ilə bir sıra şairlərin əsər yazmasıdır. “Nəsimi” təxəllüsü ilə şeirlər yazan bəzi şairlərin əsərləri yanlış olaraq Nəsimi divanına daxil edilmişdir. “Nəsimi” təxəllüslü şairlər problemi hələ də tədqiqatçıları düşündürməkdədir.

Osmanlı müəllifi Qəstəmonulu Lətifi (1491-1582) 1546-cı ildə tamamladığı təzkirəsində barəsində “Heyrəti-rəhmətullah” sözlərini deyərək Heyrətinin artıq vəfat etdiyini, sağlığında dərvişməşrəb (dərvişxasiyyət) və cəfəriməzhəb (şiə) olduğunu, ömrünün sonlarında gözlərinin tutulduğunu məlumat verir. Bundan başqa, Lətifi şairin məzarının ziyarətgahına çevrildiyini, onun sadə dillə yazdığı aşiqanə şeirlərinin xalq içində məşhur olduğunu xəbər vermişdir.

Heyrətinin divanındakı şeirlərdə onun dərviş xasiyyətli, şiəməzhəb şair olduğu barədə deyilənlər təsdiqlənir.

Tədqiqatçıların fikrincə, o, əvvəlcə gülşəni, sonra isə bəktaşi təriqətinə mənsub olub. Heyrəti əsərlərində özünü dərviş, Rum abdalı, Həzrət Əlinin qulu adlandırır. Şairin divanından bəzi nümunələr gətirək:

Hər gəda bir yadi-şahə bəndə olmuşdur, vəli

Biz də Rum əbdaliyüz, bizüm Əlidür şahimiz…

Bir fəqiri-məskənət torpağıdır məskən bizə,

Biz gədayüz, Heyrəti, dərvişlikdür cahimüz.

lll

Ol dəstgiri, qaldı ayaqlarda Heyrəti,

Şahim Əlidür, eylə mürüvvət, zamanıdır.

lll

Qoməsin Heyrətiyi ayaqda,

Şahi-Düldülsəvarə bilürəyin.

lll

Heyrəti, gör bəngi bir abdali-yekrəngəm bu gün,

Göz yumub ağü qarasından cahanın fariğəm.

Şairin özünü abdali-yekrəng adlandırması diqqəti cəlb edir. Yekrəng olmaq Tanrının varlığında özünü, cismani varlığını yox etmək, onun rənginə bürünmək deməkdir.

Nümunə gətirilən misralardan Heyrətinin şiəməzhəb, eyni zamanda, təriqət şairi olduğu görünür.

Şeirlərindən birində “Xümxaneyi-vəhdətdə tənü can dilədim, cana” deyən şair dünyanı vəhdəti-vücud fəlsəfəsi baxımından dərk etdiyini bildirməkdədir. Başqa bir şeirində “Mən ədən mülkini bir guşeyi-vəhdət bilürəm” deyən şair cənnəti təsəvvüf əhlinin təsəvvüründəki vəhdətin bir guşəsi olaraq gördüyünü idda edir.

Beytlərindən birində Heyrəti qürbətdə yaşadığını, geriyə, Əcəm mülkünə qayıtmaq istədiyini deyir:

Zəf ilə bu qürbətdə əcəb necolu halım,

Qalmadı Əcəm mülkinə varmağa macalım.

Məlum olduğu kimi, orta əsrlərdə Əcəm dedikdə, İran və Azərbaycan başa düşülürdü. Bu fakta əsaslanaraq şairin əslən Azərbaycan türkü olduğunu, sonradan naməlum səbəbdən məkanını dəyişdiyini ehtimal etmək olar. Onun şeirlərinin Azərbaycan türkcəsinə yaxın bir dildə yazılması bu ehtimalı daha da gücləndirir.

Divandakı şeirlərdən birindən, həmçinin, bəlli olur ki, Heyrəti indiki Makedoniyanın paytaxtı Üsküp (Skopye) şəhərində, Vardar çayının sahilində yaşamışdır:

Heyrətinin başına Üsküb şəhrin dar edən,

Gözlərim yaşını Vardar etmə, şahim, getməgil.

Bu, Əlişir Nəvainin timsalında Şərqdə Orta Asiyanı, Qərbdə Balkan yarımadasını əhatə edən Nəsimi ədəbi təsirinin geniş miqyasını daha bariz şəkildə təsəvvür etməyimizə yardım edir. Heyrətinin 1534-cü ildə vəfat etməsi barədə məlumatımız vardır. Qeyd etdiyimiz kimi, Heyrəti hürufi olmayıb, lakin Nəsiminin təsiri ilə bir sıra şeirlər yazıb. Nəsiminin ardınca Heyrəti də “Gəlür”, “Ancaq”, “Yox”, “Gərək”, “İmiş”, “Bu gün”, “Eylədün”, “Kibi”, “Etdi” və sair rədifli qəzəllər yazmışdır. Bundan başqa, şairin işlətdiyi obraz və məcazlarda Nəsiminin təsiri aydın görünür. Məlum olduğu kimi, hürufilər, o cümlədən, Nəsimi şeirlərində insan surətində Tanrının, Quranın təcəlli etdiyinə inanır, bu səbəbdən insanın müqəddəs varlıq olduğunu iddia edirdilər. “Sərkeş” rədifli qəzəlində Heyrəti sufilərin insan surətinə səcdə etməsindən danışır. “Etdün” rədifli qəzəlində Heyrəti gözəlin-insanın üzündə ayəti-Həqqin-Quran ayələrinin təcəlli etdiyini deyir. Şair bu şeirdə Nəsimi və digər hürufilər kimi ərəb əlifbasının hərflərindən bədii obraz yaratmaq üçün istifadə etmişdir.

Ey yüzi ayəti-Həqq, yenə nə əfsun etdün,

Ani-vəhdətdə əlif qamətimi nun etdün.

Bir əlif çəkmiş idim yaninə, bir dağ urdun,

Yenə dil dərdini, cana, bir ikən on etdün.

Bəlli olduğu kimi, Nəsimi türkdilli Azərbaycan poeziyasında divan şeiri qəlbində fəlsəfi fikri ifadə edən mütəfəkkir şair olmuşdur. Onun ardıcılı olan Heyrətinin şeirlərində də fəlsəfi fikirlərin əksini tapdığını görürük. Şairin divanındakı birinci şeiri, “Nədəndür” rədifli iyirmi altı beytlik qəzəli kainatın, dünyanın yaranması səbəblərinə, quruluşuna, insan cəmiyyətindəki qeyri-bərabərliyə aid suallardan ibarətdir:

Əcəb aləmdə bu qovğa nədəndür?

Bu hayü huyü bu evya nədəndür?

Başında sufinin qarə əmamə,

Bənüm başımda bu sevda nədəndür?

Dilində kiminün nəqşi-təranə,

Kiminün ahü vaveyla, nədəndür?

Kimisi bir palasi-köhnə bulmaz,

Libası kiminin diba nədəndür?

Kimi dünyəvü üqbadan mübərra,

Kimisi talibi-dünya, nədəndür?

Kimi seyyid, kimi Mənsuri-bərdar,

Kimi Keyxosrovü Dara, nədəndür?

Be hər bir zərrəyə qılsan tamaşa.

Görərsən bir günəş, aya, nədəndür?

Və leykən Heyrətini heyrət almış,

Biləməz əslini, əsla nədəndür? .

Klassik poeziyada, təsəvvüf ədəbiyyatında, hürufi şairlərin yaradıcılığında 922-ci ildə Bağdadda şəriət alimlərinin fitvası ilə amansızcasına qətlə yetirilən Həllac Mənsur əqidəsi, eşqi, Haqqa məhəbbəti uğrunda şəhid olmuş təmənnasız, fədakar aşiqin rəmzinə çevrilmişdir. Həllac Mənsurun obrazı xüsusilə Nəsiminin şeirlərində müqəddəsləşdirilmiş, əbədiləşdirilmişdir. Bu təsəvvüf şəhidi nə qədər şairin ilham mənbəyinə çevrilsə də, tədqiqatçıların göstərdiyi kimi, poeziyamızda onun fədakar aşiqliyini Nəsimi qədər mədh edən olmamışdır. Heyrəti də onun ardınca Nəsimi qədər coşğun bir ehtirasla olmasa da, ayrı-ayrı şeirlərində Mənsurun eşqi yolundakı fədakarlığını yad etmişdir:

Ey soran əhvali-eşqi bəndən axır mubəmu,

Kimsəni oda yakarlar, kimsəni bərdar olur.

Burada eşqi yolunda bərdar olandan, dara çəkiləndən danışan şair Mənsur Həllacı xatırlamaqdadır.

Nəsiminin ardınca Heyrəti də şeirlərində Mənsur kimi, zahiri, cismani aləmdə yox olub, batini, mənəvi aləmdə var olan aşiqin fədakar eşqini təbliğ edir. Bu eşqin ən böyük mükafatı öz mənliyindən keçib Tanrıya qovuşmaqdan ibarətdir. Əsl aşiq qarşısına çıxan bütün çətinliklərə dözərək kamillik yolu ilə getməlidir:

Daği-nari-hicrə həmpəhlu, fəğanə həmnəfəs,

Ahə həmdəm, dərdə yar olmaq dilərsən, aşiq ol.

Yer edüb gül kibi yaşı üzrə əhli-dillərin,

Cahilün gözinə xar olmaq dilərsən, aşiq ol.

Mülki-surətdə edüb yoğə bərabər kəndini,

Aləmi-mənidə var olmaq dilərsən, aşiq ol.

Düşübən, ey Heyrəti, vadilərə manəndi-ab,

Şövqi-didar ilə var olmaq dilərsən, aşiq ol.

Heyrətinin elə şeirləri var ki, rədif və qafiyələrdə oxşarlıq olmasa da, fikrin ifadə tərzi və müəllifin oxucuya müraciət ədasında, emosionallıqda, coşğunluqda Nəsimi təsiri nəzərə çarpır. Onun “Əsiriyüz”, “Görünməz”, “Yok” kimi şeirlərini dediyimizə nümunə gətirə bilərik.

Heyrəti şeirlərində böyük özbək şairi Əlişir Nəvainin təsirini də görə bilərik. O, Nəvainin “Tut” rədifli qəzəlinə iki, “Bəhs” rədifli qəzəlinə bir nəzirə yazmışdır. Şairin yaşadığı dövr – XVI əsrin əvvəlləri elə bir dövr idi ki, bu zaman hələ Füzuli nüfuzu geniş yayılmaq imkanı əldə etməmiş, Nəsimi ilə bərabər Nəvai təsiri türk şairlərinin yaradıcılığında geniş yayılmışdı. Hətta XVI əsr müəllifi Lətifi, bir sıra başqa təzkirəçilər Füzulini Nəvai üslubunda yazan şair kimi dəyərləndirirdilər. Təzkirəsində Füzulini öz müasiri adlandıran Lətifi yazırdı: “Bu dövr şüərasındandır. Nəvai tərzinə qərib bir tərzi-dilfirib və üslubi-əcibi vardır. Tərzində məbdə və təriqində müxtəredir” (4, s.65). Göründüyü kimi, son cümləsində Lətifi, tərzində məbdə (ibtidasını qoyan – P.Ə.), təriqində (yaradıcılıq yolunda – P.Ə.) müxtəre (ixtiraçı-P.Ə.) olan Füzulinin yenilikçi, orijinal sənətkar olduğunu etiraf etmişdir.

Nəsimidə olduğu kimi, Heyrəti əsərləri arasında da kifayət qədər dünyəvi eşqi, real, konkret gözəli vəsf edən şeirlər vardır. Şair sadə, danışıq dilinə yaxın bir dillə sevgilisi tərəfindən rədd edildiyini belə etiraf edir:

Ol gözəllər padişahı rədd edər bən bəndəsin,

Sayə kibi yerlərə saldı yenə əfkəndəsin.

Kimə yanım, yakılım, bilməm əlindən, ey fəraq,

Adəmin canın yakar bir atəşi-suzəndəsin.

Göz görə sənsiz şəbi-tar oldu ruzi-rövşənim,

Qəndəsin, ey afitabi-aləmara, qəndəsin.

Heyrətinin şeirləri Nəsimi, Nəvai əsərləri ilə səsləşməsi, dilinin sadəliyi, Azərbaycan türkcəsinə yaxınlığı, obrazlarının orijinallığı, deyim tərzinin emosionallığı və bir sıra digər cəhətləri ilə diqqəti cəlb edir. Onun əslən Azərbaycan türkü olub-olmadığının araşdırılması gələcək tədqiqatların mövzusu olmalıdır. Heç şübhəsiz, Azərbaycan ədəbiyyatının, Nəsimi poeziyasının təsir dairəsini daha hərtərəfli öyrənmək baxımından Heyrətinin şeirləri böyük maraq kəsb edir. Şairin bir neçə qəzəlini diqqətə çatdırırıq.

Könlümü yıkdın bənüm, ey yar, netdüm bən sana?

Eylədün candan bəni bizar, netdüm bən sana?

Ahi-suzla tatlı canımdan usandırdın bəni,

Söylə, lütf et, ey şəkərgöftar, netdüm bən sana?

Su kibi yüz sürmədən qeyri ayağın tozinə,

Toğru de, ey sərvi-xoşrəftar, netdüm bən sana?

Əlimi surdum daməni-pakunə, yoxsa xarvəş,

Ey ləbi qönçə, yüzi gülzar, netdüm bən sana

Xatir incitmək əcəb mərdümlük, adəmlikmidür.

Ey mələkmənzər, pərirüxsar, netdüm bən sana?

Heç düşərmi şanunə böylə münafiqlik sənün,

Andən , ey əğyar, vay tərrar, netdüm bən sana?

Heyrətiyəm, sevdigümdən qeyri heç bir vəch ilə,

Nə suçum, ya nə günahım var, netdüm bən sana?

lll

Ey xacə, sanma sən bizi şəhvət əsiriyüz,

Didari-Həqq, eşqü məhəbbət əsiriyüz.

Sübhi-səfa kibi nola olsaq güşadədil,

Sadiqlərüz cəhanda, sədaqət əsiriyüz.

Azadəlik vilayətinün padşahiyüz,

Biz xanədani-şahi-vilayət əsiriyüz.

Baş əgməzüz irərsə gögə başı cahilün,

Ar qılur əfəndi, zərafət əsiriyüz.

Ey Heyrəti, ayaq tozu bir qaç gədalərüz,

Biz sanma bu fənadə rəyasət əsiriyüz.

lll

Neçə gündür ki, dildarum görünməz,

Bütün gün ağlaram, yarım görünməz.

Xəzan oldu yenə baği-dili-can,

Nihali-xub rəftarum görünməz.

Dila, zar ol ki, bir xeyli zamandur,

Bənüm yari-dilazarum görünməz.

Olubdur varlığımla yoxluğum bir,

Cəhanda olalı varum görünməz.

Fəğan et, Heyrəti, daim çü bülbül,

Qəti ol yüzi gülzarum görünməz.

lll

Yenə yarumdan ayru düşdüm bən,

Qəmküsarumdan ayru düşdüm bən.

Tərk edüb şəhri-yarı, yoldaşlar,

Şəhriyarumdan ayru düşdüm bən.

Bən niyaz eylədükcə nazedici

Şivəkarumdan ayru düşdüm bən.

Aşiqanə qiya-qıya baxıcı,

Qəmzəkarumdan ayru düşdüm bən.

Şövq ilə Heyrətiyi bülbül edən,

Gülüzarumdan ayru düşdüm bən.

Paşa Əlioğlu

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini

 

Həmçinin yoxlayın

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Molla rejimi Təbrizli gənc qızı ETTELAAT-a çağırdıqdan sonra o intiha edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus …

Bir cavab yazın