Bazar ertəsi , Mart 8 2021
azfa

Ramiyyə ƏKBƏROVA: İlin ən uzun gecəsi – Çillə gecəsi

Hər hansı bir xalqın tarixi keçmişinin, xüsusən mənəvi mədəniyyətinin öyrənilməsində təqvimlə bağlı adətlər və mərasimlər mühüm əhəmiyyət kəsb edir. Bunlar arasında qış adət və mərasimləri xüsusi yer tutur.

Çillə gecəsi qışın başlandığı gün kimi qeyd olunur, dekabrın 20-nə, yaxud 21-nə təsadüf edir. Çillə gecəsinə gələn yola qısa nəzər salsaq görərik ki, əslində, qışa ilk hazırlıq tədbirləri el arasında “Qoçqarışan” (oktyabr ayına təsadüf edir) deyilən vaxtdan başlayır. Havalar yavaş-yavaş soyuyur, uca dağlara ilk qar ­düşür. Bu, “Qoç boranı” adlanır. Hazırda “Qoçqarışan” nənə-babalarımızın vaxtındakı kimi çox geniş şəkildə, təntənə ilə qeyd edilməsə də, bəzi yerlərdə yenə də həmin gün əvvəlcədən seçilmiş və müəyyənləşmiş qoçlar bəzədilir və sürüyə buraxılır. Camaat çobanın görüşünə gedir, o isə çələvərdə – daş üstündə bişirdiyi fətirlə onları qarşılayır. Qoçları bəsləyən çobanlara hədiyyələr verilir. Qoçun bu dövrdə sürüyə qatılması dölün yazın əvvəllərində başlanmasına səbəb olur, doğulmuş quzular şaxta və borana düşmür. Onların ağzı ota dəyənə, yəni ot yeyənə qədər isə hər tərəf yaşıllığa bürünür.

Hələ də bəzi kəndlərimizdə “Qoçqarışan”da qışın necə olacağını təyin etmək adəti də qalır. Bu zaman qoç sürüdən kənarda saxlanılır və müşahidə aparılır: əgər sürüdən ağ qoyun ayrılıb gəlsə, qış qarlı, ala qoyun gəlsə, az qarlı, qara qoyun gəlsə, qarsız olacaq inamı vardır.

“Naxırqoyan”

Qışla bağlı təqvimdə “Naxırqoyan” da var ki, bu mərasim payızın son həftələrində qaramalın tövləyə qatılması, otlağa buraxılmaması ilə başlayır. “Naxırqoyan” torpağın yavaş-yavaş donmasına təsadüf edir. Buna qədər hamı çalışır ki, qış hazır­lığını başa çatdırsın: qovurma, yağ, pendir, əriştə, yarma, müxtəlif çərəzlərlə yanaşı, təndir-ocaq üçün yanacaq, mal-heyvan üçün yem tədarükü görsün. Belə olan halda ailə qışda heç bir çətinliklə rastlaşmaz. Soyuqlar ki düşdü, kənd yerlərində təsərrüfat işləri sona çatır və ailədə əsas qüvvə sayılan kişilərin qış istirahəti başlanır. Qohum-qonşular, doğmalar, əzizlər bir yerə yığılar, isti sobanın ətrafında umaclı, ələyəzli, əvəlikli aş yeyər, pürrəngi çay içə-içə keçmişdən, gələcəkdən danışarlar. Qadınlar da ki, boş vaxtlarını xalça, palaz, cecim, kilim toxumağa sərf edərlər. Ustad Şəhriyar demişkən:

Qış gecəsi tövlələrin otağı,

Kəndlilərin oturağı, yatağı,

Buxarıda yanar odun yanağı,

Kəndi basar gülüb-danışmaq səsi…

Xalqımızın ən qədim bayramı olan Novruz kimi, Çillə gecəsi də ulu elimizin yaddaşında, məişətimizdə, adət-ənənələrimizdə əzizlənə-əzizlənə, sevilə-sevilə qorunaraq bu günümüzə gəlib çatmışdır.

Çillə gecəsi bayramında tonqallar qalanar, uşaqlı-böyüklü hamı tonqalın ətrafına toplaşıb şadlıq edər, odun üstündən tullanarlar. Həmin gün nişanlı qızlar, təzə gəlinlər hasar dalından boylanaraq Çillə payı gözləyərlər. Gözlər ata ocağına dikilər. Bir əlində Çillə qarpızı, o biri əlində şirinli-şəkərli bağlama tutmuş oğlan evinin adamları nişanlı qıza, ata ocağının adamları isə təzə gəlinə Çillə payı apararlar. Neçə-neçə ocağa şadlıq qonar, qız-gəlinlər nəğmə deyərək Çilləni salamlayarlar. Sinədəftər sandıqçalı nənələr nə vaxtsa onlara gətirilən ilk Çillə sovqatını yada salıb kövrələr, uşaqlar sevincindən atılıb-düşərlər.

Göründüyü kimi, dünyanın bir sıra xalqlarından fərqli olaraq, Azərbaycanda qış ta qədimdən daha təntənəli qarşılanmışdır. Qışın ilk axşamı olan Çillə gecəsi üçün əvvəlcədən hazırlıq görülür, hələ payızın orta ayından Çillə qarpızı seçilib, küləşin içində saxlanılır. İnanclara görə qarpız bolluq, yaşıllıq rəmzidir. Yəni yaz-yay aylarında yığıb-yığışdırdıqlarına, tədarük gördüklərinə görə qışı bolluqla qarşılayar və yaşıl yazı səbirsizliklə gözləyərlər. Qarpızı Günəşin atributu hesab edənlər də var. Qeyd olunduğu kimi, Çillə gecəsi nişanlı qızlara, təzə gəlinlərə, yaxın qohumlara aparılan ən əziz sovqat Çillə qarpızıdır:

Bu qarpız, Çillə qarpız,

Düşübdü dilə qarpız,

Yığılıb xurcunlara,

Gəlib yargilə qarpız.

 

Bu qarpız, ala qarpız,

Bürünüb şala qarpız,

Qoy bolluq olsun, gərək

Novruza qala qarpız.

 

Ənənəvi qış evləri

 

Vaxtilə “Qara dam”, “Külfət evi”, “Təndir evi”, “Əvdamı” deyilən xüsusi qış evləri olardı. Həmin evlər çillələrə qədər, əsasən, keçə xalçalarla döşənib hazırlanar, mütəkkələr, döşəkçələr, yastıqlar düzülərdi. Evin ortasındakı təndirin üzərində kürsü qurulardı.

Çillələr “bacı”dırlar

Digər fəsillərə aid tam bölgü olmasa da, qışın bölgü sistemi məlumdur. Qədim xalq adətlərinə görə, qış aylara deyil, çillələrə bölünür. Qışın birinci qırx günü Böyük Çillə, sonrakı iyirmi günü Kiçik Çillə, axırıncı bir ayı Çilləbeçə adlanır. Çilləbeçəyə “Boz ay” da deyirlər. Belə rəvayət eləyirlər ki, çillələr bacıdırlar. Böyük Çillə deyir: “Mal-qaranı tövləyə qatacam, suların üzünü donduracam, qış ruzisinin bir hissəsini işlədəcəm”. Kiçik Çillə deyir: “Mən çayları dibindən donduracam, tayaları söküb-dağıdacam, küplərdən yağı, qovurmanı, unluqlardan unu silib-süpürəcəm. Amma heyif ki, ömrüm azdır”. Çilləbeçə isə deyir ki, mən bayram ayıyam. Bu ayda bənövşələr, novruzgülləri açacaq, qaranquşlar, durnalar, leyləklər gələcək.

Artıq tayaları töküb-dağıdan, küpə-gülövüzün dibinə əl atan, unluqları boşaldan, çöllərə, zəmilərə bolluq, bərəkət qarı gətirən, isti kürsülü, nağıllı, meyli-məzəli, iydəli-mövüclü, bəyaz donlu, ayazlı qışın pişvazına çıxmışıq. Nə qədər sərt olsa da, qışdan qorxumuz yoxdur. Ulular demişkən, üzü yazadır. Gəlin qışı hörmətlə qarşılayıb, uğurla yola salaq. Bundan sonra hər birimizi al Günəşli, bənövşəli-nərgizli Novruz gözləyir. Çillə bayramı, payızın son, qışınsa ilk gecəsi gəlir. Süfrənizə bolluq, yaşıllıq rəmzi olan qarpız qoyun. Qoy evin ağsaqqalı, ağbirçəyi Çillə qarpızını kəssin, hamıya ağız şirinliyi, könül xoşluğu arzulasın. Gəlin qışı ayın-şayın qarşılayıb, uğurla da yola salaq. Buludunuz yağar, suyunuz axar, ocağınız yanar, arzularınız çin, Çillə bayramınınız mübarək olsun.

 

Şərq qapısından

Həmçinin yoxlayın

Türkiyədən ABŞ-la ixtilaflı məsələlərə şərh

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Türkiyənin Rusiyadan aldığı “S-400″ zenit-raket sistemləri NATO müdafiə …

Uyğur Qadınları İstanbulda Çinin soyqırım siyasətinə qarşı etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Türküstandan 200-ə yaxın qadın Beynəlxalq Qadınlar Günündə …

Bir cavab yazın