GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Mərənd şəhərindən olan bir qrup azərbaycanlı milli-mədəni fəal Ərdəbil şəhərinə gedərək tanınmış azərbaycanlı fəalı, keçmiş siyasi məhbus Abbas Lisani ilə görüşüblər.
Ana dili uğrunda fəaliyyətinə görə uzun müddət həbsdə olan Əlirza Fərşi də görüşdə iştirak edib.
Görüşə gedən azərbaycanlı fəallar Abbas Lisani ilə Azərbaycanın müxtəlif məsələlərini müzakirə edərək, mmüxtəlif sahələr üzrə fikir mübadiləsi aparıblar.
Görüşdə Əlirza Fərşi Mərənd bölgəsində siyasi, iqtisadi, ictimai və mədəni məsələlər barədə danışıb: “Biz dövlət məmurlarının davranışlarına biganə qalmamalı, hakim olan zülm və korrupsiya qarşısında susmamalı, hökumət məmurlarını tənqid edərək bütün şəhər və kəndlərdə iqtisadi, sosial və siyasi sahələrdə fəal olmalıyıq”.
Görüşdə Abbas Lisani qonaqların müxtəlif məsələlərlə bağlı suallarını cavablandırıb: “Azərbaycan milli hərəkatının mübarizə illərində vicdanlı və sarsılmaz fəallar arasında möhkəm birlik yaranıb”.
Abbas bəy bir sıra problemlərin olduğunu təbii sayıb, bəzi hallarda əsas amaldan, yoldan qırağa çıxanların olduğuna baxmayaraq, hərəkatın ümumi vəziyyətinin yaxşılığıa doğru irəlilədiyini bildirib. O deyib: “Milli hərəkat fəalları bəzi qrup və şəxslərlə, o cümlədən, öz fəaliyyətsizliklərini əsaslandırmaq üçün zaman-zaman bəhanələr uyduran, varlığını ifadə etmək üçün reduksionist baxışla Azərbaycan millətinin bütün nailiyyətlərini şübhə altına alan passiv, lakin iddialı şəxslərlə eyni yolda deyil. Azərbaycanın sədaqətli milli fəalları təhlükəsizlik qüvvələrinin tələsinə düşərək gülünc üsullarla milli hərəkatda problem yaratmaq, onu yolundan çaşdırmaq üçün hər fürsətdən istifadə edən və bunun üçün heç bir əxlaqsız hərəkətdən çəkinməyən ünsürlərdən uzaq durmalıdırlar”.
Abbas Lisani azərbaycanlıların mayın 20-də Berlində keçirəcəkləri yürüşlə bağlı da fikirlərini bölüşüb və aksiyaya dəstək verməyə çağıraraq, zülm altında olan Güney Azərbaycanın və millətimizin dünyaya tanıtdırılmasında belə nümayiş və aksiyaların zəruriliyini vurğulayıb. Abbas Lisani dünyanın müxtəlif şəhərlərində azərbaycanlıların mövcud potansialdan maksimum istifadə edərək belə aksiyalar keçirməyi və azərbaycanllarının həqiqi gücünü göstərməyi tövsiyə edib.
Abbas Lisani həmçinin deyib: “Həmçinin 2006-cı ilin mayında böyük Azərbaycan xalqının qiyamının ildönümünə dəstək məqsədilə Berlin şəhərində “Azadlıq, Ədalət, Milli hökumət” şüarı ilə 20 may çağırışı öz müsbət təsirini ikiqat artıracaq. Bu işimizlə Güney Azərbaycanlı fəalların beynəlxalq aləmdə insan haqları sahəsində fəaliyyətlərinin təkmilləşməsini dəstəkləmiş olacayıq. Şübhəsiz ki, Berlindəki nümayiş, 25 mart Brüssel nümayişi kimi, bütün milli fəalların dəstəyi ilə müşayiət olunacaq”.